Zahid Orucun ilk hesabatında diqqət çəkən tənqidlər

Zahid Orucun ilk hesabatında diqqət çəkən tənqidlər 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) hesabatındakı təhlil və sorğularda tənqidi məqamlar diqqət çəkir.

Bunu analitik Elxan Şahinoğlu STM İdarə Heyətinin “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirdiyi konfrans barədə qeyd edib. O, STM-in keçirdiyi sorğuların nəticələri ilə bağlı bəzi vacib məqamları vurğulayıb:

“Sosial Tədqiqatlar Mərkəzinin əsas məqsədlərindən biri Prezidentin siyasətini gücləndirəcək təhlillər və sorğuların hazırlanmasıdır. Ancaq açıq və gizli təhlil və sorğular real mənzərəni ortaya qoymalıdır ki, Prezident və məmurlar siyasətin yönünü müəyyənləşdirə bilsinlər. Bu səbəbdən STM-in hesabatındakı təhlil və sorğularda tənqidi məqamların göstərilməsi vacibdir.

Birincisi, hesabatdakı sorğulardan birinin nəticəsinə görə qeyd edilir ki, ümumilikdə maaş artımına dəstək müşahidə olunsa da, sorğu zamanı əhalinin bir qismi müəllimlərin maaşının artım faizinin digər dövlət qulluqçuları ilə müqayisədə aşağı olduğunu bildirib. Belə ki, respondentlər düşünür ki, müəllimlərin əmək haqqı səviyyəsi onların işinin keyfiyyətinə birbaşa olaraq təsir edir. Hesabatın müəllimlərlə bağlı hissəsi bu cümlə ilə bitir: “Müəllimlərin əmək haqqı səviyyəsinin daha da artırılması sosial-iqtisadi cəhətdən arzuolunandır”.

İkincisi, bir başqa sorğunun nəticəsinə görə, respondentlərin 25 faizi maaş artımlarının bahalaşmaya səbəb olacağını düşünür. Respondentlər artıq bazarlarda qiymət artımının getdiyindən şikayət ediblər. Hesabatdakı “bu nəticə ciddi narahatlıq doğurur” cümləsi əslində məmurlar üçün xəbərdarlıq mahiyyəti daşıyır. Hesabatdakı sonrakı abzas da diqqəti çəkir: “Bazar iqtisadiyyatı şəraitində tənzimlənməsi olduqca mürəkkəb olan bu proses müvafiq artımların müsbət tərəflərinə kölgə salır. Qiymət artımını gözləyən respondentlərin əksəriyyəti antiinhisar və rəqabət mexanizmlərinin gücləndirilməsi ilə bağlı ciddi gözlənti içərisindədirlər”. Bir başqa verilən sualda respondentlərin 43.8 faizi hakimiyyət və cəmiyyət arasında davamlı dialoqun vacib olduğunu düşündüyünü bildirib”.

Analitik STM sorğularında respondentlərin ölkəmizdə keçirilən sosial islahatlarla bağlı verdiyi cavablara da diqqət çəkib:

“Dördüncüsü, sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (98 faizi) ölkəmizdə sosial islahatların uğurla həyata keçirilməsinin ölkə rəhbərliyindən asılı olduğunu bildirib. İlk baxışdan yüksək görünən bu rəqəm əslində narahatlıq üçün əsas verməlidir. Çünki sosial islahatların uğuru yalnız ölkə rəhbərliyindən asılı olmamalıdır, qəbul olunan qərarlara yerlərdəki məmurlar cavabdehdirlər. Respondentlərin əskəriyyəti isə görünür yerli məmulardan narazıdırlar ki, bütün məsələlərin həllini ölkə rəhbərliyindən gözləyirlər. Halbuki, verilən fərmanlar yerlərdə icra olunur. Təsadüfi deyil ki, hesabatın bu hissəsinin ardında respondentlərin mütləq əksəriyyəti (80 faiz) aparılan islahatların həyata keçirilməsini məmularla əlaqələndiriblər: “Əhali problemlərinin həll olunmamasında, müxtəlif məsələlərdə süründürməçiliklə qarşılaşmalarında məmurları günahlandırırlar. Prezident qərar verir, yerlərdə onu düzgün icra edənlər azdır”. Sonuncu cümlə bu hesabatı oxumalı olan məmurlar üçün ciddi siqnal mahiyyəti daşımalıdır. Çünki böyük ehtimalla STM-in keçirdiyi sorğu əsasında hazırladığı bu hesabatı məmurları idarə edənlər də oxuyacaq. Respondentlərin 25 faizi bəzi dövlət qurumlarının laqeyd yanaşmasını islahatların həyata keçirilməsinə mane ola biləcəyini düşünür. 25 faiz kiçik rəqəm deyil. Prezident Administrasiyası bu rəqəmin arta bilməməsi üçün yerlərdəki kadrlarını bir daha nəzərdən keçirməlidir”.

E.Şahinoğlu yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə cavablardan da bəhs edib:

“Hesabatda yerli icra hakimiyyətlərinin fəaliyyətini ciddi tənqid edən cümlələr də az deyil: “Bölgələrdə əhalini narahat edən əsas məsələlərdən biri də icra hakimiyyəti orqanlarında qarşılaşdıqları problemlər və süründürməçilik hallarıdır”, “bir çox hallarda yerli icra məmurlarının əhali ilə işi yüksək tələblər çərçivəsində qurmadığı üzə çıxır”.

Millət vəkillərindən də şikayətlərin az olmadığına hesabatdakı bu cümlələr işarədir: “İnsanlar etimad göstərdikləri millət vəkillərinin onların səslərinin lazımi yerlərə çatdırılmasında iştirak etmədiklərindən və laqeydliklərindən narazıdırlar”, “bir çox bölgələrdə respondentlərin millət vəkillərinin ad və soyadını bilmədikləri üzə çıxdı”. Bu hissə millət vəkillərini ciddi düşündürməlidir. Hesabatın bu hissəsi 2020-ci ildə parlament seçkilərində diqqətə alına bilər.

Hesabatda ekspertlər arasındakı sorğunun nəticələri də yer alıb. Bəzi ekspertlər əmək haqlarının artımlarının hər 3 nəfərdən birinə təsir edəcəyini deyib, bu isə əhalinin cəmi 30-35 faizidir. Halbuki, analoji rəqəm Avropada 80-85 faizdir. Ekspertlər maaş artımının insanların vəziyyətini sentyabr ayından birdən-birə əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını gözləmədiklərini qeyd ediblər. Bütün ekspertlər bir məsələdə də vahid mövqe ortaya qoyublar ki, əmək haqqı və pensiya səviyyələrindəku artım bazarlarda qiymət artımına səbəb olacaq və ya olub”./strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi