Sabiqlərin KEFƏ getdiyi cıdır düzünə,vətən oğulları şəhid olmağa getmişdilər

Sabiqlərin KEFƏ getdiyi cıdır düzünə,vətən oğulları şəhid olmağa getmişdilər -Qarayevlə Məmmədyarovu Şuşaya aparan "vətən sevgisi"

Bu gün demək olar, bütün saytlarda və sosial şəbəkələrdə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin Cıdır düzündəki görüntüləri yayımlanıb.

Kadrlardan görünür ki, ikisinin də necə deyərlər, maşallah, kefi kök, damağı çağ...

Türkiyədən - Bursa və Ankara şəhərlərindən Şuşaya gələn Türkiyə nümayəndə heyətinə təqdim edilən sabiq nazirlərə türkiyəli qonaqların maraq, hörmət dolu səmimi münasibətini anlamaq asandır.

Onlar nə bilsinlər ki, bu nazirlər onların bildiyi əksər türkiyəli nazirlərdən deyil.

Nə bilsinlər ki, onların hər birinin “nazir keçmişi” talanan onlarla milyon dövlət vəsaiti, korrupsiya, rüşvət faktları ilə zəngindir.

Nə bilsinlər ki, onları bu cür yerlərə çəkib gətirən hislər sırasında vətən, torpaq, Qarabağ sevgisi ən son yerlərdədir.

Çünki gerçəkdən vətən sevən olsaydılar, heç də dünyanın ən imkanlı, varlı, sosial təminatlı xalqı olmayan bir xalqın sərvətinə, bərəkətinə, büdcəsinə qənim kəsilməzdilər, onu talamazdılar...

Türkiyəli qonaqlar haradan bilsinlər ki, bu sabiq nazirlərin hər ikisinin rəhbərlik etdikləri nazirliklərdə DTX əməliyyat keçirəndən sonra külli miqdarda büdcə talançılığı, korrupsiya, rüşvət faktları aşkarlanıb. Hər iki nazirlikdə yüksək rütbəli məmurlar, idarə rəisləri, birində isə hətta nazir müavini həbs olunub.

Onlar milyonlarla, on milyonlarla dövlət vəsaitinin “tenderlər”, müxtəlif maliyyə maxinasiyaları və korrupsiya yolu ilə taladıqlarını etiraf ediblər. Azərbaycan reallığından az-çox xəbəri olanlar bu cür cinayətlərin nazirin nəzərindən kənar baş verməsinin mümkünsüz olduğunu, əksinə, məhz onun xeyir-duası ilə baş verdiyini gözəl bilirlər.

Azərbaycan reallığı həm də odur ki, bir nazirliyin az qala yarısı koprrupsiya, rüşvət, talançılıq maddələrilə qısa müddətə də olsa “içəri salınır”, amma nazirlər bu “qovğadan” “aydan-arı, sudan duru” çıxa bilirlər. Onların ən ağır cəzaları isə uzağı vəzifələrindən atılmalarıdır. Sonra da istədikləri yerə gedir, öz bizneslərilə, mülklərilə, var-dövlətlərilə məşğul olurlar. Və heç bir mənəvi diskomfort hissi keçirmədən, əksinə, fəxrlə Cıdır düzünə, Şuşaya qədər gedirlər, oralarda “poz verirlər”. Guya vətəni, torpağı, Qarabağı sevirlər...


Ölkənin ən həlledici, taleyüklü, məsuliyyətli günlərində “evdən işləyən” Məmmədyarov necə “vətənsevərdirsə”, özü 16 il bu ölkənin naziri olsa da, hər iki oğlu illərdir ABŞ-də, özü də milyonlarla dollar qiyməti olan evlərdə yaşayır, nə orduya qatılıblar, nə də Qarabağ uğrunda döyüşüblər. Budur Azərbaycan, Qarabağ sevgisi?

Əbülfəs Qarayev isə başçılıq etdiyi nazirlikdəki talançılığın, büdcə oğurluğunun miqyasına görə “liderlər” sırasında olub. Məmmədyarovun da nazirliyi ondan geri qalmayıb...

“Vətənpərvərlik” talançılıq, rüşvətxorluq deyil. Belə məmurların sadəcə, “halal işləməsi” kifayət edərdi ki, o torpaqlar uğrunda döyüşənlərin, şəhid olanların, yaralananların da haqqı onlara halal edilsin. Amma nə “halal işləyiblər” nə də o torpaqlarda can qoyanların halallığını alıblar...

Cıdır düzü, Şuşa və digər torpaqlarımız uğrunda döyüşənlərin aldığı 80 manat aylıq pensiya Ə.Qarayevin bəlkə də kepkasının qiymətindən qat-qat aşağıdır. Cıdır düzünə gəzməyə, yaylağa, kefə gedən sabiq nazirlərdən fərqli olaraq, həmin vətəndaşlarımız oralara can verib can almağa, şəhid olmağa getmişdilər...

Normal hüquq-mühafizə, məhkəmə sistemi olan ölkələrdə rəhbərlik etdikləri qurumlarda aşkar olunan və rəsmən təsdiqini tapan korrupsiya, talançılıq faktlarından sonra bu adamlar Cıdır düzündə yox, tamamilə başqa ünvanda olmalı idilər. Odur ki, nə Cıdır düzü onlara yaraşır, nə də onlar Cıdır düzünə...

Cəlal Məmmədov

AzPolitika.info 




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi