"Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Arif Paşayev" adlı biblioqrafiya nəşr olunub
2024-cü ildə Azərbaycan elminin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının və bir çox beynəlxalq akademiyaların akademiki, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayevin 90 yaşı tamam olur.
Akademikin elmi fəaliyyətinin 65 ilinin tamam olmasını nəzərə alaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından fundamental biblioqrafiya nəşr olunub.
İndiyədək akademik Arif Paşayev haqqında bir neçə biblioqrafiya tərtib olunub. Bu biblioqrafiyaların alimin yaradıcılığını tam əhatə etməməsini nəzərə alaraq M.F.Axundov adına Milli Kitabxana daha mükəmməl bir fundamental biblioqrafiya hazırlayaraq mütəxəssislərin və oxucularin istifadəsinə təqdim edib. Yeni nəşr olunan biblioqrafiya daha da təkmilləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə edilib.
Biblioqrafik göstərici 1960-2024-cü illərə aid materialları əhatə edir. Biblioqrafiyada akademik Arif Paşayevin əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş məqalələri, xarici dillərdə çap olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, habelə görkəmli akademikin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.
Biblioqrafiyada verilmiş “Arif Paşayev dünya milli kitabxanalarında” və “Arif Paşayev dünya universitetlərinin kitabxanalarında” bölmələrində toplanan sənədlər akademikin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur.
Qeyd edək ki, vəsaitin tərtibçisi professor, Əməkdar müəllim Xəqani Abdullayev, elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, məsləhətçiləri iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, ön sözün müəllifləri isə akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Misir Mərdanovdur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın