Tanınmış jurnalist və QHT sədrindən Anara açıq məktub:

Tanınmış jurnalist və QHT sədrindən Anara açıq məktub: "Biz linqvistik ekspansiya ilə üz-üzəyik"

İctimaiyyətin diqqətini çəkən məsələlərdən biri Azərbaycan ədəbi dili və ondan istifadə qaydalarıdır.

Hazırda televiziyada, radioda, reklam və elanlarda Azərbaycan dilindən istifadədə yol verilən səhvlər, eyni zamanda əcnəbi sözlərdən istifadəyə üstünlük verilməsi də ciddi narazılığa səbəb olur.

Strateq.az xəbər verir ki, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist Vasif Sadıqlı bununla bağlı Yazıçılar Birliyin sədri Anara açıq məktubla müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli Anar müəllim!

Azərbaycanda xalq şairi və yazıçısı, eləcə də Dövlət Dil Komissiyasının üzvləri az deyil.

Əslində, “Formula 1” yarışlarını dövlətçiliyimizin təntənəsi, bayramı elan etməsi ilə yadda qalan xalq şairi Nəriman Həsənzadəyə, “Kitabi-Dədə Qorqud” dastanlarına rişxənd edən, son vaxtlar isə, görəsən, Füzuli “…arvadından başqa kimisə bir kişi kimi arzu edibmi?! Bütün cavanlar kimi, kiməsə gendən baxa-baxa ağzının suyunu axıdıbmı?!” kimi arxivacib məsələlərlə baş sındıran (“Ədəbiyyat qəzeti”, 16 sentyabr 2019) hörmətli akademik, xalq yazıçısı, Dövlət Dil Komissiyasının üzvü Kamal Abdullaya, İctimai Televiziyada “nu”, “vsyo-taki”, “soçinenie”, “massovıy”, “uje” ilə danışan yenə xalq yazıçısı, professor Elmira Axundovaya, xalq yazıçısı, Dövlət Dil Komissiyasının üzvü Elçin Əfəndiyevə, xalq şairi, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlıya da müraciət edə bilərdim. Amma Sizi seçdik. Siz tanınmış insansınız, gözəl yazıçısınız. Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyiniz xidmətlər böyükdür.

Hörmətli Anar müəllim!

Birbaşa mətləbə keçirəm. Bakı işğal olunub – əcnəbi dillər tərəfindən. O gün “Fəvvarələr bağı”ndan Kukla Teatrına kimi uzanan Rəsulzadə küçəsində monitorinq keçirdik. Bu küçədə yerləşən 42 ticarət, ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılıb və bu, şabalıd satılan kiçik bir köşkdür. Rəsulzadə küçəsindən görüntüləri çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Küçə musiqiçiləri də (üç yerdə rast gəldik) ingiliscə, rusca və türkcə mahnılar səsləndirirdi. Vəziyyət bu qədər acınacaqlıdır. Xan qızı Natəvandan utandım. Özünü Bakının ortasında çox qərib hiss edirdi. Çünki ətrafda buranın Azərbaycan olduğunu göstərən heç bir əlamət yox idi. O, “Hotel Bristol”, “Özsüt”, “Hard rock café”, “Salon de the paul restaurant”,“Mongez du pain vous vivrez bien”, “Tantuni köfte”, “Köz Antep”, “Friday”, “Сыроварня, ресторан, “Cырная лавка” yazılarının əhatəsində boynunu bükmüşdü.

Bütün bunlar Sizin – Azərbaycan Yazıçılar Birliyinin sədrinin, Dövlət Dil Komisiyasının sədr müavininin gözləri qarşısında baş verir. Bu, Sizi narahat etmirmi? Əlli milyonluq xalqın ədəbi dilinin Bakının göbəyində yad dillər qarşısında kapitulyasiya aktına qol çəkməsinə necə təhəmmül edirsiniz? Monitorinq zamanı Füzuli küçəsi, Azərbaycan prospekti, Şıxəli Qurbanov küçəsi, 28 May və Şərifzadə küçələrində də eyni vəziyyətlə üzləşdik… Bir sözlə, Bakı işğal olunub…

Hörmətli Anar müəllim!

Bu yaxınlarda dostlarımızdan biri yazmışdı: “Sovet dövründə Bakıda xarici ölkələrin həyatından bəhs edən film çəkiləndə (“Amfibiya adam”) küçələrdəki azərbaycanca lövhələri yığışdırıb əcnəbi dillərdə lövhələr vururmuşlar. Amma bu gün istənilən xarici filmi Bakıda çəkmək lazım gəlsə, bu məqsədlə pul xərcləməyə ehtiyac yoxdur. Əksinə, Bakıda Azərbaycan şəhərini əks etdirməli olan film çəkilərsə, o lövhələr yenilənməlidir”.

Çox haqlıdır. Bir neçə il əvvəl AMEA Dilçilik İnstitutunun əməkdaşları Bakıda, şəhərin mərkəzi hissəsində ədəbi dil normalarına riayət olunmasının monitorinqini keçirmişdilər. Monitorinq iştirakçılarından biri dedi ki, “Torqovı” adlanan Ticarət küçəsində reklamlarda Azərbaycan dilindən istifadə edilməsi ilə bağlı ciddi pozuntular aşkarlayıblar. Bu barədə müvafiq strukturlara məlumat verilib. Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi deyib ki, o obyektlər elə şəxslərə məxsusdur ki, BŞİH onlara təzyiq edə bilməz. 

Heç maraqlanmısınızmı, o obyektlərin Azərbaycan xalqını, onun dilini, qanunlarını saymayan sahibləri kimlərdir? Onlardan qorxursunuzmu? Əgər yetərincə qorxuncdurlarsa, deyin, biz də qorxaq. Təkbaşına qorxmaq sizlərə çətin olar….

Hörmətli Anar müəllim!

Məşhur etnoloq, filosof Klod Levi-Stros yazırdı ki, “…dil eyni zamanda həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Hətta dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”.

Ədəbi dil normalarının kütləvi şəkildə pozulması hallarının qarşısının alınmaması əvvəlcə ictimai məyusluq, ardınca isə dissosiasiya yaradır. Dissosiasiya psixoloji müdafiə mexanizmlərinə aid edilən psixoloji prosesdir. Bu mexanizm işə düşəndə insan öz başına gələnləri bir başqasının başına gəlmiş kimi qəbul edir… Artıq vəziyyət bu həddə çatıb. Biz, faktiki olaraq, linqvistik ekspansiya ilə üz-üzəyik. Bu, sadəcə, ədəbi dil məsələsi deyil. Sanki kimlərsə bizə qarşı məkrli plan qurub və məqsədi xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir.

Bunun qarşısını almaq üçün hansı bir təşəbbüsünüz və ya fəaliyyətiniz olubmu? Axı qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin yad dillərdən qorunması istiqamətində tədbirlər görmək Sizin təkcə hüququnuz yox, AYB sədri və Dövlət Dil Komisiyasının sədr müavini kimi birbaşa vəzifənizdir…

Hörmətli Anar müəllim!

Prezident İlham Əliyev 13 noyabr 2017-ci ildə Dövlət Dil Komissiyasının yeni tərkibini təsdiqləyib. Siz də həmin komissiyanın sədr müavini seçilmisiniz. Sərəncamda deyilir: “Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir”. Eləcə də, qeyd edilir: “Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir”.

Yuxarıda sadalananlar ədəbi dildən düzgün istifadə məsələlərinin nəinki diqqət mərkəzində, heç diqqətin kənarında da saxlanmamasına ən gözəl dəlil deyilmi? Bizim üçün, elə ictimaiyyət üçün də maraqlıdır: Dövlət Dil Komissiyası nə ilə məşğul olur, sonuncu iclası nə vaxt keçirilib, hansı qərar qəbul edilib?

Hörmətli Anar müəllim!

Yaxşı bilirsiniz ki, masiva kateqoriyasından olan hər bir kəsin və şeyin əvvəli və sonu var. Sizin və adını yuxarıda sadaladığım yazıçı və şairlərin ədəbiyyatımız və mədəniyyətimiz üçün etdiklərinizi unutmamağa söz veririk. Amma müstəqillik dövründə Bakının ortasında Azərbaycan ədəbi dilinə divan tutulmasına göz yummaqda davam etsəniz və günlərin birində hansısa birinizi Egey dənizində üzərkən akulalar xırçaxırçla yesə, digəri saunada gözlərini həyata yumsa, üçüncüsü təyyarədə keçinsə və s. bir qırtım üzülməməyə və bir dəqiqə belə sükut etməməyə də söz veririk. Çünki indi susmaq məqamı yox, dillənmək zamanıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi