Ekoloji mühitin qorunması mühüm əhəmiyyət kəsb edir

Ekoloji mühitin qorunması mühüm əhəmiyyət kəsb edir 

Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, zaman-zaman aktuallığı ilə hər kəsin diqqətini cəlb edib.

 Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyatı dövlət qurumları tərəfindən, yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elmdir. Bu sahə canlı və cansız оrqanizmlərin bir-biri ilə, həmçinin хarici mühitlə  qarşılıqlı əlaqələrini tənzimləyir, оnların yaşayış tərzində, inkişafında, çохalmasında belə bir amillərin rоlu olduqca böyük olur. Bundan əlavə, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini, təbiətin dialеktikasını da izahlı şəkildə öyrədir.

 Bir faktı da qeyd edək ki, müasir bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, bir o qədər də  çətin məsələdir. Son illər bu sahəyə aid xarici dillərdə çoxlu dərsliklər, məşhur elmi kitablar nəşr olunur, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, eyni zamanda bu sahəyə aid aparılan tədqiqat işlərinin tematik topluları işıq üzü görür.

  Ekologiya terminini 1866-cı ildə ilk dəfə olaraq alman bioloqu Ernst Hekkel  "Orqanizmin ümumi morfologiyası"  əsərində işlətmiş, az sonra bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel hər bir orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Uzun müddət ərzində ekologiya biologiya sözünün dar mənasında işlənsə də, gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra, bu sahə, yəni müasir ekologiya formalaşmağa başlayır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya elmi adlanır. Bəli, bütün bunlar onu sübut edir ki, ekologiya sahəsi canlı və cansız orqanizlərin yaşayış tərzinin müəyyən olunmasında,  ətraf mühitdə əmələ gələn bir çox hadisələrin, müəyyən problemlərin araşdırılıb öyrənilməsində və s. əvəzsiz rola malikdir.

   O halın varlığını da qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, əksər dövlət qurumlarının daha təkmil qaydada formalaşmasına, bəzilərinin isə yenidən yaradılmasına qərar verildi. Bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, yeni yaradılan dövlət qurumlarından biri oldu. Belə ki, adı çəkilən nazirlik 23 may 2001-ci il tarixdə ümummilli lider Heydər Əliyevin imzaladığı Fərman əsasında yaradılıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin isə,16 may 2007-ci il tarixdə imzaladığı Sərəncam əsasında, ölkəmizdə hər ilin 23 mayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunur. Bu nazirliyin əsas funksiyası ölkəmizin ərazi hüdudlarında, o cümlədən Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühiti qorumaq, ətraf mühitdən istifadəni təşkil etmək, hidrometeoroloji proseslərin müşahidəsini və proqnozlaşdırılmasını həyata keçirməkdən ibarətdir. Belə bir mühüm vəzifələrin həyata keçirilməsindən əlavə, Nazirliyin qarşısında bugünkü və gələcək nəsillərin sağlamlığını təmin etmək, iqtisadi potensialın qorunmasını və təbii ehtiyatlardan səmərəli istifadə olunmanı təşkil etmək və s. kimi strateji məsələlərin həlli, qarşıda duran əsas vəzifələrdir.

   Bu gün ölkəmizin əksər sahələrində olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və bu sahədə tarazlığın qorunub bərpa olunması istiqamətində də, mühüm işlərlər görülməkdədir. Fakt budur ki, indiyə kimi bu sahə ilə bağlı çoxsaylı  proqramlar uğurla həyata keçirilib. Yəni, ekoloji tarazlığın qorunması sahəsində çoxsaylı addımlar atılıb. Beynəlxalq ekoloji proqramların uğurla həyata keçirilməsi, təbii sərvətlərin mühafizə olunması, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində mühüm rol oynayıb.

 Hər kəsə bəllidir ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, bu gün də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların və parkların salınması və s. məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişafında mühüm rol oynadı.  Atılan addımların nəticəsidir ki, indiyə kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub.1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, respublikamızın hər sahəsində, ələlxüsus paytaxt Bakı şəhərinin yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına xüsusi diqqət yetirilir.

   Hal-hazırda tam əksəriyyət o halın varlığından da xəbərdardır ki, bu gün ölkəmizdə ekoloji problemlər dövlət səviyyəsində həll olunub, bu sahədə əmələ gələn bəzi problemlərin aradan qaldırılması istiqamətində isə, müəyyən addımlar atılmaqdadır. Müstəqil Azərbaycan Respublikasının qurucusu, mərhum prezidentimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən cənab Prezidentimizin imzaladığı fərmanlarda, qəbul olunan proqramlarda əsas məqsəd, biomüxtəlifliyin mühafizəsini təşkil etmək, meşəçiliyin inkişafına nail olmaq, yaşıllıqların artırılmasını həyata keçirmək və digər addımları atmaq, məhz qarşıya qoyulan əsas vəzifələrdir.

 2010-cu ilin “Ekologiya ili” elan olunması isə bir daha onu sübut etdi ki, cənab Prezident ətraf mühitə qarşı hər zaman olduqca həssas və diqqətcildir. Bundan əlavə, ölkə rəhbəri tərəfindən ekologiya sahəsinə aid bir neçə sərəncamın imzalanması, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan bəzi ağac növlərinin artırılması, qorunması və s. dövlətimizin ekologiya sahəsində həyata keçirdiyi siyasətin əsas prioritetləridir. Son illər respublikamızın bir çox ərazilərində, ayrı-ayrı yaşayış massivlərində, hətta Bakı şəhərində ağacəkmə aksiyalarının həyata keçirilməsi, ətraf mühitin qorunması və yaşıllaşdırılması yöndə atılmış addımlar oldu. Hər kəsə bəllidir ki, ilin ayrı-ayrı vaxtlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin bərpa olunması yöndə müəyyən tədbirlər həyata keçirilir, meşə zolaqlarındakı boş sahələrə yeni ağac şitilləri əkilir, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması istiqamətində lazımi addımlar atılır.

 Əldə ediyimiz bəzi məlumatlara görə, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamenti tərəfindən meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların erroziyası təhlükəsinin qarşısını alınması, bütövlükdə ekoloji sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədilə, ölkəmizin təqribən 42,3 min hektar meşə fondu torpaq sahələrinə yüksək səviyyədə xidmət göstərilib. Bundan əlavə, təqribən 10,2 min hektar sahədə isə, meşəbərpa tədbirləri həyata keçirilib.

  Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri də, ölkəmizin ayrı-ayrı ərazilərində plastik və polietilen məhsullardan istifadənin azaldılması istiqamətində müəyyən addımları atmaqdır. Fakt budur ki, hal-hazırda ölkəmizin müxtəlif bölgələrində plastik qabların toplanılması məqsədilə konteynerlər yerləşdirilir, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə, müəyyən təbliğat işləri də aparılır. Bundan əlavə, nazirlik əməkdaşları tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üçün,  beynəlxalq təcrübə öyrənilir. Bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək problemlərin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiqi, beynəlxalq təşkilatlarla və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi getdikcə artırılmaqdadır. Ötən illər ərzində Nazirlik tərəfindən milli parklarda ekoturizmin inkişafına da xüsusi diqqət yetirilib. Belə bir səbəb üzündən də, milli parklarımızı ziyarət edən turistlərin sayı ildən-ilə çoxalmaqda davam edir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, bu gün ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Sonuncu milli park, yəni“Qızılağac Milli Parkı” bir neçə il bundan öncə cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılıb.

   Bütün bunlar onu qeyd etməyə əsas verir ki, ölkəmizin ekologiya sahəsində əmələ gələn hər bir problemi diqqətdə saxlamaq və aradan qaldırmaq üçün, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının üzərinə böyük məsuliyyət yükü düşür. Ötən 18 il ərzində adı çəkilən bu Nazirliyin təkmilləşməsi, hər cür avadanlıqlarla təminolunmanın dolğun şəkildə ödənilməsi, çevik idarəçilik metodlarının tətbiqi və s. kimi halların varlığı, hər bir ekoloqun peşəkar mütəxəssisə çevrilməsinə səbəb olmuşdur. Belə bir halların varlığı da, ölkəmizin ekologiya sahəsini lazımi səviyyədə diqqətdə saxlamağa imkan verir.  Şükürlər olsun ki, son zamanlar daha uğurlu addımlar atılır. Cənab Muxtar Babayevin diqqət və qayğısı sayəsində indiyə kimi bu sahədə mövcud olmuş problemlər aradan qaldırılıb, bəzilərinin də həlli yöndə lazımi addımlar atılmaqdadır. Bütün bunlar onu sübut edir ki, ekologiya sahəsinə diqqətin artırılmasını, bu gün zamanın özü tələb edir.

Məhəmməd Adiyev

Masallı Regional Meşə Təsərrüfatı 

Mərkəzinin 1 saylı Meşəbəyliyinin meşəbəyisi

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi