Ekologiya və Təbii Sərvətlər Nazirliyində CİDDİ POZUNTULAR – Hesablama Palatası AÇIQLADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyində CİDDİ POZUNTULAR – Hesablama Palatası AÇIQLADI 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) aparılan yoxlamalar zamanı qurumun fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.Hesabatlarda əhəmiyyətli təhriflərə yol verilib.

Faktinfo.az xəbər verir ki,bu barədə Hesablama Palatasından Yenicag.az-a daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Hesablama Palatasının 2022-ci il üzrə İş Planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair aparılmış uyğunluq auditi 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək olan dövrü əhatə edib.

Nazirliyin tabeliyində büdcə təşkilatı qismində fəaliyyət göstərən İdarə üzrə auditlə əhatə olunan dövrdə ümumilikdə 19514,3 min manat təşkil edən kassa icrasının (xərclərinin) əsas tərkib hissələri kimi 48,1 faizi əməyin ödənişinə, 25,4 faizi yanacaq və sürtkü materiallarının alışına, 6,4 faizi nəqliyyat vasitələrinin cari təmirinə, 5,9 faizi nəqliyyat vasitələrinin alışına, 14,2 faizi isə digər mal, iş və xidmətlərin alışına yönəldilib.

Audit nəticəsində aşağıdakılar müəyyən edilib:

Əsasnaməsi Nazirliyin 21.01.2010-cu il tarixli Əmri ilə təsdiq edilmiş İdarənin sonrakı dövrlərdə strukturunun əhəmiyyətli dəyişdirilməsi, o cümlədən auditlə əhatə olunan dövrədək regional şöbə və su nəqliyyatı xidmətinin yaradılması, nazirlik sistemi üzrə əsasən bütün nəqliyyat vasitələrinin və texnikaların İdarəyə təhvil verilməsi, ştat vahidlərinin artırılması, dövlət büdcəsinin vəsaitlərinə olan tələbatın bu dəyişikliklər nəzərə alınmaqla proqnozlaşdırılması və icrası ilə bağlı tədbirlər faktiki olaraq reallaşdırılsa da, Əsasnamənin yeni institusional quruluşa uyğunlaşdırılması işləri aparılmayıb.

İdarənin balansında (sərəncamında) işlək vəziyyətdə (auditlə əhatə olunan dövrdə yanacaq və ehtiyat hissələri üzrə xərc çəkilməsinin nəzərə alınması şərti ilə) müxtəlif tutumlu olmaqla, ümumi sərnişin tutumu 429 nəfərə bərabər olan 31 ədəd mikroavtobus və avtobusların, eyni zamanda 516 ədəd yük avtomobilinin və texnikaların mövcud olması şəraitində nəqliyyat xidmətlərinin kənar hüquqi şəxslər tərəfindən qarşılanmasına tələbatın yaranması adı altında müvafiq satınalma prosedurları keçirilib və bağlanmış üç müqavilə üzrə 923,4 min manat dəyərində sərnişin və yükdaşıma kimi nəqliyyat xidmətlərinin alışına yol verilib.

İdarənin geniş maddi-texniki bazasının mövcud olmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə qeyri-büdcə mənbələrindən daxilolma potensialının reallaşdırılması istiqamətində zəruri tədbirlərin yerinə yetirilməsi yetərincə təmin edilməmiş, büdcədənkənar əməliyyatlardan 2020-ci ildə 138,8 min manat və 2021-ci ildə 342,6 min manat məbləğində gəlir əldə olunub ki, bu da mövcud resurslarla (imkanlarla) müqayisədə çox aşağıdır.

Elektron satınalmaların qalibləri ilə 159,4 min manat və 229,0 min manat olmaqla bağlanmış müqavilə məbləğləri, müvafiq olaraq 53,9 faiz və 43,5 faiz səviyyəsində icra olunmuşdur ki, bu da “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsi ilə uyğunsuzluqlara səbəb olmaqla həmin satınalma proseduru çərçivəsində dövlət vəsaitlərinə olan tələbatın düzgün müəyyənləşdirilməməsini demək üçün əsaslar yaradıb.

İdarə tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əməl olunmadan müvafiq satınalma prosedurları tətbiq edilməyərək gəmi heyətinin ərzaq məhsulları ilə təminatı (qidalanması) və gəmidə təmizlik xidmətlərinin göstərilməsi üçün 01.09.2020-ci il tarixli müqavilənin rəsmiləşdirilməsinə və ümumilikdə 40,6 min manat (o cümlədən, 2020-ci ildə 3,9 min manat, 2021-ci ildə 36,7 min manat) məbləğində vəsaitin xərc edilməsinə yol verilib.

Yanacaq məhsullarının alışına görə İdarənin maliyyə (mühasibat) uçotu üzrə debitor borclarının həcmi 01.01.2020-ci il tarixinə 553,6 min manat, 01.01.2021-ci il tarixinə isə 132,1 min manat məbləğində əks etdirildiyi halda, 01.01.2022-ci il tarixinə 27,8 min manata bərabər olmaqla auditlə əhatə olunan dövrdə 95,0%-ə yaxın azalmışdır ki, bu da əvvəlki illər üzrə proqnoz və icra göstəricilərinin tələbatdan artıq həcmlərdə rəsmiləşdirildiyini göstərir.

Təhlükə potensiallı obyektlər kimi qeydiyyatdan keçirilməsi dövlət reyestrindən çıxarışlarla təsdiqlənməyən yanacaq doldurma məntəqələrindən ümumilikdə 572,8 min manat məbləğində yanacağın dəyəri ödənilməklə elektron qaimə-fakturalarla alışının rəsmiləşdirilməsinə yol verilib.

İdarə üzrə ştat cədvəlləri təsdiqlənərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarları ilə təsdiq edilmiş müvafiq normativlərə əməl edilməməklə, “Şöbə rəisi” vəzifəsi üzrə əməyin ödəniş dərəcəsi “Baş mütəxəssis-şöbə müdiri” kimi sənədləşdirilməklə 3 vahid artırılaraq 17-ci dərəcə ilə, eyni zamanda traktorçuların əməyinin ödəniş dərəcələri (mexanizmlərin mühərrikinin at gücünə görə müəyyənləşdirilməli olduğu halda) yüksək götürülmüş və ümumilikdə 90,1 min manat məbləğində əməkhaqqı artıq hesablanıb və ödənilib.

Auditin keçirildiyi dövrün sonunadək dövlət qeydiyyat nişanlarının alınması təmin edilməyən buraxılışı 1983-2017-ci illər aralığında olan 81 ədəd (alış dəyəri 4340,3 min manata bərabər olan) nəqliyyat vasitəsi və mexanizmlər İdarə tərəfindən istismar edilmişdir ki, bu da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələbləri ilə uyğunsuzluqlara səbəb olmaqla yanaşı, həmin texnikaların bir qismi ehtiyat hissələrinin mənbəyi kimi sökülərək yararsız hala salınıb.

İdarə tərəfindən 21,5 min manat dəyərində nəqliyyat vasitələri üçün mobil nəzarət izləmə cihazlarının (GPS) alınması və quraşdırılması işlərinin, eyni zamanda 27,4 min manat dəyərində qeyri-maddi aktivlərin satın alınmasına baxmayaraq, auditin keçirildiyi dövrün sonunadək bu alışların İdarənin funksional fəaliyyətində tətbiq olunması təmin edilməyib.

İdarənin 1 və 2 saylı avtonəqliyyat dəstəsinin istifadəsində olmaqla balans dəyəri 98,9 min manat (ilin əvvəlinə qalıq dəyəri olmayan) təşkil edən 7 ədəd müxtəlif markalı nəqliyyat vasitəsinin 2021-ci il ərzində müvafiq qaydada maliyyə (mühasibat) uçotundan silinməsinə baxmayaraq, onların söküntüsündən əldə edilən mal-materiallar cari bazar dəyəri ilə qiymətləndirilərək, auditlə əhatə olunan dövrün sonuna kimi uçota mədaxil olunmamış, satışından dövlət büdcəsinə ödənişlər təmin edilməyib.

İdarənin Əsasnaməsinin 9.4-cü yarımbəndinin tələbləri gözlənilməyərək, yanacağın sərfiyyatının rəsmiləşdirilməsinə dair müvafiq sənədlərdə (sifarişlərdə, yol vərəqələrində, digər daxili sənədləşmələrdə) maşın və mexanizmlər vasitəsilə konkret günlər üzrə hansı işlərin görüldüyü və görülən işlərin həcmi barədə zəruri qeydlərin aparılmaması şəraitində yol vərəqlərində yalnız işin adı və verildiyi rəsmiləşdirilmiş yanacağın miqdarına uyğun motosaatlar yazılmaqla, ümumilikdə 1819,8 min manat dəyərində yanacaq uçotdan silinıb.

Auditlə əhatə olunan dövrdə İdarədə (o cümlədən, regional strukturlarında) maliyyə (mühasibat) uçotu və hesabatlılığın müvafiq proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada aparılması təmin edilməmiş, nəqliyyat vasitələri, traktorlar, ekskavatorlar, buldozerlər, qoşqular, səyyar nasos stansiyaları və digər texnikaların elektron reyestri formalaşdırılmamış, eyni zamanda Əmək Məcəlləsinin 102-ci maddəsindən irəli gələn davamiyyətin tənzimlənməsi çərçivəsində vahid yanaşma (qaydalar) tətbiq edilməmişdir ki, bu da istər İdarə səviyyəsində, istərsə də mərkəzləşdirilmiş qaydada Nazirlik səviyyəsində inzibatçılığın əsas tərkib elementlərindən olan daxili nəzarət sistemindəki risklərin mövcudluğunu şərtləndirib.

İdarə tərəfindən 2020-ci il üzrə “Maliyyə vəziyyəti haqqında hesabat”da (Forma N1) uzunmüddətli aktivlərin tərkib hissəsi kimi “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər”in dəyərinin ilin sonuna 2911,5 min manat məbləğində əks etdirilməklə ilin əvvəli ilə müqayisədə 11496,6 min manat məbləğində azaldılması, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da (Forma N2) gəlirlərin tərkib hissəsi kimi “Sair əməliyyat gəlirləri”nin 10048,1 min manat, “Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat”da (Forma N3) “Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər”in 1793,8 min manat və “Əmlakın əvəzsiz verilməsindən (alınmasından) qazanc (itkilər)”ın 10048,2 min manat məbləğində göstərilməsi cari audit çərçivəsində ilkin sənədlərlə təsdiqlənməmiş, analoji uyğunsuzluqlar ehtiyatların hesabatlılığında da mövcud olub ki, bununla da maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə yol verilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi