"Azərbaycan mətbuatını gözdən salan adamlara mediada yer olmamalıdır" —

"Azərbaycan mətbuatını gözdən salan adamlara mediada yer olmamalıdır" — Qulu Məhərrəmli ilə MÜSAHİBƏ

Qulu Məhərrəmli: "İnternet televiziyalarına baxanların sayı yerüstü kanallara baxanlardan daha çoxdur"

Faktinfo.az jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmlinin Demokrat.az saytına verdiyi müsahibəsini təqdim edir. 


- Azərbaycan mətbuatının bu gününü necə qiymətləndirirsiniz? Mediamızda mənzərə necədir?


- Əlbəttə, bu gün mətbuatımızda müəyyən proseslər gedir. Keçən il və daha əvvəlki illərdə mətbuatda olan durğunluğu aradan qaldırmağa çalışırlar. Qəzetlər çıxır, düzdür populyar qəzetlərimiz çox azdır. Televiziya kanalları xəbər işini yaxşılaşdırılmağa çalışırlar. Hazırda ən dinamik proseslər saytlarda gedir. Maraqlı rubrikalar yaradılır, mövzu rəngarəngliyi məsələsi gündəmə gəlir. Bunlar hamısı müsbət meyillərdir. Hazırda mətbuatda ümumi mənzərə belədir. KİV-lərdə vəziyyət fərqlidir, amma ümumən baxsaq, vəziyyəti ən yaxşı belə təhlil edə bilərik.


- Bəs indi mətbuatda əsas problemlər hansılardır?


-Təbii ki, problemlər var. Bu gün daha çox yazılı mətbuatda araşdırma yazılarına, cəmiyyəti düşündürən problemlərlə bağlı mövzulara, jurnalist qələmindən çıxan ciddi yazılara ehtiyac var. İndi tənqidlər bir az tik-tok səviyyəsindədir. Tənqidi yazılarda sosial şəbəkələrdən gələn tərz özünü göstərir, amma dediyim kimi ciddi yazılar, araşdırma yazıları çox azdır, tutarlı tənqid də azdır. 


Problemlərdən biri də ana dili ilə bağlıdır. Təəssüf ki, xüsusilə saytlarda çalışan həmkarlarımızın əksəriyyəti Azərbaycan dilini yaxşı duya bilmir, dildə məlumatların ifadəsi ürəkaçan deyil. 


Üçüncü ciddi məsələ isə daimi problemlərdən biri olan peşəkarlıq məsələsidir. İstər qəzetdə olsun, istərsə də televiziya, radiolarda bu problem var, lakin saytlarda daha çox özünü göstərir. Təəssüf ki, saytlarda "copy+paste" məsələsi yenə öz gücündə qalır. Birbaşa obyektlərə gedən, araşdıran jurnalistlər, eksklüziv, orijinal materiallar çox azdır. Bunlar dərhal diqqəti cəlb edir. Bir problem də eyni adamların eyni qəzetlərdə, saytlarda, televiziyalarda yer almasıdır. Cəmiyyəti birrəngli göstərmək olmaz. Youtube kanallarında daha açıq fikirli adamlar danışır, televiziyalarda isə təbliğat yönümlü çıxışlar daha çoxdur, amma əslində hər birində bütün rənglər olmalı, yer almalıdır. 


Bir məsələ də, hökumət adamlarının, iqtidarların YouTube kanallarında yer almamasıdır, onlar bu kanallara ciddi yanaşmırlar ki, bu da çox səhv addımdır və onu aradan qaldırmaq vacibdir.


- Media sahəsində aparılan və nəzərdə tutulan islahatlar nə vəd edir? 


-İslahat vədi həmişə ümidlər oyadır. MEDİA agentliyi yaranandan güman edirdik ki, ciddi addımlar atılacaq, media sahəsinin azadlığı və iqtisadiyyatı ilə bağlı problemləri həll edəcək. Hələ ki, bu baxımdan ciddi addım gözə dəymir. Vəd edilən budur ki, qanun yenilənir, onun üzərində iş gedir. 


Hesab edirəm ki, əsas məsələ ölkədə mətbuatın azadlığını qorumaq, onun peşəkarlığını artırmaq, texnologiyalara geniş meydan vermək, bunun üçün də iqtisadi bazanı möhkəmləndirmək lazımdır. Bu problemlərin həlli bundan ibarətdir. Daha ciddi problemlər var, onlar gedişatda özünü necə biruzə verəcək, bunu təsəvvür edə bilmirik. 


- Mətbuatın milliləşməsi istiqamətində nə kimi işlər görməyə ehtiyac var? 


- Mətbuatın milliləşməsi məsələsinə geniş rakursdan baxanda, çox mücərrəd anlayışdır. Əslində, Azərbaycanda mətbuatı qeyri-milli saymaq olmaz. Mətbuat faktiki olaraq milli mətbuatdır, lakin millilik mətbuatın məzmununda da olmalıdır, tək formasında yox. Azərbaycan dilində fəaliyyət göstərən saytı hələ tam milli saymaq olmaz. Millilik ruhdan, düşüncədən, gündən gəlməlidir. Millilik düşüncəsinin əsasını Üzeyir Hacıbəyov izah edib, yəni mətbuat hansı işləri görməlidir, nə etməlidir, bunu izah edib. Vətən abadlığı, dövlət salamatlığı, camaat firəvanlığı və bütün bunlarla yanaşı istiqlal, istiqlal və yenə də istiqlal. Bunlar bizim milli mətbuatın canıdır, sütunudur, onun görmək istədiyi işlərdir. Bunu mütləq nəzərə almalıyıq. 


- Prezidentin sabiq köməkçi Əli Həsənovun dövründə "5-ci kolon"un adamları mətbuatda kök salmışdı. Onların aradan çıxarılması üçün hansı addımları atmalıyıq? 


- İstər Əli Həsənov olsun, istərsə də onun yetişdirib, bu mətbuatın canına virus kimi saldığı adamlar olsun - bunlar hamısı bir mərhələdir. Hazırda onlar haqda danışmağın mənası yoxdur. Onları tənqid etməklə nəsə qazanmırıq. Əsas məsələ Əli Həsənovla gələn sistemin dəyişməsidir. O, mətbuat azadlığını kifayət qədər boğaraq, ortaya iyrənc vücudlar çıxarmışdı. Onlar bu və başqa formada yenə var, şəkillərini dəyişib özlərinə yer edirlər, amma məsələ bu deyil. Məsələ odur ki, o cür adamlar artıq ortaya çıxmasın, yəni dəyərlərə arxa çevirən, milli düşüncəyə qarşı çıxan, Azərbaycan mətbuatını gözdən salan, sözü ləyaqətsiz şəkildə ifadə edən adamlara mediada yer olmamalıdır. Media şəxsi qərəz, qisas almaq, müharibə aparmaq yeri deyil. Düşüncələr fərqli ola bilər, diskussiyalar ola bilər, amma bunların hamısının içərisində ədəb, mədəniyyət, əxlaq olmalıdır. Bunlarsız bu sistem mümkün deyil. Ona görə çalışmaq lazımdır ki, dediyimiz şəxslər mediada olmasın. 


Hesab edirəm ki onların aradan qaldırılması üçün də media özü şəffaf, açıq fəaliyyət göstərməlidir. Qapalılıq hər zaman bu cür qaranlıq insanları ortaya çıxarır.


- Sizcə, Azərbaycanda mətbuat azadlığı hansı səviyyədədir?


- Bilirsiz, mütləq mətbuat azadlığı heç yerdə yoxdur, nəinki Azərbaycanda. Mətbuat azadlığı indeksinin göstəricilərinə görə, Azərbaycan axırıncı yerlərdən birindədir. 


Şübhəsiz ki, bu, 44 günlük müharibədə internetin məhdudlaşdırılması səbəbilədir. Müharibədən əvvəl də mətbuat azadlığının səviyyəsi ürəkaçan deyildi. Mətbuat azadlığı nədir? İnsanların öz fikirlərini azad şəkildə ifadə edə bilməsidir. Mətbuat azadlığı düşündüklərimizin, yazdıqlarımızın, dediklərimizin ifadə olunması üçün normal mühitin olmasıdır. Bu atmosfer olmayanda mətbuat azadlığı bundan əziyyət çəkir. Azad mühitin, azad şəraitin yaradılması Azərbaycanın adının beynəlxalq təşkilatların "qara siyahı"sına düşməməsi üçün vacibdir. 


İnternet azadlığı da vacibdir, lakin biz müstəqil olan televiziya kanalları, qəzetlərimiz barədə düşünməliyik. Düşünürəm ki, azad mətbuatın olması ilk növbədə dövlətin, hakimiyyətin özünə lazımdır? Niyə? 


Fikir verdinizsə,  müharibə zamanı beynəlxalq təşkilatlar azad medianı əsas mənbə kimi götürürlər. Bu baxımdan, azad medianın olması vacibdir. Turan informasiya agentliyi tam müstəqil fəaliyyət göstərir, amma onun fəaliyyəti üçün nə qədər maneələr yaradılırdı. Azad media qurumlarının olması Azərbaycanda mətbuat azadlığı indeksinin artmasına da səbəb olacaq. 


- Uzun müddət televiziya sahəsində çalışmısınız. Televiziya kanallarının indiki fəaliyyəti ilə bağlı fikriniz maraqlıdır. 


- Hesab edirəm ki, son iki ildə televiziyalarda müəyyən canlanma var, bunu danmaq olmaz. Mən çox zaman televiziya fəaliyyətini tənqid edirəm, amma yaxşıları da demək lazımdır. Məsələn, İctimai televiziyada müəyyən proseslər gedir. AzTV-nin özündə də diskussiya mühiti yaradılıb. Özəl kanallarda da müsbət proseslər gedir, yeniliklər var.  "Arb24", "Real" yaxşı xəbər kanalları olmağa çalışırlar, bu da diqqəti cəlb edir. 


Bizim televiziya atmosferini korlayan şou proqramlardır. Həmçinin bu atmosferi korlayan həm də ciddi diskussiyaların olmamasıdır. Bu gün qəzetlərdən biri "Mənəviyyata qarşı terror" adlı yazı verib. İlk növbədə bu ifadənin özü mənə çox qəribə göründü, çünki bu, dövlət qəzetidir və onlar belə yazı yazırsa, deməli, bu məsələri nəzərə almaq lazımdır. 


- Toxunduğunuz bir məqam çoxunu narahat edir, edir məkanında əyləncəli şou proqramlarının daha çox olması, əslinə maarifləndirici verilişlərin sayının azlığı. 


- Bəli, şou proqramların sayı normaldan artıqdır. Efir məkanımızda biədəb, bəzən düşük görünən əyləncəli proqramların sayı çoxdur. Say çoxluğu bəzən insanları qıcıqlandırmır, o proqramların bədii-estetik səviyyəsi, ordakı aparıcı işi, problemlərə yanaşmalar - tamaşaçını qıcıqlandıran budur. Bir uzun çəkən konsert insanın zövqünü oxşaya bilir, həmçinin şou proqramda da hər şey yerindədirsə, insanı narahat etmir, amma ordakı səviyyəsiz, bayağı, şitlikdir insanları qıcıqlandırır. Televiziyalar buna diqqət yetirməlidir. Məsələn, indi uşaqlar üçün mahnı müsabiqəsi yayımlanır, maraqlıdır, baxılır, insanlar ordakı peşəkarlığı, həyəcanı görür və qəbul edir. Amma tutaq ki, bəzi əyləncəli proqramlardakı ənənəvi aparıcıların ənənəvi səhvləri insanlarda qəzəb yaradır. 


- Sizə elə gəlmirmi ki, MTRŞ televiziyaların fəaliyyətinə daha çox nəzarət etməlidir. Bu mexanizmi necə qurmaq olar? 


- MTRŞ-nin rəhbərliyindəki dəyişiklikdən sonra  kanalların fəaliyyətinin hüquqi tənzimləməsində müsbət meyillər var. Bütünlükdə televiziya kanallarının inventarizisiyası aparılır. İndi televiziya və radio yayımı haqqında qanunun yenidən işlənməsi lazımdır, çünki audiovizual mühit tamamilə dəyişib, yeni çağırışlar, yeni trendlər var. Bunlar hamısı sözügedən qanunda öz əksini tapmalıdır. 


Qurum son dəyişiklikdən sonra kifayət qədər aktivdir, addımları adekvatdır. Əvvəlki kimi yuxarıdan göstəriş versinlər, ona reaksiya verim səviyyəsində deyil. Özləri sistemli monitorinq aparır, nöqsanlara reaksiya verirlər. Yaxın keçmişdə ATV kanalında baş vermiş insidentlə bağlı reaksiya  kanalı da, cəmiyyəti də qane edir. Veriliş hazırlayan adamlar cəmiyyət qarşısında məsuliyyəti hiss etməlidirlər. MTRŞ bu cür davam etsə, yaxşı nəticələr əldə etmək mümkündür. 


- İnternet televiziyalarının sayı gündən-günə artır. Onlar rəqabət yarada, cəmiyyətin informasiya tələbatını ödəyə bilirmi?


- Məncə, bu gün internet televiziyalarına baxanların sayı daha çoxdur, nəinki yerüstü kanallara baxanların sayı. Niyə çoxdur? Əvvəla indiki dövrdə internet televiziyaları bunu yarada və davam etdirə bilirlər.


Digər tərəfdən, orda qoyulan mövzular, dəvət edilən qonaqlar, qaldırılan mövzular heç biri digər televiziya kanallarında qaldırılmır. Düzdür, onlarda peşəkarlıq arzuedilən səviyyədə deyil, amma görünən odur ki, indiki məqamda mövzu, məzmun, onların cəmiyyətə çatdırılması daha çox əhəmiyyət kəsb edir. Ona görə də, o televiziyalara baxanların sayı çoxdur. Məncə, onları əlavə bir informasiya resursu kimi bizim hökumət nəzərə almalıdır və o cür internet televiziyalarına lazımi köməyi göstərməliyik. İndi hamıda smart telefonlardır, insanların əksəriyyəti onlara baxır, yəni həm imkan, həm vaxt, əlçaranlıq baxımından daha sərfəli, yaxşıdır. Ona görə də,  texnologiyanın verdiyi bu imkandan ağıllı şəkildə istifadə etmək olar və lazımdır.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi