Tarixi ədalət: erməni faşizminin sonu

Tarixi ədalət: erməni faşizminin sonu 

Erməni tarixçisi C.P.Ağayan 1918-ci ildə Qafqazda ermənilər və Azərbaycan türkləri arasında toqquşmanın baş verməsinə milliyətçi erməni qruplarının səbəb olmasını qeyd edib.

Erməni müəllifi, İrəvanda Dro və polkovnik Pirumyanın başçılığı ilə daşnak ordusunun 1918-ci ilin fevralın 22-də azərbaycanlılara aid olan Uluxanlı kəndini mühasirəyə alaraq atəşə tutduğunu bildirib. Ağayan, ermənilərlə azərbaycanlıların arasında Sürməli, Kəmərli və Dəvəli istiqamətində toqquşmaların olduğunu bildirib. Bundan əlavə, Kuro Tarhanyan və polkovnik Ter-Sarkisyanın əmrində olan daşnak qruplarının bölgənin yerli əhalisi olan azərbaycanlılara qarşı həyasızcasına təcavüz etdiyini qeyd edib. Ağayan, Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımların və vəhşiliklərin tam təsvirini verməsə də, bəzi həqiqətləri öz dili ilə etiraf edib. Qeyd etmək lazımdır ki, Ağayanın əsərində tərəflər arasında baş verən hadisənin toqquşmalar şəklində göstərilməsinə baxmayaraq, əslində yerli kəndlilərə qarşı ağır silahlarla edilən hücumlara türk kəndlilərinin cavab verməsi üçün hər hansı silahlarının olmaması məlumdur.

Ona görə ki, Çar Rusiyasının hərbi dairələri Azərbaycan türklərinin əllərində olan silahları yığaraq həmin insanları erməni faşistlərinin qarşısında müdafiəsiz vəziyyətə salmışdılar. Ermənistanda daşnakların hakimiyyəti dövründə türklərə qarşı qırğının törədiməsi ən səlahiyyətli şəxs tərəfindən də etiraf edilmişdir. Həmin zaman Ermənistanın sabiq Baş naziri olmuş Ovanes Kaçaznuni, “İnzibati üsullarla müsəlman bölgələrində düzən qura bilmədik, silaha sarılmaq, ordu göndərmək, yıxmaq və qırğını törətmək məcburiyyətində qaldıq” – deyərək ermənilər tərəfindən həyata keçirilmiş qətliamları etiraf edib . Sovet Ermənistanının dövlət xadimi olmuş A.Karinyan İğdıra bağlı Sürməli qəzasında müsəlmanlara məxsus kəndlərdə daşnaklar tərəfindən törədilmiş cinayətləri – insanı üsyan etdirməyə vadar edən hadisələr kimi xarakterizə edib. Karinyan, daşnaklar tərəfindən müsəlmanlara məxsus Carbah kəndinin də tamamilə təmizləndiyini qeyd edib . Bu baxımdan onu da qeyd etmək lazımdır ki, Sovet tarixçisi Pavloviç, daşnak hökuməti tərəfindən ölkə daxilində müsəlman əhalisinin sistematik şəkildə öldürülməsinin və ölkə xaricinə məcburən köç etməsinin təmin edilməsinə dair siyasətin həyata keçirildiyini qeyd edib.

 

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ədalət uğrunda Ermənistanla tarix boyu mübarizə aparıb. Tarixə nəzər saldıqda o məqamı qeyd etmək olar ki, 1992-ci ilin sentyabrın 2-də Azərbaycan Ordusu Ermənistana qarşı sürdürdüyü 83 günlük hücumu başa çatdıraraq o vaxt Qarabağın demək olar ki yarısını Ermənistanın işğalından azad etməyə nail olmuşdu. Ancaq öz havadarlarından dəstək almağa nail olan Ermənistan Qarabağı işğal atında saxlamağa davam etdi. Həmin vaxt Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən vahiməyə düşən Köçəryan, vəziyyətin dəhşətli olmasını etiraf edərək Azərbaycan Ordusunun Qarabağın 48%-ni tutmasını qeyd edib. Başqa sözlə desək, Ermənistan ordusu sözügedən zamanda da ciddi itkilərə məruz qalmışdı. Belə ki, Ermənistanın 2 min nəfərlik canlı qüvvəsi, 50 ədəd zirehli texnikası və 16 artilleriya-minomyot sistemi darmadağın olunmuşdu.  

 

Ermənistan 1993-cü ilin payızında Ermənistanın hərbi-siyasi rəhbərliyində ciddi fikir ayrılıqlarının olmasına görə Ermənistana məxsus güc strukturlarının nümayəndələrinin – Ermənistanın Prezidentinin Milli Təhlükəsizlik üzrə sabiq köməkçisi A.Manuçaryanın, Ermənistanın sabiq Müdafiə Naziri V.Manukyanın, Ermənistanın Baş Qərargah rəisi N. Ter-Qriqoryantsın və s. şəxslərin istefası müşahidə olunub . Həmin vaxt Ermənistanın hərbi postlarına erməni separatçı qruplaşmalarının radikal nümayəndələri təyin olundular. Əvvəllər işğal olunmuş Azərbaycan rayonlarından məcburi köçkünlərin xeyli cəmləşdiyi Beyləqan rayonunun mərkəzi istiqamətində hücum olunması qərara alındı ki, burada da məqsəd həmin ərazinin mərkəzini və ətraf ərazilərini tutmaq və beləliklə də Azərbaycanın daxili siyasi sabitliyini pozmaq idi. 

 

1994-cü ilin payızında – 1995-ci ilin qış və yaz aylarında Ermənistanda hərbi xidmətə çağırışlar həyata keçirilmişdi. Həmin vaxt Ermənistan Rusiya tərəfindən T-80 tankları ilə; “Uraqan”, “Şturm-S” və “Tunquska-M” silahları ilə; MİQ-23 qırıcıları və Su-25 hücum təyyarəsi ilə təmin olunmuşdu. 1994-cü ilin mayın 20-dən etibarən Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və infrastruktur obyektləri sistemli şəkildə dağıdılmışdı. 

 

Qeyd etmək lazımdır ki, Ermənistan ona arxa çıxana da xəyanət edən bir dövlətdir. Belə ki, 2019-cu ilin mayında Ermənistana bir neçə milyon dollar dəyərində hərbi texnikanın tədarükü üçün keçirilən tenderlə bağlı qalmaqal yaranıb. Rusiyanın silah şirkəti ORSIS-in kvalifikasiya tələblərinə cavab verməsinə baxmayaraq Ermənistan tərəfindən tender ləğv olunub və bu, cinayət araşdırmasına səbəb olub. Daha sonra isə ORSIS Ermənistanın silah tədarükçülərinin “qara” siyahısından çıxarılıb. 

 

Ermənistan ordusunda xidmət edən əsgərlərə lazımi qayğı göstərilməyib, onlara keyfiyyətli yeməklər verilməyib. Sonradan isə əməllərini ört-basdır etməkdən ötrü 2019-cu ilin fevralın 21-də Ermənistan dövləti, hərbi qulluqçuların qidalanması sistemində dəyişiklik etmək qərarına gəlib və qida məsələsi özəl təşkilatlara həvalə olunub. Yeni sistemə əsasən erməni əsgərlərinə keyfiyyətli yeməklərin gündə üç dəfə verilməsi nəzərdə tutulub. Ermənistanın Müdafiə Naziri David Tonoyan həmin vaxt yeni qida təchizatı sisteminin tətbiqi prosesinin 2020-ci ilin sonuna qədər tam başa çatacağını bildirib. 2019-cu ilin noyabr ayına olan məlumata əsasən, sözügedən özəl şirkətlər Ermənistan Silahlı Qüvvələrinin təxminən 40%-ni keyfiyyətli qida ilə təmin ediblər.

 

Qeyd etmək lazımdır ki, son 5 ildə Ermənistanın bütün silahları Rusiyadan idxal olunub. Bu barədə 2020-ci ilin martın 9-da Stokholm Beynəlxalq sülh problemləri Araşdırmaları İnstitutunun (SİPRİ) məruzəsində qeyd olunub. 2019-cu ildə Ermənistanın müdafiə xərcləri təxminən 630 milyon dolları təşkil edib. SİPRİ-nin verdiyi məlumata əsasən, Ermənistan bununla da hərbi məqsədlərə ÜDM-in 4,9%-ni sərf edib.

 

2018-ci ildə rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatlar səsləndirərək təxribat xarakterli fəaliyyətini nümayiş etdirmişdi. 2019-cu ilin mart ayında ABŞ-a rəsmi səfər edən Ermənistanın Müdafiə Naziri David Tonoyan isə növbəti bir təxribata yol verərək hər kəsi “yeni ərazilər uğrunda yeni müharibə”yə dəvət etmişdi.

 

Ermənistanın növbəti təxribatı 2020-ci ilin iyulun 12-də müşahidə edilmişdir. Həmin vaxt Azərbaycan - Ermənistan dövlət sərhədində Tovuz rayonunun istiqamətində ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum ediblər. Belə ki, Ermənistan Silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədini ələ keçirmək məqsədilə atəşkəs rejimini kobudcasına pozaraq gərginliyin artırılması məqsədilə növbəti hərbi təxribat törədərək, mövqelərimizi iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından atəşə tutublar. Bir neçə gün ərzində baş verən döyüşlər zamanı düşmən təxribatının qarşısı alınıb və düşmənə sarsıdıcı zərbələr vurulub. Azərbaycan Ordusu düşmənin 100-dək canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm düşmən obyektini məhv edib.

 

Tovuz döyüşlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, sıravi Elçin Mustafazadə, çavuş Vuqar Sadıqov, sıravi Nazim İsmayılov, sıravi Elşad Məmmədov, sıravi Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar. Döyüşlər zamanı bir neçə əsgər isə yaralanıb. Ermənilərin Ağdam kəndində yerləşən evlərdən birinə atdığı mərminin nəticəsində kəndin 76 yaşlı dinc sakini Əziz Əliyev həlak olub. Göründüyü kimi güclü Azərbaycan Ordusu qarşısında tab gətirməyən ermənilər xaincəsinə kəndin dinc sakinlərini hədəfə alıblar.

 

Qeyd etmək lazımdır ki, 2020-ci ildə baş verən 44-günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistana qalib gəldi. Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa işğaldan azad olundu.

 

Şuşanın relyefini nəzərə aldığımız zaman qeyd etmək lazımdır ki, Şuşaya ağır silahların və tankların köməyi ilə daxil olmaq çətin məsələ idi. Şuşanı işğaldan azad etməyin tək yolu artilleriyanın atəşiylə və hava hücumları ilə zərbələr endirmək idi. Lakin onu da nəzərə almaq lazımdır ki, belə olduğu halda şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb ola bilərdi. Onun üçün çıxış yolu olaraq əlbəyaxa döyüş taktikasının tətbiq olunmasına üstünlük verildi. Azərbaycan Ordusunun yüngül silahlanmış qəhrəman əsgər və zabitləri sıx meşələri, dərin dərələri, qayaları, dağları keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdilər. Həmin zaman Xankəndində olan xarici jurnalistlərdən biri erməni silahlı qüvvələrinin düşdüyü ağır vəziyyəti bu şəkildə təsvir etmişdi: 

 

“Şuşadakı erməni ordusu məğlub oldu. Onlarca yaralılar hərbi təcili yardım maşınları ilə qan içində Xankəndində yerləşən xəstəxanaya daşınırdı. Digər hərbçilər yorğun halda dağlardan aşağı enir və hərbi geyimlərini çıxararaq yola düşürdülər. Təcili yardım maşınları fasiləsiz olaraq işləyirdilər. Yaralı əsgərlər maşınların içində üst-üstə qoyulurdu. Əsgərlərin aldıqları xəsarətlər onların arasında əlbəyaxa döyüşlərinin olmasına sübutdur”.

 

Həmin vaxtı Fransanın “Le Monde” qəzeti tərəfindən dərc edilən bir xəbərə əsasən, erməni ordusunun məğlub olmuş əsgərlərinin müxtəlif dərəcəli xəsarətlərlə Şuşadan Xankəndinə qaçdıqları qeyd olunmuşdu . Şuşanın işğaldan azad olunması müharibədə əsaslı dönüşün baş verməsi ilə nəticələndi. Növbəti gün 70-dən çox kəndin azad olunmasına dair xəbər verildi. Aciz vəziyyətdə qalan Paşinyanın, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şərtlərini qəbul etməsi və Ermənistanı rüsvay edən kapitulyasiya aktını imzalaması Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində olan böyük tarixi qələbəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabr ayının 8-də Şuşa şəhərinin işğaldan azad olunmasına dair verdiyi müjdə Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Başqa sözlə desək, tarixi ədalət öz yerini tapdı. 2020-ci ilin noyabr ayının 10-da Azərbaycanın, Rusiyanın və Ermənistanın iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Həmin bəyanata əsasən, noyabr ayının 20-də Ağdam rayonu, dekabr ayının 25-də Kəlbəcər rayonu, dekabr ayının 1-də isə Laçın rayonu hər hansı bir insan itkisinə yol verilmədən işğaldan azad olundu. Bu Ermənistan üzərində Azərbaycanın həm də diplomatik qələbəsi idi

 Kamal Salayev, tədqiqatçı 

[email protected]

Tarixi ədalət: erməni faşizminin sonu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər