“TÜRKİYƏ ORDUSU İRAN SƏRHƏDİNDƏ HAZIRDIR...” – “Bəxtiyar Ersay adi general deyil...”

“TÜRKİYƏ ORDUSU İRAN SƏRHƏDİNDƏ HAZIRDIR...” – “Bəxtiyar Ersay adi general deyil...” 

Azərbaycan Qarabağdakı nəzarətindən kənar ərazilərdə öz suverenliyini təmin etmək üçün sona qədər gedəcəyini nümayiş etdirir. Artıq Qarabağda yerləşən rus sülhməramlıların destruktiv davranışları ilə bağlı Rusiyaya etiraz notası təqdim edilib. Çünki rus sülhməramlılar və separatçılar eyni hədəfə hesablanan paralel davranışlar nümayiş etdirirlər. Bakı isə buna cavab olaraq diplomatik narazılığını ifadə edir, Azərbaycan Ordusunda Türkiyə generalını yüksək rəsmi vəzifəyə gətirir və öz milli maraqlarını təmin etmək üçün istənilən ssenariyə hazır olduğu mesajını verir.

Faktinfo.az bildirir ki,AzPolitika.info regiondakı vəziyyəti hərbi analitik Azad İsazadə ilə müzakirə edib.

- Regiondakı və xüsusilə Qarabağdakı durumu hərbi nöqteyi-nəzərdən necə qiymətləndirirsiniz?

- Məncə, bu gedişlə məcbur olacağıq ki, ayda və ya iki ayda bir dəfə, təxribatlardan asılı olaraq, anti-terror, tərki-silah və ya sülhə məcburetmə əməliyyatları həyata keçirək. Fikrimcə, bu, sülh müqaviləsi bağlanana qədər davam edəcək. İndi Ermənistan sülh müqaviləsi bağlamaqdan imtina etmir. Çünki bilirlər ki, açıq şəkildə imtina etsələr, Azərbaycan müharibə yolu ilə bütün problemlərini həll edəcək. Ona görə də sülh tərəfdarı kimi çıxış edərək çalışırlar ki, vaxtı maksimal dərəcədə uzatsınlar. Bununla paralel olaraq zaman qazanmaqla öz ordularını qaydaya salmağa, həm də Qarabağa silah-sursat daşımağa çalışırlar. Azərbaycan müharibədən sonra minimum iki dəfə əməliyyat keçirib. İstisna etmirəm ki, bu qış da biz məcbur olub daha bir əməliyyat keçirəcəyik. Sülh sazişi bağlanmayana qədər belə də davam edəcək. Yəni, bir-iki ay Ermənistan danışıqlar imitasiyası edəcək, sonra böyük ehtimalla növbəti təxribat yaşanacaq. Daha sonra Azərbaycan yumruqla başlarına vurduqdan sonra bir müddət özlərini dinc aparacaq və diplomatik çıxış imkanları axtaracaqlar.

Bir daha qeyd edirəm ki, sülh sazişi imzalanmayana qədər bu, belə də davam edəcək. Əvvəl deyilirdi ki, sülh sazişi 2022-ci ilin sonuna qədər bağlana bilər, amma olmadı. 2023-cü ildə sülh sazişi bağlanmasa, məncə, Azərbaycan bəhs etdiyimiz ərazidə, eləcə də Ermənistanla sərhəddə minimum üç-dörd əməliyyat keçirməli olacaq. O cümlədən Zəngəzur dəhlizi istiqamətində bunun baş verməsi mümkündür.

- Bu proseslərdə Rusiya yenə əsas oyunçu olaraq qalmaqda davam edir. İndiki halda rus sülhməramlıların sahədə, Moskvanın isə siyasətdəki davranışlarını necə təhlil edərdiniz?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) İrəvanda keçirilən sonuncu iclasında Nikol Paşinyan göstərdi ki, bu qurumdan çıxmaq niyyətindədir. Hətta KTMT-nin yekun bəyannaməsinə imza atmadı və Putin də bundan əsəbiləşdi. İndi Moskvada anlayırlar ki, Ermənistan əldən gedəcək. Bu səbəbdən də ruslar çalışırlar ki, Ermənistana və ermənilərə doğru nümayişkəranə dəstək addımları atsınlar. Məsələn, dərhal ortaya Qarabağdakı toponimlərlə bağlı məsələ çıxır, eləcə də sülhməramlıların separatçılara açıq köməklik etməsi, ekoloji durumla bağlı monitorinqə başlayan Azərbaycan nümayəndələrinə qarşı təxribatlar göründü. Ruslar çalışır ki, Ermənistanı təsiri altında saxlasın. İstisna edilmir ki, Ermənistana silah-sursat baxımından hansısa formada köməklik edəcəklər.

Bəli, indi ruslar Ukraynada savaş aparır və özlərinə silah lazımdır. Amma bu həftə ərzində məlumat ortaya çıxdı ki, İran Qarabağdakı separatçılara və Ermənistana silah göndərir. Deməli, bu proses Rusiyanın xahişi və ya istəyi ilə olub. Ruslar bu mərhələdə çalışacaq ki, erməni ordusunu gücləndirsin və bu halda Azərbaycana da təzyiq imkanı yaransın.

- Demək istəyirsiniz ki, Xankəndində rus sülhməramlılarla separatçılar birlikdə hərəkət edir?

- Bəli, bu açıq görünür. Amma onu da nəzərə almalıyıq ki, çox şeyin altında böyük siyasət deyil, adi rüşvət, korrupsiya da dayana bilir. Məsələn, xəbərlər var ki, Ruben Vardanyan sülhməramlıların komandanı Volkova Moskvanın elit məhəlləsində böyük mənzil bağışlayıb. Deməli, siyasi maraqlardan əlavə şəxsi maraq, rüşvət və pul məsələsi də var. Həm də unutmayaq ki, Qarabağda bizim nəzarət etmədiyimiz ərazi qaçaqmalçılıq, silah bazarı, narkomafiya üçün cəlbedicidir. Odur ki, bəzi qüvvələr maraqlıdır ki, Azərbaycanın nəzarət etmədiyi ərazi indiki formada qalsın və onlar da orada cürbəcür əməllərini həyata keçirsinlər.

Kreml üçün isə belə kiçik və qeyri-stabil ərazinin mövcudluğu imkan verir ki, Azərbaycan və Ermənistan müstəqil siyasət aparmasın və bir-birilə daim münaqişədə olsun. Odur ki, gərginlikdə Moskvanın marağı var. Onlar məsələnin tezliklə həllini, Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya düşməsini istəmirlər. Bunun əksinə fəaliyyət göstərirlər və nəticədə indiki vəziyyət ortaya çıxır.

- Bakı rus sülhməramlıların davranışı ilə bağlı Rusiyaya etiraz notası təqdim edib. Azərbaycanın davranışlarını yaranan vəziyyətə adekvat hesab edirsinizmi?

- Ümumən əldən nə gəlirsə, o da edilir. Amma nəzərə almaq lazımdır ki, görünməyən proseslər və oyunçular da var. Kənardan baxanlar düşünür ki, Azərbaycan bir hərbi əməliyyat keçirə və hər şeyi həll edə bilər. Yəni, asan məsələdir... Amma başa düşmürlər ki, bunun üçün bizə istər beynəlxalq, istərsə də regional səviyyədə heç olmasa minimum dəstək lazımdır. Çünki Tehran və Moskva bu addımımıza qarşı çıxış edir. Yeganə müttəfiqimiz Türkiyədir. Türkiyə isə Suriyanın şimalında təxminən bizim Qarabağda ehtimal etdiyimiz əməliyyata oxşar əməliyyat hazırlayır. Mən bilmirəm, bu əməliyyatlar eyni anda olacaqmı, yoxsa biz əməliyyat keçirsək Suriyada türklərin əməliyyatı pozula bilər. Və ya türklər əməliyyata başlasa, bizim əməliyyatımız pozula bilər və sair. Demək istəyirəm ki, ortada bilinməyən məqamlar və amillər var.

İkincisi, İran daxilində gedən proseslər də bölgəyə təsir göstərməklə yanaşı bizi narahat edir. Biz bilmirik ki, sabah hadisələr necə olacaq. Bizim ordumuz sərhəddə dayanıb İrandan gələn qaçqınları qarşılamalı olacaqmı və ya İran ordusunun bir hissəsi daxildəki prosesdən qaçaraq bizə tərəf keçmək istəyəcəkmi və sair. Yəni, versiyalar çoxdur. Bizim ordumuz belə bir məqamda Qarabağda olsa, necə olacaq? Biz regionda baş verən proseslərin hərbi xarakterini deyirik, versiyamızı səsləndiririk.

Sözsüz ki, Ukraynada baş verənlər də bizim regiona təsir edir. Odur ki, bir neçə hərəkətə hazır olmalıyıq. Çünki sabah hər şey bu gündən fərqli ola bilər. Bu baxımdan son nəticəyə hesablanan qiymət vermək doğru olmazdı. Hadisələrin axarı diqqətlə izlənməlidir.

- Sizcə, Azərbaycanın son hərbi təlimləri nəyə xidmət edir?

- Elə mən dediyim məsələdir. Biz daim hazır olmalıyıq. Sözsüz ki, ordu Qarabağda, Ermənistanla sərhəddə, elə İran sərhədində də hazırlıqlıdır. Türkiyə Ordusu da Suriya istiqamətində hazır vəziyyətdədir. İstisna etmirəm ki, İran sərhədində də Türkiyə Ordusu hazırdır. Pakistanın İran sərhədində nə etdiyini bilmirəm, amma yəqin ki, orada da hazırlıq var. Ona görə də biz hər bir vəziyyətə hazır olmalıyıq.

- Söz ordumuzdan düşmüşkən, türk ordusunun generalı Bəxtiyar Ersay Azərbaycan Müdafiə nazirinin müşaviri təyin edilib. Bu təyinat nə dərəcədə vacibdir və ordumuza nə verəcək?

- Mən dəqiq deyə bilmərəm, amma belə xəbər çıxdı ki, o, çoxdan bu vəzifəni tutur. Müşavir və ya məsləhətçi vəzifəsi aydındır ki, qərar qəbul etmək səlahiyyəti olmayan vəzifədir, amma həm də mühüm vəzifədir. Burada vacib məqam var. İki ölkə qeyd edir ki, orduları birləşib vahid sistemlə hərəkət edəcək. Burada yüzlərlə parametrlər var ki, üst-üstə gəlmir. Bu parametrləri düzəltmək, vahid parametr yaratmaq lazım gəlir ki, sabah hərbi geyimdən birgə parada qədər hər şey üst-üstə düşsün. Eləcə də hərbi taktika, döyüş qabiliyyəti və sair. Belə müşavir və müşahidəçi səviyyəsində türk zabitləri əvəllər Naxçıvandakı Əlahiddə Orduda var idi, ayrıca xüsusi təyinatlı batalyonlarda da. Vaxtilə elə bizim Hərbi Akademiyada da türk zabitləri dərs keçirdilər. Amma bu səviyyədə, nazirin yanında türk generalının olması önəmlidir. Xüsusilə, nəzərə alınmalıdır ki, Bəxtiyar Ersay adi general deyil.

Söhbət təkcə müharibəyə hazırlaşmaqdan getmir. Müharibə vaxtı sirr deyil ki, türk generallar və zabitlər rəsmi vəzifə daşımadan bizə kömək edirdilər, qardaş kimi yanımızda idilər. İndiki halda isə iki ordunu vahid sistemə gətirmək üçün türk general daim burada olmalıdır.

- Bu proses ordumuzda keyfiyyət dəyişikliyini daha da irəli apara bilərmi?

- Məncə, iki orduda da dəyişikliklər gedəcək. Ümumiyyətlə, orduda islahatlar daim getməlidir. Biz döyüşə-döyüşə təcürbə qazanırıq və bunu bütün hərbi hissələrə yaymalıyıq. Ümid edək ki, iki ordu müsbət keyfiyyət dəyişikliyi ilə vahid sistem halına gələcək.

- İllər əvvəl deyirdilər ki, ordumuzda Rusiya amili güclüdür. Bunu SSRİ-də və Rusiyada təhsil almış, işləmiş hərbçilərə bağlayırdılar. İndi vəziyyət necədir?

- Rusiya faktorunun təsiri altında olan zabitlər hardasa mənim yaşımdadırlar. Deməli, mənim yaşımda polkovnik rütbəli zabit artıq orduda qalmayıb, bu yaşda ən yaxşı halda general qala bilər. Mümkündür ki, məndən 4-6 yaş kiçik yaşda zabit tapmaq olar.

İkincisi, o demək deyil ki, Rusiyada oxuyan zabitlərin hamısı ruspərəstdir. Mən onlarla belə zabit tanıyıram ki, onlar vətənpərvərdir. Bunu yoxlamaq üçün kimin Rusiya, kimin Ukrayna tərəfdarı olduğunu soruşmağınız yetərlidir. Kifayət qədər zabitlərimiz Ukrayna tərəfdarıdır.

Odur ki, ordumuz 20 il əvvəlki ordu deyil, faiz nisbətində böyük dəyişikliklər var, nəsillər dəyişir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər