
Fransada 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinə qoyulan qadağa ləğv edildi
Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanunu ləğv edib.
Yeniavaz.com “BBC News”yə istinadən xəbər verir ki, Şura qanunun bu kateqoriyaya aid şəxslərin ifadə və ünsiyyət azadlığına müdaxilə etdiyini bildirib.
Qərarda məhdudiyyətin “nə uyğun, nə zəruri, nə də mütənasib” olduğu qeyd edilib.
Sözügedən qanun iyul ayında Fransa parlamenti tərəfindən qəbul edilmişdi. Qanunun qüvvəyə minməsi Fransanı Avropada 15 yaşdan kiçik şəxslərin sosial media istifadəsinə belə məhdudiyyət qoyan ilk ölkələrdən birinə çevirə bilərdi.
İlkin plana əsasən, sentyabr ayından etibarən 15 yaşdan kiçik şəxslərin sosial media hesabları yaratmasına icazə verilməməli, yeni hesablar üçün yaş təsdiqi tətbiq olunmalı idi. Yanvar ayından etibarən isə məhdudiyyətlərin artıq mövcud hesablara da şamil edilməsi nəzərdə tutulurdu.
Konstitusiya Şurası istifadəçilərin yaşının təsdiqlənməsi ilə bağlı da narahatlığını ifadə edib. Şura qanunun bu proses zamanı şəxsi məlumatların və istifadəçi hüquqlarının qorunması üçün kifayət qədər hüquqi təminat yaratmadığını bildirib.
Qərardan sonra Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastyan Lekornuya Konstitusiya Şurasının iradlarını nəzərə alaraq yeni qanun layihəsi hazırlamağı tapşırıb. Yelisey Sarayından bildirilib ki, hökumət qanunun yeni versiyasını mümkün qədər tez təqdim etmək niyyətindədir. Makron isə islahatın 2027-ci ilin əvvəlinədək həyata keçirilməsini gözləyir.
Avstraliya ötən ilin dekabrında 16 yaşdan kiçik şəxslərin sosial media istifadəsini məhdudlaşdıran ilk ölkə olub. Bununla belə, praktikada bir sıra yeniyetmələrin sosial media platformalarından istifadə etməyə davam etdiyi bildirilir.
Avropa İttifaqında da oxşar təkliflər müzakirə olunur. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen may ayında uşaqlar üçün sosial media istifadəsinin təxirə salınması ideyasını irəli sürüb. Böyük Britaniyada isə keçmiş Baş nazir Keir Starmer 2027-ci ilin yanvarından 16 yaşdan kiçik şəxslərin sosial media istifadəsinin qadağan edilməsi planını açıqlayıb.












Bu xəbər üçün şərh yazın