Zeynalov nazirini "baqaja qoydu": Sədaqətlə...

Zeynalov nazirini "baqaja qoydu": Sədaqətlə... 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Zeynalov ifadə verib.

O bildirib ki, ittiham aktında istintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək ona məlum deyil: “Eyni rəqəmləri həm “Azintelekom”dan, həm “Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Bu materiallar gələcəkdə arxiv materialları olmaqla yanaşı, eyni zamanda baş vermiş hadisəyə istintaq orqanının yanaşmasını da əks etdirir. Rəqəm istintaqda verdiyimiz ifadədəki kimi olub. Mən olanı deyirəm. Əslində, verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30 milyon dollar və ya 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcun ATK-dən silinməsini təmin edin. Mən də demişəm, aidiyyəti üzrə silsinlər”.

Vidadi Zeynalov ibtidai istintaqı aparılan cinayət işində çoxlu ziddiyyətlərin olduğunu deyib:

“İstintaq insan taleyinə niyə biganə yanaşır? Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm. Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olub. Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə mən yox, İltimas Məmmədov məsul edilib. Bu dövr ərzində Aztelekom MMC tərəfindən nazirliyin xəzinəsinə 19,2 milyon manat vəsait verilib”.

Vidadi Zeynalov bildirib ki, istintaqa çağırılan gün onu tutublar: “Mən inanmazdım ki, məni yasa getmək adı ilə dəvət edib tələ quracaqlar. Prokuror burada qeyd etdi ki, ifadələr verib, sonra imzalamışıq. Həyəcanlı olduğum və müstəntiqi tanıdığım üçün ona inanmışam. Buna görə də həmin ifadəyə imza atmışam. Şokdan 2 ay sonra çıxa bildim, ayılanda vəsatətlər verdim. Xahiş etdim ki, Namazalı Məmmədov, Cəlil Cəfərov, Məhəmməd Məmmədov, Qənbər Bəybalayev və Oqtay Rüstəmov ilə məni üzləşdirin. Bir ildən sonra müstəntiqlər bu ittihamı bizə tanış olmaq üçün verdilər. İttihamla tanış olandan sonra protokola söyüşdən başqa hər şey yazdım. Yalnız bir dəfə məni Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik”.

Vidadi Zeynalov bildirib ki, vəkili Elxan Süleymanlı onun əmlakına müştəri tapıb:

“Həmin müştəri hazırda bankda gözləyir. Hörmətli hakim, siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş və boynuma qoyulan ziyanı ödəyim”.

Hakim bildirib ki, əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək. Bu zaman Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifov və Elxan Süleymanlı buna etiraz ediblər.

Bundan sonra çıxış edən Qəmbər Bəybalayev deyib ki, nədə təqsirləndirildiyi ona məlum deyil:

“Vidadi Zeynalov da ifadəsində bildirdi ki, sabiq nazir Əli Abbasovun tapşırığına əsasən, bizim idarədə bəzi əməkdaşlar “paket” alıb. Mən heç zaman “paket” almamışam. Alan şəxslərin də işinə qarışmamışam”.

Növbəti proses mayın 19-da davam edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi