“Yaranmış duruma qəti etirazımızı bildiririk...” – Müəllimlər nazirlikdən Prezidentə kütləvi şikayət edir

“Yaranmış duruma qəti etirazımızı bildiririk...” – Müəllimlər nazirlikdən Prezidentə kütləvi şikayət edir 

Azərbaycanın müxtəlif orta ümumtəhsil məktəblərində çalışan yüzə yaxın müəllim Elm və Təhsil naziri Emin Əmrullayevdən Prezident İlham Əliyevə şikayət edib.

Media vasitəsi ilə surəti Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Ombudsman Səbinə Əliyevayavə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevəünvanlanan şikayətdə müəllimlərin sertifikasiyasının mövcud qanunvericiliyə zidd olduğu qeyd olunur.

"Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması adı altında onların “sertifikatlaşdırılması” “Təhsil haqqında” Qanuna 12.06.2018-ci ildə edilmiş dəyişiklikdən sonra qüvvəyə minsə də, bu dəyişiklik ölkəmizdə yüz minlərlə təhsilverənin haqlı narazılığına səbəb olub. Bunu aydınlaşdırmaq çətin deyil. Sadəcə müstəqil media qurumları və QHT-lər vasitəsilə təhsilverənlər arasında rəy sorğusu keçirməklə bu narazılığın miqyasını müəyyənləşdirmək olar. Ən azından bu günə qədər sosial şəbəkələrə baxıb təhsilverənlərin ümumi fəryadı və narazılığı haqqında məlumat əldə etmək mümmkündür", - müraciətdə qeyd olunur.

Müəlliflər təəssüflə qeyd edirlər ki, Elm və Təhsil Nazirliyində, habelə digər aidiyyatı dövlət qurumlarında bu narazılığı rasional şəkildə analiz etmək və təhsilverənlərin narahatlığına reaksiya vermək əvəzində, onlara başqa mesajlar göndərilir. "Bu günə qədər ayrı-ayrılıqda, yaxud kollektiv şəkildə etdiyimiz şikayətlər, göndərdiyimiz müraciətlər araşdırılmayıb və ya əsaslandırılmış cavablar verilməyib", - deyə kollektiv şikayətdə vurğulanır.

Müəllimlər Prezidentə yazırlar ki, problemin kökü 12 iyun 2018-ci ildə “Təhsil haqqında” Qanuna sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən və "Ümumi təhsil haqqında” Qanundan, xüsusilə də bu qanunun 28-ci maddəsindən qaynaqlanır: "Müşahidələrimiz göstərir ki, “Təhsil haqqında” Qanuna bu dəyişiklik təklif edilərkən dövlət ümumi təhsil müəssisələrində, ali təhsil ocaqlarında, Milli Elmlər Akademiyasında və digər pedaqoji-elmi şuralarda geniş ictimai müzakirəyə çıxarılmadan, yüz minlərlə müəllimin rəyi öyrənilmədən, araşdırılmadan qanun kimi qəbul edilmişdir.

Nəticədə ötən dərs ili başa çatandan sonra biz müəllimlər istirahət edib növbəti tədrisə hazırlaşmaq əvəzində “sertifikatlaşdırma” ideyası ilə yaxalandıq. Dolayısı ilə bu isti yay günlərində əlavə pullar xərcləyib hansısa şirkətlərin istehsal etdikləri kitabları almağa, ali məktəblərə daxil olmaq istəyən abituriyentlər kimi gecə-gündüz evdə oturub oxumağa, “sertifikatlaşdırma”ya dair hazırlanmış pullu kurslara yazılmağa məcbur edildik. Nəzərə almaq lazımdır ki, abituriyentlərdən fərqli olaraq biz müəllimlər həm də valideynik, ailə qayğılarımız var, övladlarımızın tərbiyəsi ilə məşğuluq. Yaranmış duruma qəti etirazımızı bildiririk, çünki “Təhsil haqqında” Qanuna edilmiş bu dəyişiklik və 2019-cu ildə qəbul edilmiş “Ümumi təhsil haqqında” Qanun bizi çox çətin duruma salıb, hüquqi vəziyyətimizi pisləşdirib, bizim üçün yeni hüquqi məsuliyyət yaradıb".

Müəlliflər daha sonra Konstitusiyanın 149-cu maddəsinin VII hissəsini xatırladırlar: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhz bu konstitusion normaya görə, qanunvericiliyə edilən sözügedən dəyişikliklər bu yeni qanun normativ hüquqi aktın qəbul edilməsi tarixinə qədər işə qəbul edilmiş müəllimlərə şamil edilməməlidir. Çünki 2018-ci il 12 iyun tarixli qanun müəllimlərin hüquqi vəziyyətini pisləşdirib. Qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində müəllimlərin üzərinə əlavə hüquqi məsuliyyət qoyulub, yaşımız, 12.06.2018-ci il tarixinə qədər əmək müqaviləsi bağlamağımız, pedaqoji sahədəki təcrübəmiz, diaqnostik qiymətləndirmədə əldə etdiyimiz nəticələr nəzərə alınmayaraq, qarşımızda sertifikatlaşdırma kimi yeni tələblər qoyulub. Bu mənada normativ hüquqi akt qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməməlidir. Bu, qanunun tələbidir"./Azpolitika.info















Birinci məlumatlanmaq üçün facebook səhifəmizi