Vətən müharibəsi füzulilərin 27 illik həsrətinə son qoydu

Vətən müharibəsi füzulilərin 27 illik həsrətinə son qoydu 

Vətən müharibəsi xalqımızın heç vaxt işğalla barışmadığını, vətən torpağının hər qarışı üçün canından belə keçməyə hazır, vətənpərvər oğullar yetişdirdiyini bir daha təsdiqlədi.

 Heç vaxt özgə torpağında gözü olmayan, öz torpağını isə canı, qanı ilə qorumağı bacaran Azərbaycan xalqı ordusu və Ali Baş Komandanı ilə birləşərək düşmənin başını əzən dəmir yumruğa çevrilməyi bacardı. 44 günlük Vətən müharibəsi tariximizin şanlı salnaməsini yazdı və tarixi ədaləti bərpa etdi.

Hər kəsə bəllidir ki, erməni işğalı nəticəsində bir milyon vətəndaşımız 30 ilə yaxın öz doğma yurd-yuvasından didərgin düşdü. Biz füzulilər də digər soydaşlarımız kimi bu acı taleyi yaşamalı olduq. 27 il doğulub boya- başa çatdığımız, ata-babalarımızın gorgahı olan torpaqlarımıza kənardan boylanmağın mənəvi əzabına qatlandıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman ordumuz bizi bu əzablardan, həsrətdən xilas etdi. Ölkə başçımızın apardığı uğurlu siyasət bizlərə illərlə gözlədiyimiz Qələbə sevincini bəxş etdi, doğma Füzulimizi yenidən görmək xoşbəxtliyi nəsibimiz oldu. Bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizivə beləliklə, müharibənin taleyi həll olundu.

Müasir tariximizdə Füzuli rayonu ordumuzun üç mühüm uğurunun şahidi olub: Horadiz əməliyyatı, Aprel zəfəri və Vətən müharibəsi. Vətən müharibəsi zamanı da Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır.

Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Vətən müharibəsində döyüşlər yalnız cəbhədə hərbi sahədə deyil, həm də informasiya cəbhəsində gedirdi. Dünyanın 30-dan çox mediya nümayəndəsinə onların öz dilində müsahibə verən, qərəzli yanaşma və fikirlərə dəqiq faktlarla tutarlı cavab verən, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran, hər zaman öz xalqına yalnız həqiqətləri söyləyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev informasiya cəbhəsində əsil sərkərdə kimi döyüşdü. Vətən müharibəsi zamanı və müharibə bitdikdən sonra ölkə başçısının verdiyi müsahibələr, keçirdiyi mətbuat konfransı zamanı Prezidentimizin açıq aydın görünən intellektual potensialı bütün dünyanı heyrətləndirdi, bizi isə qürurlandırdı.

İkinci Qarabağ müharibəsi Vətən müharibəsi adlandırılır. Bu təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.

Torpaqlarımızın işğaldan azad edilməsindən bir il vaxt ötüb. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

Ötən illər ərzində Füzuli rayonunun Azərbaycanda olan hissəsinin inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılırdı. İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü.

Rayonumuzda infrastruktur layihələrin reallaşmasında dövlətimizlə yanaşı Heydər Əliyev Fondunun da böyük dəstəyi var. Belə ki, rayonumuzun ərazisində istifadəyə verilmiş 10 layihə məhz Heydər Əiyev Fondu tərəfindən reallaşdırılmışdır.

Hazırkı mərhələdə rayonumuzda tikinti-quruculuq işləri sürətlə davam etməkdədir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihəgələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.

Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə həm ölkə başçımız cənab İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva biz füzulilərlə birlikdə oldular. Bu səfər hər birimizə böyük sevinc və qürur bəxş etdi.

Biz də öz növbəmizdə Füzulimizi işğaldan azad etdiyinə, viran qoyulmuş yurd yerlərimizi cənnətə çevirdiyinə və bizləri hər zaman diqqətləri, qayğıları ilə əhatə etdiklərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Ramella Məmmədova 

Füzuli RTŞ-nin müdiri, əməkdar müəllim

Vətən müharibəsi füzulilərin 27 illik həsrətinə son qoydu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi