REAL funksioneri: “YAP-dan gözəl seçki gözləmirik“

REAL funksioneri: “YAP-dan gözəl seçki gözləmirik“ 

“Biz oturub YAP-dan, hakimiyyətdən gözəl seçki mühiti gözləyən, buna inanan siyasi təşkilatlardan deyilik, inanırıq ki, seçkinin şəffaf, doğru-düzgün keçirilməsində cəmiyyətin, seçicinin, vətəndaşın, müxalifətin də əməyi, payı, inadı, israrı, fəaliyyəti olmalıdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

“REAL Partiyası olaraq ölkədə seçki mövzusunu həmişə diqqətdə saxlayırıq, məmləkətdə pozitiv dəyişikliklərin seçki dalğası fonunda, seçkilər vasitəsi ilə həyata keçirilməsinə inanan, bunun üçün çalışan təşkilatıq. Qanunların bizə verdiyi imkanlardan sonuna qədər istifadə edərək 36 DSK-da öz nümayəndəmizi təyin etdik, bu dairələrin 9-da katiblik də qazandıq. İndi növbəti mərhələyə start veririk. Məntəqə seçki komissiyalarında 1000-ə yaxın üzv təyin etmək hüququmuz var. Qanunlara görə məntəqə seçki komissiyasının üzvləri də partiyanın rəsmi üzvü olmamalıdır, amma bizim təqdimatla təyin edilməlidir.

Ona görə də bütün vətəndaş cəmiyyətinə, aktiv vətəndaşlara, seçkidə müşahidəçi olmaq istəyən, bu günə qədər fəaliyyətimizi tənqid edən, amma seçki institutunun vacibliyinə inanan hər kəsə müraciət edirik, qeydiyyatdan keçin, məntəqə seçki komissiyalarına üzv olmaq istəyinizi bildirin, biz hər müraciət edən aktiv vətəndaşı komissiya üzvlüyünə təqdim etməyə hazırıq.

Deyinmək zamanı keçdi, indi iş görmək, seçki hüququmuzu özümüzə qaytarmaq zamanıdır!”,-deyə siyasətçi bildirib. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi