“Rusları sülhməramlı kimi qəbul etmirəm” - Deputatdan ETİRAZ

“Rusları sülhməramlı kimi qəbul etmirəm” - Deputatdan ETİRAZ 

“Ermənilərin Azərbaycan ərazilərinə qarşı təxribatları getdikcə artır. Bu təxribatlar Azərbaycan-Ermənistan sərhədindən daha çox ərazimizdə olan seperatçı qüvvələrin, həmçinin sülhməramlıların nəzarətində olan ərazilərdə baş verir.

Bu hadisələrin fonunda yeni proseslərin başlayacağı istisna olunmur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov ermənilərin növbəti dəfə Şuşa istiqamətində Azərbaycan mövqelərini atəşə tutması barədə danışarkən deyib.

Elman Məmmədov Ermənistanın qanunsuz addımlarının ağır nəticələnə biləcəyini bildirib:

“Ermənistanın son günlər Azərbaycan mövqelərini atəşə tutması fonunda müəmmalı, düşündürücü məqamlar ortaya çıxır. Hazırda Azərbaycan ərazisində erməni seperatçı qüvvələrin qalıqları və onun tabeliyində olan keçmiş Dağlıq Qarabağın terrorçu quldur dəstəsi, həmçinin Ermənistan ordusunun müəyyən qədər silahlı birləşmələri var. Həmin ərazilərə də sülhməramlılar nəzarət edir. O ərazilərdən atəş açılırsa, təxribatlar baş verirsə, demək bu, sülhməramlıların gözü qarşısında olur. Belə fikir yaranır ki, ya bu təxribatları sülhməramlılar təşkil edir, ya da öz vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər. Haqlı olaraq bizdə fikir yaranır ki, sülhməramlılar ərazimizdə cinayətkar dəstələrinin fəaliyyətinin təminatı ilə məşğul olurlar. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir, qanunlara qarşı hörmətsizlikdir. Bu halda, Azərbaycan həm öz qanunlarına, həm də beynəlxalq hüquqlara istinad edərək, ərazisini qeyri-qanunu silahlı birləşmələrdən, terrorçulardan təmizləməlidir. Artıq Ermənistan Azərbaycana başqa çıxış yolu buraxmadı. Ərazilərimizdə anti-terror əməliyyatı başlamalıdır. Keçən müddət ərzində proseslərin davamını təmkinlə gözlədik. Artıq Ermənistan üçün təhlükəli dövr başlaya bilər”.

Deputat Rusiya Müdafiə Nazirliyinin təxribatla bağlı açıqlamasına da münasibət bildirərək, bu ölkənin münasibətlərdə səmimi olmadığını vurğulayıb:

“Mənim bu fikirlərim kimlərinsə xoşuna gəlməyə bilər, amma biz tarixə nəzər salsaq görərik ki, Rusiya Çar Rusiyası, istər Sovet İttifaqı, istərsə də hazırkı Rusiya Federasiyası dövründə - tarixin heç bir dövründə səmimi olmayıb. Bu dövlət dünyanın heç bir ölkəsində ədalətli sülhməramlılıq rolunu oynamayıb. Rusiya tarixinin bütün dövrlərində işğalçılıq siyasəti həyata keçirib. Onlar heç vaxt tərəfsiz mövqe tutmayıb, tuta bilməyiblər. Bu gün də bizim ərazimizdə sülhməramlı kimi yerləşən ruslar orda ermənilərin məskunlaşması ilə məşğuldur. Sülhməramlılar ermənilərin təhlükəsizliyinin təminatını təşkil edir. Mən rusları sülhməramlı kimi qəbul etməmişəm, etmirəm. 250 ildən artıq bir dövrdə tarix Rusiyanın hər cür işğalçılıq niyyətlərini görüb”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi