
DTX Mətbuat xidmətinin məlumatı
BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirilmişdir.
29–30 iyun 2026-cı il tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında “BMT-nin Dördüncü Antiterror Həftəsi” çərçivəsində “BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksək Səviyyəli Konfransı” baş tutmuşdur.
BMT-nin qlobal antiterror strategiyasının nəzərdən keçirilməsinə və əlaqəli məsələlərə həsr edilmiş tədbirdə Azərbaycan Respublikasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
29 iyun 2026-cı il — Yüksək Səviyyəli Konfrans günündə BMT-nin Baş Qərargahında “Terrorçuluğa Qarşı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi: Bakı Təhlükəsizlik Forumunun Perspektivləri” mövzusunda qəbul və təqdimat mərasimi keçirilmişdir.
Aparıcı beynəlxalq təşkilatların və terrorla mübarizə orqanlarının rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi mötəbər tədbirdə BMT-nin Terrorçuluğa Qarşı Mübarizə Ofisinin baş katibi Aleksandr Zuyev və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev çıxış etmişlər.
Daha sonra DTX rəisinin müavini, Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin üzvü Həsən Mansurov tərəfindən Bakı Təhlükəsizlik Forumu və onun operativ platforması — Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) haqqında təqdimat edilərək cari vəziyyət və perspektiv planlar barədə geniş məlumat verilmişdir.
Təqdimatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin ünvanıdır” fikirlərinin əməkdaşlıq mühiti üçün mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
Eyni zamanda, Bakı Təhlükəsizlik Forumunun BMT-nin beynəlxalq təhlükəsizlik prinsiplərinə əsaslandığını qeyd edən Həsən Mansurov qısa müddət ərzində müvafiq təsisatın təhlükəsizlik və xüsusi xidmət orqanlarını eyni məqsədlər ətrafında birləşdirən mühüm məkana çevrildiyini diqqətə çatdırmışdır. Bu xüsusda 100-dən çox ölkənin 150-dən artıq təhlükəsizlik və kəşfiyyat qurumunu əhatə edən Bakı Təhlükəsizlik Forumunun daimi Katibliyinin formalaşdırıldığı, onun hüquqi-institusional inkişafı və beynəlxalq təşkilata transformasiyası istiqamətində tədbirlərin davam etdirildiyi bildirilmişdir.
Bakı Təhlükəsizlik Forumunun fəaliyyətinə dair videoçarxın nümayişindən sonra tədbir “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında “Yallı” və “Azərbaycan” rəqsləri ilə davam etmiş, iştirakçılar arasında işgüzar görüşlər keçirilmişdir.












Bu xəbər üçün şərh yazın