“DSMF mənim pulumla ildə ən azı 2000-2500 manat qazanırsa, bəs bu vəsaitdən mənə niyə pay vermir?”

“DSMF mənim pulumla ildə ən azı 2000-2500 manat qazanırsa, bəs bu vəsaitdən mənə niyə pay vermir?” – Natiq Cəfərli

Dünyada özəl təqaüd fondları böyük gücə, çoxşaxəli investisiya portfelinə malikdirlər.

Vətəndaşlarla birbaşa və fərdi müqavilə bağlayan özəl təqaüd fondları öz yatırımlarından əldə etdikləri qazancı da fərdi müqavilələrdə nəzərdə tutulmuş qaydada vətəndaşlarla bölüşürlər. Bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüzminlərlə insanın çalışdığı iş yerləri yaradırlar. Çox sadə izah edim: Fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin, toplanan vəsaitdən Fondlar yatırım edirlər, pul qazanırlar, yəni, təqaüd fondları faktiki investisiya fondlarıdırlar. Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır.
Bizdə dövlətin əlində olan DSMF icbari qaydada vəsait toplayır, birimizlə heç fərdi müqavilə bağlamayıb, biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik, amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur.

İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varmış (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) və Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da “investisiya fəaliyyəti” qoyub”.

N.Cəfərli bildirib ki, yaranmış vəziyyətlə bağlı bir neçə vacib sual yaranır:

“1) DSMF hər il büdcədən dotasiya alır, yaxşı, sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır?!
Məsələn, 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq,

2) DSMF vətəndaşdan topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını “investisiya” qoyur, yaxşı, bəs vətəndaşın pulunu banka qoyub faiz qazanırsa, ondan vətəndaşa niyə pay ayırmır?!
Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var, Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanırsa, bəs mənə niyə bu vəsaitdən pay vermir?!

DSMF normal investisiya Fondu olsaydı, zavod-fabrik, xidmət sahələrinə vəsait, investisiya qoyub yeni iş yerləri, iqtisadi fürsətlər, qazanc mənbəələri yaratsaydı dərd-yarı idi, amma adamlar primitiv üsulla camaatdan yığdığı vəsaiti banka depozitə qoyub faizə görə pul qazanırlar, bundan fonda vəsait ödəyənlərə pay vermirlər – bunun adı investisiya deyil e, vətəndaşı dolamaqdır”.

/Teref.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi