Azərbaycanda narkomanlarla bağlı dəhşətlər –

Azərbaycanda narkomanlarla bağlı dəhşətlər – Əvvəllər 99 faizi alkoqolik idi isə,indi 70%i narkomandır

Faktinfo.az Azərbaycanın tanınmış psixiatrı, 30 il narkoloq kimi çalışmış həkim Rüfət Axundov Medicina.az-a narkomaniya ilə bağlı müsahibəsini təqdim edir:

- Rüfət doktor, 30 il Respublika Narkoloji Mərkəzində çalışmışsız. O illərə baxanda, deyə bilərsizmi, indiki narkomanlarla o dövrün narkomanları arasında bir fərq, dəyişiklik varmı?

- Onu deyə bilərəm ki, 25 il əvvəl mən Narkoloji Dispanserdə çalışanda biz müalicə etməyə narkoman tapmırdıq. Tək-tük narkoman var idi, “nəşə çəkən” deyirdilər, hamı adla tanıyırdı. Onların da çoxu həbsdə yatıb çıxanlar olurdu. 99% xəstələr alkoqolik, içki aludəçisi idi.

Hardasa 90-cı illərdən, daha dəqiq 1995-ci ildən bizə “morfinist”lər gəlməyə başladılar.

Sovet İttifaqı dağıldı, sərhədlər açıldı, xaricdən narkotik maddələr ölkəyə gətirildi, narkotik maddə daha əlçatan oldu və narkomafiya genişləndi. Morfi vuranlar çoxaldı, daha sonra heroin çəkənlər də gəlməyə başladı. İndi xəstələrin 60-70%i narkomanlardır.

O vaxtkı narkomanlarla indikilərin bir fərqi var ki, görünüş baxımından ayırd etmək asan deyil, bir də şəxsiyyət dəyişikliyi sürətlə, qısa müddətə baş verir. İndiki narkotiklər daha aqressivdir, insanları qısa müddətə dəyişir. 20 il əvvəl bir-iki növü var idi: tiryək, nəşə. Əgər əvvəl narkomanda şəxsiyyət dəyişikliyi nəşə, tiryək çəkəndə 2-3 ilə olurdusa, indi cəmi 5-6 aya gənc insan tamam dəyişir.

İnsanlar arasında belə fikir yayılıb ki, nəşə yüngüldür, az təsir edir, boş şeydir. Elə deyil. Hər bir narkotikin ziyanı var və orqanizmdə, beyində dəyişikliklər yaradır.

- İndi hansı narkotiklər dəbdədir?

- İndi dəbdə olan amfetamin, metamfetamin – “şüşə” deyilən maddədir. Bu maddəni II Dünya müharibəsi dövründə alman nasistləri icad ediblər. Alman əsgərlərinə az-az verirdilər ki, yatmasınlar. Bu, qorxu hissini götürür, insan yemir, qorxmur, oyaqdır – yəni əsl əsgər olur.

Çox qorxunc narkotikdir, 5-6 aydan sonra şəxsiyyət dəyişikliyi yaradır. Əvvəlki narkotiklər, məsələn, nəşə, heroin daha gec təsir edirdi.

Narkoman cəmiyyətdən uzaqlaşır, işləmək, oxumaq istəmir. Ailədən uzaqlaşır. “Şüşə” maddəsi yuxu vermir, insan yatmaq istəmir, beyin daim aktiv, oyaq olur, bu da xəstəni əldən salır. Yemək istəmirlər, iştahaları sönür, çəki itirirlər.

Bir də təmizlənməmiş heroin çox çəkilir – buna “kokos” deyirlər.

Ən bahalısı kokaindir.

Narkomaniya da bir biznesdir. Bunu pul qazanmaq üçün yaradıblar və bu, davam edəcək. Dünyada yeni-yeni narkotik vasitələrin üzərində alimlər laborantlarıyla işləyir. Bunlar hamısı milyardlar qazanmaq üçündür.

- İlk dəfə narkotiki bu insanlara kim daddırır, kim öyrəşdirir?

- Çoxu dostları, bəzən qohumlar. İnsanın mühitindən, ailədən asılıdır. Valideyn uşağı özbaşına, öz dərdi ilə baş-başa cəmiyyətə buraxırsa, əlbəttə, uşaq valideyndən uzaqlaşır, ailədə dostu yoxdur. Özünü tək hiss edir. Kimləsə məsləhətləşmək istəyir. Dostlarından da biri narkotik verir ki, al bir dadına bax, yaxşı olacaq. O da inanır. Əgər ata-ana ilə dostluq münasibəti, etibar yoxdursa, uşaq o münasibəti kənarda axtaracaq.

- Bir dəfə dadına baxmaqla tələyə düşür?

- Belə bir statistika var ki, bir dəfə dadanların 15%-i narkotik asılılığı yaranır. Qalanları isə dadına baxır, təsiri xoşuna gəlmir, ya eyforiya həzzi almır, ya əksinə, pis təsir edir, ondan sonra dilinə vurmur. Ya da bir dəfə dadına maraq üçün baxır, belə deyirlər, gözünün qurdunu öldürür, amma həyatı, mühiti, işi gücü elədir ki, bir də yadına düşmür. Hər şey mühitdən asılıdır. Cavanlar eksperiment etməyi xoşlayır.

- Narkoman özü könüllü müalicəyə müraciət edirmi? Və bundan tam sağalmaq mümkündürmü?

- Azərbaycanda narkomanların dövlət xəstəxanasında müalicəsi Respublika Narkoloji Mərkəzində aparılır. Orda həm stasionar var, həm reabilitasiya keçirlər. Son illər yeni, özəl mərkəzlər də açılıb. Özəl psixiatr, narkoloqlara da müraciət edə bilərlər.

Narkomanlar adətən həkimə xəstəliyin şiddətli mərhələsi olan “lomka” deyilən məqamda üz tutur. Bu zaman dəhşətli ağrılar olur, yuxu, əsəb pozulur, özlərini idarə edə bilmirlər. Bu dövrdə 10-15 gün xəstəxana şəraitində qalıb müalicə alırlar. Gələndə söz verirlər ki, doktor, bizi “lomka”dan çıxart, bu bəladan qurtar, sonra qalanı mənlikdir, özümə gəlim, işə gedə bilim, davam edəcəm müalicəyə, narkotikə əlimi vurmayacam. Və 99% hallarda da bu vədlərinə əməl etmirlər, narkotikə qayıdırlar. Kimisi bir neçə həftəyə, kimisi də bir neçə aydan sonra.

Xəstə stasionarda müalicə alıb, “lomka”dan çıxdıqdan sonra psixiatr, psixoloqlarla müalicəsi davam etməlidir. Onu normal cəmiyyətə qaytarmaq lazımdır.

Amma narkomaniyadan tam, 100% sağalma yoxdur. Narkomaniya xroniki xəstəlikdir. Necə ki, diabet, xərçəng və s. kimi. Bu xəstəlikdə müalicədən sonra remissiya əldə edilir. Bu da davam edə bilər 1 ay, 5 ay, 3 il, 5 il. Ola da bilər ömürlük. Ola bilər, xəstə 5 il remissiyada olur, sonra bir dəfə dadına baxır, iradəsinə güc gələ bilmir, yenidən qayıdır aktiv narkomanlığa.

Hər şey xəstənin özündən asılıdır. Narkomaniyanın növləri, xəstəliyin mərhələləri var. Əgər 2-3-cü mərhələdirsə, artıq şəxsiyyət dəyişikliyi əmələ gəlib, onu cəmiyyətə sağlam qaytarmaq çox çətindir.

- Valideynlər niyə bu qədər gec xəbər tutur? Övladının narkoman olduğunu hansı əlamətlərdən sezə bilərlər?

- Çox zaman ailə uşağın narkotik çəkdiyini 1-2 il keçəndən sonra xəbər tutur. İlk başda heç şübhələnmirlər də.

Bayaq qeyd etdim, indiki müasir “şüşə” kimi narkotik maddələr gəncləri daha tez dəyişir, mərhələlər sürətlə keçilir. Valideyn xəbər tutanda gec olur, bu zaman həkim üçün də çətindir.

Hətta peşəkar həkim belə ilk baxışdan hiss etməz. Valideynlər uşaqlarından şübhə etmir, inanır, kim düşünə bilər ki, oğlu və ya qızı narkotik çəkir. İnanmaq çətindir.

Əsas əlamətləri bunlardır: davranış getdikcə dəyişir, çox şeylərə maraq sönür, işə, dərsə getmək istəmir, əsəbi olur, kobudluq edir, xasiyyəti dəyişir, yuxusuz olur, göz bəbəkləri ya genişlənir, ya da çox yığılır. Əşyalarını satır, evdən pul oğurlayır; daim pul istəyir, amma nə aldıqları məlum olmur. Borcları çox olur. Əvvəl oturub-durduğu yoldaşları ilə daha görüşmür, təzə adamlar meydana çıxır.

Ata-ana ciblərini axtaranda nəsə tapırlar - ya tablet, ya toz çıxır. Ondan sonra düşürlər əl-ayağa. Uşağı müalicəyə də gətirmək çətin olur.

- “Lomka” dediyiniz kəskin dövrdə nə baş verir ki, xəstə dözmür?

- Narkotik və içki insanda əvvəlcə eyforiya yaradır. Sakitlik yaradır, həzz alır. Problemləri həll etmiş kimi hiss gəlir. İnsan özünü güclü hiss edir. Sonra bədən öyrəşir, fiziki asılılıq yaranır. Getdikcə bu asılılıq artır, narkoman narkotiksiz yaşaya bilmir. Narkotiki azaldanda, tərgitmək istəyəndə “lomka” deyilən kəskin vəziyyətə düşürlər.

Şiddətli, dözülməz ağrılar olur. Yuxusuzluq, ürəkbulanma, qusma, iştahasızlıq, əsmə, əsəbilik… Bundan çıxış yolu ancaq xəstəxanadır. Evdə qalmaq və ya ailənin onu bu vəziyyətdən özləri çıxarması çətindir.

- Əsas hansı müalicə metodlarından istifadə edilir. Məsələn, siz necə müalicə edirsiz? Nələr effekt verir?

- “12 addım” adlı anonim narkomanlar proqramı var. Dünyada qəbul edilib, çox effektivdir. Buna kəskin vəziyyətdən çıxandan sonra bəzi narkomanlar, təcrübəsi çox olanlar evdə belə həmin vəziyyətdən çıxa bilirlər. Bunun yolunu bilirlər. Müəyyən dərmanları qəbul edirlər.

“Lomka” dövrü xəstəxanada dərmanlarla müalicə edilir, sonra reabilitasiya. Mən dərmansız müalicə edirəm. Bura xüsusi proqram, evdə məşqlər, əlavə hobbilər, idman, psixoterapiya daxildir.

Bu metodlar da 5 nəfərdən 1-2-də effekt verir. 3-4 dəfə xəstə ilə ünsiyyətdən sonra görürəm ki, alınmır, dayandırıram.

Xəstəyə birinci ev tapşırıqları verirəm. Autogen məşqlər keçməlidir. Narkomanlar mühitdən uzaqlaşmalıdır. O, dostları çağıranda getməməlidir. Telefon nömrəsini dəyişməlidir. Tam əlaqəni kəsməlidir. İdmanla məşğul olmalıdır. Dinlə maraqlana bilər. Kitablar oxumalıdır. Müəyyən məşqləri etməlidir.

Çox çətindir, hər insanda alınmır. Belə xəstələrə reabilitasiya mərkəzlərində psixoloqla qrup şəklində keçəndə maraqlı olur. Görür ki, o, tək deyil. Bir-birlərinə baxıb həvəslənirlər.

İdman çox kömək edir. Maraq, özünə inam yaradır. Narkomaniyada hipnozdan da istifadə etmək olar. Amma elə bir psixoloji üsul yoxdur ki, narkomaniyanı tam müalicə etsin.

- Təcrübənizdə olubmu ki, narkoman tam bu bəladan qurtulsun, yəni bir daha qayıtmasın?

- Olub, çox olub, 25 yaşda gələnlər var idi, indi 35-40 yaşları var, bir daha qayıtmayıblar narkotikə. Əksər insana din kömək olub. Namaza başlayır, narkotikdən uzaqlaşır, bununla ömürlük tərgidir. Məscidlərə gedir, ətrafı dinə bağlı adamlar olur, bu da rol oynayır.

Cəmiyyətə qayıtmaq üçün sosial reabilitasiya lazımdır. Xəstə özünə yeni iş, yeni ətraf, hobbi tapmalı, dinlə maraqlanmalı, insanlarla ünsiyyətdə olmalıdır.

Hər şey ailədən başlayır. Uşağı körpəlikdən öyrətmək lazımdır ki, nə pisdir, nə yaxşıdır. Valideyn öz timsalında, misalında sözlə yox, əməli ilə, davranışı ilə göstərməlidir oğluna. Uşaqdan uzaqlaşırlar, dərdini-sərini bilmirlər, bir balaca çətin xarakteri olanda ancaq danlayırlar. Uşağın maraqlarının əsasını uşaqlıqdan qoymaq lazımdır.

Kişinin məşğul ola biləcəyi o qədər sahələr var ki: şahmat, idman, ovçuluq, balıqçılıq, kitablar, müxtəlif dərnəklər. Enerjisini heç bir şeyə sərf etməyən, nədənsə təbii həzz ala bilməyən, küçədə gəzib-gəlib evdə yeyib-yatan uşaq təbii ki, bir az çətinə düşən kimi narkotikə meyillənəcək.

- Gənc ailələr dağılanda çox zaman qızlar deyir ki, oğlan narkoman imiş, bilməmişik. Bəs qızın ailəsi, ya özü öncədən necə hiss edə bilər ki, oğlan narkomandır?

- İnsanı bir müddət tanımaq lazımdır. Tez, qısa müddətdə toy etmək, evlənmək olmaz. Ən azından 1 il tanış olsunlar, oğlan özünü necə aparır, bunun çevrəsi nədir, marağı nədir? Ola bilər, görüşə gedir, oğlandan içki iyi gəlmir, amma özünü sərxoş kimi aparır. Qız bundan şübhələnməlidir. Ya göz bəbəkləri çox genişlənir, ya qıyıqlaşır. Buna diqqət etmək lazımdır.

- Bəzən el içində deyirlər, evlənsin, uşağı olacaq, düzələcək. Bir həkim kimi necə düşünürsüz, narkoman oğulu evləndirmək olarmı?

- Mən birmənalı olaraq deyirəm: YOX. Ana-ata narkotik asılılığı olan övladını evləndirməməlidir. Onu müalicə etməlidir, uzun müddətli remissiya olmalıdır, 2-3 il narkotikə qayıtmasa, ondan sonra evləndirmək barədə düşünmək olar.

Narkoman üçün narkotik dünyanın ən sevimli, dəyərli vasitədir. Narkotik onun üçün ailəsindən də, dostlarından da qiymətlidir. Narkomandan xəstə uşaq olması ehtimalı çoxdur. Narkoman evlənsə də, uşağı olsa da, narkotikdən əl çəkmir, əksinə, daha da pis olur. Ailə, uşaq, evin qayğısı, problemlərinə dözə bilmir. Narkomandan ailəsinə baxan olmaz.

Narkomana pul vermək olmaz. Bir dəfə 2 dəfə verirsiz ki, sakitləşsin, xəstədir. Olmaz.

Narkomanı ailə pulla təmin etdisə, o xəstə heç vaxt sağalmaz. Əksinə, xəstəyə şərait yaradırlar, o da rahatlaşır. İlk müddət 300-500 manatla ailə elə bilir, heç nə olmaz. Amma sonrakı illərdə bu məbləğ artır, doza artır, daha fərqli maddələrə keçir: deqradasiya olacaq, “lomka”lar çox olacaq, bədənində müxtəlif xəstəliklər yaranacaq. Pul olmayanda da oğurluğa başlayacaq. Ona görə də deyirəm ki, xəstəyə heç bir halda pul vermək olmaz.

- Bəs nə etsin ailə?

- Narkomana kömək etmək lazımdır, onun müalicəsi üçün. Müalicə almırsa, buraxmaq lazımdır. Getsin işləsin, cinayət edərsə, tutulsun. Doza artıqlığından ölə də bilər, xəstəxanaya da düşə bilər, polis də tuta bilər. Özü öz həyatına cavabdehdir. Yox, əgər bezib, gəlib kömək istəsə ki, müalicə istəyirəm, onda dəstək lazımdır. Narkomanın problemi bütün ailənin dərdi olmamalıdır.

- Bəs narkoman ərə bir qadının dözməsi, uşaqları ilə birgə onunla bir evdə yaşaması, nə vaxtsa düzələcəyinə ümid etməsinə dəyərmi?

- Məncə, yox. Narkotikdən asılı olan insana müalicə məqsədilə 1-2 dəfə kömək edə bilər. Həyat yoldaşı da 1-2 il görsə ki, müalicə olmadı, boşanmaq, məncə, ən düzgün yoldur. Uşaqlar o mühitdə böyüməməlidir. Onları narkomana dözməyə məcbur etmək lazım deyil. Çox zaman bizim cəmiyyətdə qadınlar qorxur, ya qınaqdan çəkinir boşanmır, dözür, gedəcək yerləri olmur. Əvvəldən belə olub. Amma narkomana dözmək lazım deyil. Sağlam bir insanın ömrünü narkomana qurban verməsinə dəyməz. Hər insanın bir ömrü var.

Həyat müqəddəsdir. İnsan yaşamaq hüququndan istifadə etməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi