
“Ankaranın soyuqqanlılığı olmasaydı..." - "III Dünya müharibəsi başlaya bilərdi”
ABŞ-nin Türkiyədəki səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Suriyadakı bir hərbi obyektə hücumunun pərdəarxası ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, İsrail təyyarələrinin Türkiyə sərhədinə 80 kilometrədək yaxınlaşdığını və hücumdan əvvəl nə Ankara, nə də Vaşinqtonun məlumatlandırıldığını bildirib.
Barrakın sözlərinə görə, İsrailin bu addımı Türkiyəni hərbi cavaba təhrik etmək və ya ölkə daxilində siyasi məqsədlərə nail olmaq cəhdi ola bilər.
ABŞ səfiri İsrailin Türkiyəni “tələyə salmağa” çalışmış ola biləcəyini qeyd edib. O, Türkiyənin daha əvvəl oxşar vəziyyətdə sərhədi pozan Rusiya hərbi təyyarəsini vurduğunu xatırladaraq, xəbərdarlıq edilmədən və razılaşma olmadan sərhəd yaxınlığında döyüş təyyarələrinin yerləşdirilməsinin “çox təhlükəli oyun” olduğunu deyib.
Barrak İsrail təyyarələrinin Türkiyə sərhədinə yaxınlaşmasından sonra Ankarada hərbi təyyarələrin havaya qaldırılması məsələsinin müzakirə edildiyini bildirib.
“Türk ordusu çox güclüdür, onların kəşfiyyat imkanları da yüksək səviyyədədir. Bu təyyarələrin sərhədlərinə doğru gəldiyini və məqsədini bilmədiklərini gördükdə, ‘öz təyyarələrimizi havaya qaldırmalı olacağıq’ deməyə başladılar”, – deyə o bildirib.
Diplomatın sözlərinə görə, böhran zamanı Türkiyənin siyasi və təhlükəsizlik rəhbərliyi təmkinli davranıb.
“Türkiyə kəşfiyyatı, xarici işlər naziri, prezident və kəşfiyyat rəhbərliyi – hamısı təmkinli olmağa fokuslanmışdı. Onlar təcavüzkar deyillər. İsraillə hərbi və ya düşmənçilik xarakterli qarşıdurmaya girməkdə maraqlı deyillər”, – Barrack vurğulayıb.
ABŞ səfiri Ankaranın böhran zamanı nümayiş etdirdiyi soyuqqanlılığın daha genişmiqyaslı qarşıdurmanın qarşısını aldığını bildirib.
Barrakın sözlərinə görə, Türkiyənin sərt hərbi cavab verməsi vəziyyəti nəzarətdən çıxara və regional böhranı daha böyük münaqişəyə çevirə bilərdi.
O, Türkiyənin bölgədə getdikcə daha güclü aktora çevrildiyini də qeyd edib:
“Türkiyə hər kəsi narahat edən yeni və güclü bir dövrə daxil olur. Lakin bu, Türkiyə üçün çox yaxşı bir şeydir.”/Azpolitika.info












Bu xəbər üçün şərh yazın