Türk dünyasının mərkəzində güclü Türkiyə dövləti dayanır

Türk dünyasının mərkəzində güclü Türkiyə dövləti dayanır 

44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbə Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə, ölkəmizə olan müsbət maraqların daha da artmasına səbəb oldu.

 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuz 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi və kağız üzərində qalmış beynəlxalq qətnamələrin icrasını təmin etmiş oldu.

Vətən müharibəsi nəticəsində Azərbaycanın qazandığı böyük Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Ölkə başçımız Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu qürurverici məqam hər birimizi ürəkdən sevindirdi. Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən, “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.” deməsi Prezidentimizin hər zaman xalqı ilə birlikdə, vəhdətdə olmasının sübutudur.

Müasir tariximizdə qardaş Türkiyə dövləti Türk dünyasının mərkəzində dayanan böyük gücdür. Bu gün dərin tarixi köklərə malik Azərbaycan və Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Əminik ki, ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.

44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin həm mənəvi, həm də siyasi dəstəyini yaxından hiss etdik. Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır. Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədərqardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” - bizə əlavə güc verdi.

Vətən müharibəsi nəticəsində əldə olunan Qələbə biz füzulilərin də 30 ilə yaxın işğal altında qalmış torpaqlarımıza qovuşmağımıza səbəb oldu. Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad olundu. Şəhidlərimizin qanı döyüş meydanında alındı. İllərlə kənardan boylandığımız, həsrətində olduğumuz yurd-yuvalarımızı görmək, ata-babalarımızın, yaxınlarımızın məzarlarını ziyarət etmək nəsibimiz oldu.

Bilirik ki, şəhərlərimizi, kəndlərimizi dağıdılmış, viranəyə çevrilmiş halda qaytardıq. Azad olunanda Füzuli kimi şəhərdə bayraq asmağa bir salamat bina tapılmadı. İndi isə işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən də bizim rayonumuzun ərazisində gülüstanlar qurulur.

Belə ki,hazırda işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.

Ərazisində reallaşdırılan yol-nəqliyyat infrastrukturu, böyük strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə hazır olması Füzulinin gələcək tərəqqisindən və inkişafından xəbər verir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən rayonumuza səfərlər etməsi, dövlət başçımız tərəfindən mühüm obyektlərin təməlqoymasının və açılışlarının həyata keçirilməsi Qarabağın və Şərqi Zəngəzurun tezliklə cənnətə çevriləcəyinə qəti əminlik yaradır.

Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. Deməli, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər torpaqlarımızı işğaldan azad etməklə yanaşı, türk dünyasının coğrafi bağlantısını bərpa etmək imkanı yaratdı.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!.

Gülbahar Eyvazova

 Füzuli RİHB-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi