İLAHİ İRADƏLİ İNSAN -

İLAHİ İRADƏLİ İNSAN - Akif Quliyevin 85 illik yubileyi qarşısında...

“Azərbaycan” nəşriyyatında yerləşən redaksiyamız binanın səkkizinci mərtəbəsində, “SAVALAN” qəzetinin ofisi ilə divar-divara qonşu olub (olmuşuq). “ATAM” kimi çağırdığımız Akif Quliyevin liftdən çıxıb işə gəlməsini onun ayaq səslərindən hiss edərdim. O, əvvəl çəliyini irəli atar, sonra ona dayaq olub irəliləyərdi.

“Azərbaycan” nəşriyyatı kimi bir yerdə mürəkkəb kolletivin etimadını, hər bir jurnalistin, sıravi texniki işçinin dərin sevgisini qazanmaq hər kəsə qismət olmaz. Bu sevgini, bu məhəbbəti məhz Akif Aslan (Quliyev) qazanıb (qazanmışdı).

Redaksiyamızın önündən keçəndə hər dəfə içəri boylanıb gülər üzlə bizi salamlayardı: “Mən sənin haqqında məqalə işləyirəm. Nə qədər zəhmətkeş, cəfakeş jurnalistsən…” – deyib hal-əhval tutub gedərdi.

Bu gün Akif Quliyevlə fiziki ayrılığın astanasındayam. Qarşıdan isə onun 85 illik yubileyi gəlir. ONUN! Ömrünün 55 ilini mətbuat sahəsinə sərf edən azman jurnalistin…

Sağlığında barəsində yazı da çap etmişdik, 2005-ci ilin sentyabr sayında təbrik də. Lakin bu gözəl insanın həyat səlnaməsinin bəzi məqamlarını dəqiq bilsək də, UŞAQ MƏTBUATININ FƏDAİSİ barəsində özəl yazını “sabaha” saxlamışdım (saxlamışdıq).

Sən deməzsənmi, ömür çox vəfasızmış. Sağollaşıb ayrıldığımız Akif müəllimin səhərisi günü ölüm xəbərini alanda.., hamımız süstləşmişdik.

Qubanın “SÜLH PROSPEKTİ”

Hər ayın 3-4 gününü bir yerdə keçirərdik. Ya Akif müəllimin şərəfinə nanəçövhərli çay süfrəsi açardım, ya da o, məni öz kabinetində şirin söhbətə qonaq edərdi. Yeməkxanada həmişə stolun yuxarı hissəsində Ona yer göstərərdilər. Hərdənbir mən qısıla-qısıla yeməkxanaya girib nəsə almaq istəyəndə, qartal gözlü Akif müəllimin amiranə kişi səsi sanki yatmışları oyadardı: “Baxın! Görün kim gəlib?! Jurnalistikamızın zəhmətkeş azmanı!” Akif müəllimin “him-cim”i hiss olunmasa da, yeməkpaylayan qaçaraq ən dadlı təamları səliqə ilə büküb nəzakətlə mənə uzadıb deyərdi: “Akif Quliyev deyir ki, Natella mənim qonşumdur. Hesab… o məsələ. Kişinin bir sözünü iki eləyə bilmərik!”

Sanki Akif müəllim həyacanımı duyardı. Bu baxımdan deyərdi: “Natella xanım! Mən Prezident təqaüdçüsüyəm. İnşallah, sən də Prezident təqaüdü alanda, məni qonaq edərsən”.

Akif müəllim fiziki cəhətdən zəif olsa da, çox cəsur, həm də ruhu çox güclü adam idi. Hər kəsin hesablaşdığı adam olmaq, hamı tərəfindən sayılmaq elə bilirəm müstəsna keyfiyyət, xarakter möhkəmliyi ehtiva edən xüsusiyyətdir. Yəni, Akif müəllimin olduğu məkanda insana SÜLH çilənirdi. Hərdən deyərdi ki, mən Quba şəhərinin “Sülh prospekti”ndə böyümüşəm. 1953-cü ilə qədər küçəmiz Mir Cəfər Bağırovun adını daşıyırdı.

Akif Quliyev: “Mən həmin küçədəki evdə anadan olmuşam. Küçəmiz böyük məhəlləyə bənzəyirdi. Bütün inzibati dövlət strukturları; rayon partiya komitəsinin binası, milis idarəsi, həbi komissarlıq, ən böyük kinoteatr, maarif şöbəsi, rayon icraiyyə komitəsi, “Şahdağ” mehmanxanası, bir sözlə, mötəbər dövlət strukturlarının hamısı “Sülh prospekti”ndə yerləşirdi”.

Mədəni insan – etalon jurnalist

Akif Quliyev sözün böyük mənasında etalon insan, etalon jurnalist kimi xatırlanır. Bir dəfə redaksiyamızda, onun ad günü şərəfinə möhtəşəm süfrə açdım. Ona da süfrənin yuxarı başında kresloda oturmasını iltifat etdim. Əlini-əlinə sürtüb bir göz qırpımında hoppanıb kresloda əyləşdi. O vaxt onun 70 illik yubileyi qeyd olunacaqdı… Mən isə çoxbilmişlik edib qabaqlayıcı tədbir görüb süfrə açmışdım:

- Akif müəllim, YÜZ YAŞAYIN! Gün o gün olsun ki, 100 yaşınızı qeyd edək.

Akif müəllimin gözlərinin içi gülürdü. Deyəsən, bu kiçik diqqətdən çox məmnun olmuşdu. Süfrədəki çiçəklər, salfetlər, nimçələr və çəngəl-bıçaqların düzülüş elitarlığı onun diqqətindən yayınmadığından:

- O!!! Burada heçdən hər şey varmış ki...?! O!!! Nə nəfis süfrə açmaq mədəniyyətiniz varmış?! Süfrəniz kimi özünüz də süslənmisiniz. Nə xoş…

- Akif müəllim, biz və süfrəmiz Sizin daxildən süslənən uca mədəniyyətinizin, şahanə davranışınızın cövhərinə layiq olmağı arzulayırıq.

- O!!! O!!! Çox-çox xoş… Bilirsiniz, mənim qadın dostlarım çoxdur. Birisinin mədəni davranışı var, zövqlə geyim tərzi yoxdur. Digəri zövqlə geyinir, incə, zərif xanım-xatınlığı yoxdur. Amma, mənim qonşularımda hər üçü TAMDIR! Qadınlarda görməyi arzuladığım məziyyətlər harmoniya təşkil edir. Üstəgəl mahir qələm adamısan (adamısınız).

Akif müəllimlə baş-başa

- Akif müəllim, deyilənə görə, Mustafa Kamal Atatürk bütün dövləti məsələləri masa arxasında çözərmiş. Bir az Sülh prospektindən danışın…

- Bizim küçədə yaşayanlar çox mədəni, elitar insanlar idi. Quba üç məhəlləyə ayrılırdı: Yuxarı, orta və aşağı. Yuxarı məhəllə daha çox mədəni səviyyəli idi, məktəblərin əksəriyyəti bizim Sülh prospektində yerləşirdi. Aşağı məhəllə sənətkarlar məhəlləsi kimi tanınırdı. Orta məhəllədə isə ticarətçilər, sahibkarlar üstünlük təşkil edirdilər.

ŞAHMAT YARIŞLARININ yönətimi…

“Azərbaycan” nəşriyyatında keçirilən şahmat yarışlarına yönətimlik edənlər arasında Akif Quliyev xüsusi person kimi gözə dəyirdi. Bu baxımdan, süfrədə, onunla baş-başa söhbətdən istifadə edib soruşdum:

- Akif müəllim, Sizin mənəvi dəyəriniz uca olduğundan haqqınızda hər şeyi öyrənmək ehtiyacı duyuram. Axı necə oldu ki, Siz idmana gəldiniz?!

- Mənim oxuduğum məktəb evimizdən xeyli aralı olduğundan dərsə velosipedlə gedib-gəlirdim. Hələ o dövrdə (“Sülh prospekti”nin uşaqları) biz məhəllə komandası yaratmışdıq. Mən o vaxt ya yeddinci, ya da səkkizinci sinifdə oxuyurdum. Komandamızın uğurları, hətta respublika qəzetlərinin diqqətini cəlb eləmişdi. Komandamızın üzvləri sırasında raykom katibinin övladları, müəllim uşaqları… var idi. Hətta rayon icraiyyə komitəsinin sədri xahiş edərdi ki, Aslan müəllimin oğluna deyin ki, mənim oğlumu komandasına götürsün. Bizim komanda rayon spartakiadalarında, rayon çempionatlarında həmişə mükafatçılar sırasında olardı.

TƏRBİYƏ MƏKTƏBİ

“Sülh prospektinin uşaqları” Qubada tərbiyə məktəbinə çevrilibmiş. Söhbətimizin şirin yerində “Savalan” qəzetinin şöbə müdiri, həm də “Qanun naminə” qəzetinin baş redaktoru Sürəyya Rəhimova gəlib çıxdı. Sürəyya xanımın bir sözü qəlbimi titrədi: “Azərbaycanın idman ictimaiyyəti Akif Quliyevin simasında bir azmanı itirib!”

“Sülh küçəsinin uşaqları”

Al günəşin istisini candan duyan Akif Quliyev Naxçıvanla Qubanı, Bakı ilə Şamaxını birləşdirən qüdrət, əzəmət, güc bağlarından söz açdı. O, miz arxasında uca kresloda (kürsüdə) əyləşsə də, gözlərimdə səmalara ucalmışdı. Mən ona, öz taxtında qərar tutan hökmdara heyranlıqla diqqət kəsilmişdim. Süfrəmizdəki çiçəklərə sığal çəkən, gəncləşən, müdrikləşən Gül Ağacına bənzəyirdi. Əllərinin möhkəmliyi, tunc biləklərin göy qurşağı, saçlarındakı gümüşü xətt… məni (bizi) düşündürürdü. (Sürəyya Rəhimova sonradan Akif Quliyevin şikəst olmasının səbəbini açacaqdı…) Üç yaşı olarkən bacısının qucağından düşüb, şikəst olub.

Akif Quliyev: - “Sülh prospekti”nin uşaqları sonrakı illərdə xeyli tanındılar. Bizim məhəllənin uşaqları arasından böyük idmançılar, yüksək mənsəb sahibləri yetişdi. Təsəvvür edin, Cahangir Hüseynov, Vəli Qasımov “Neftçi” komandasının əsas heyətində oynayırdılar. Ondan başqa, bizim komandanın neçə-neçə üzvü Azərbaycan yığma komandalarında, gənclər komandalarında, yeniyetmələr komandalarında güclərini sınayırdılar.

Bizim uşaqlardan olan Laçın Ələkbərov DTK-da sədr müavini oldu – kadrlar şöbəsində, 1995-96-cı illərdə isə Aydın Bağırov böyük bir trestin rəhbəri oldu. Onların hamısı bizim uşaqlar idi.

Aslan müəllimin oğlu

Qubada Aslan müəllimin oğlu kimi tanınan övladların nəsil davamçıları, hazırda ASLAN MÜƏLLİMİN NƏVƏLƏRİ kimi şöhrət qazanıblar.

A.Quliyev: - Ziyalı ailəsində anadan olmuşam. Atam – kimya elmləri namizədi, respublikanın əməkdar müəllimi, Moldaviyanın əməkdar müəllimi idi. Müxtəlif təltiflərə: Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və s. layiq görülmüşdür. Daim partiya, sovet idarələrində işləyib. Məsələn, rayon partiya komitəsinin katibi olub. Sonralar, hətta bir müddət Bakıda Mərkəzi Komitədə də işləyib. Qardaşım – Həsən Quliyev tarix elmləri doktoru, professor, respublikanın ilk etnoqraf alimi olub. Bacım – Xavər Aslan uzun müddət ABŞ-da yaşayıb. 14 il “Amerikanın səst” radiostansiyasında Azərbaycan verilişlərinə rəhbərlik edib, yaxud da həmin verilişlərin aparıcısı olub. Yeri gəlmişkən, deyim ki, 20 yanvar hadisələri baş verəndə ilk dəfə xarici efirlərdən “Bakıdakı 20 Yanvar qırğını” haqqında həqiqəti bilavasitə bacım dünyaya çatdırıb. Bunu bizim o vaxtkı hərakatın bütün fəalları, o cümlədən Natella Asena və Valid Qardaşlı yaxşı bilir. Elmira Əmrahqızıya da yaxşı məlum idi. Allah rəhmət eləsin. Digər iki bacım müəllimdir.

A.Quliyev söhbətimiz zamanı dedi ki, Quliyevlər ailəsində 3 qız, 2 oğul övladı olub. O isə ailənin üçüncü övladıdır.

Komandanın cazibəsi

Akif Quliyevin etirafı məni (bizi) heyrətləndirdi. Sən deməzsənmi, o, 1955-ci ildə ADU (BDU)-ya qəbul olunubmuş. Lakin, özünün etirafına görə, “Qubadakı o komandadan ayrılmamaq üçün, qəbul olunduğum halda, evdə gəlib yalan danışdım. Dedim ki, imtahandan kəsilmişəm”. Görün, məhəllə komandasının cazibə qüvvəsi necə də güclü imiş…

SSRİ-nin 58 şəhərini gəzən adam

ATAMın AD GÜNÜ düzənində söz Qara dənizdən düşdü. Mən bir çox şəhərlərdə və keçmiş MDB ölkələrində olduğumu fərəhlə söyləyəndə, “ATAM” – adlandırdığımız Akif Quliyev pəncərədən o tərəfdə görünən Xəzərə boylandı:

A.Quliyev: “SSRİ-nin 58 şəhərini gəzmişəm. Əvvəl bilet alıb teatrlara getmiş, kino-konsertlərdə iştirak eləmişəm. Muzeyləri, tarixi abidələri ziyarət etmişəm. Kilsələrdəki dua mərasimlərinə qatılmışam. Leninqradda Neva çayı sahilində dayanıb Rusiyanı dəniz dövlətinə çevirən I Pyotru xatırlamışam. Moskvanın Şeremetyev Hava Limanında isə I Pyotrun qəzəbinə düçar olan B.P.Şeremetyevin son acı taleyini yada salmışam”.

Akif Quliyev əlavə etdi ki, Vladivostokdan Sakit okeanın sahillərinəcən gedib, gəzib. Pribaltika ölkələrini tam səyahət edib.

Tələbəlik illərindən söz açdı. Dedi ki, 1956-cı ildə yenidən BDU-ya qəbul olunanda Osman Mirzəyev də onunla bir qrupda təhsil alırdı.

Akif Quliyev: “BDU-nu qurtarandan sonra bir müddət televiziyada işlədim. Bir gün Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadənin yanına getdim. Sözarası “Azərbaycan pioneri” qəzetində işləmək arzumu bildirdim. Məsud müəllim telefonu qaldırıb qəzetin baş redaktoru Eynulla Ağayevə zəng etdi. Sağ olsun! Eynulla müəllim də yanına gedən kimi məni müxbir kimi işə götürdü. Beləliklə, taleyimi uşaq mətbuatına bağladım. Lakin idmandan ayrıla bilmədim. “Sevinc” idman klubunu yaratdım.

İlk görüşüm Bakı meri Rauf Gülməmmədovla oldu

A.Quliyev: “Redaksiyada dedilər ki, Bakıda bir nümunəvi Mənzil İstismar İdarəsi var. İdmana qayğı göstərir. “JEK”-in nəzdində fəaliyyət göstərən “Yeniyetmələrin və həddi-buluğa çatmayanların işləri üzrə fəaliyyət göstərən otağa” (Vospitatelnaya komnata) diqqət göstərir. Bu minvalla MİS rəisi Rauf Gülməmmədovla görüşüb ərazini gəzdik. Həddi-buluğa çatmayanların asudə vaxtlarını keçirdikləri “Tərbiyəvi otaq”la tanış olduq. Uşaqlara yaradılmış şərait, idman qurğuları, “Tərbiyəvi otaq”dakı şahmat, şaşki, domino kimi ləvazimatların məktəblilərin sərəncamına verilməsi məndə xoş ovqat yaratdı. Rauf Gülməmmədovun fəaliyyətinin təsirindən Mİİ-nə həsr olunan məqalə yazdım. Bu, mənim ilk məqaləm oldu.Sonralar Rauf Gülməmmədov Bakı meri oldu”.

O vaxt Akif Quliyevin həyat yoldaşı rəhmətə getmişdi. Bir oğlu (Fərid) ANS-də işləyirdi, digəri isə (Aydın) univermaqda. Beş nəvəsi vardı. Böyük nəvəsi Aygünlə, kiçik Ayxandan danışmağı xoşlayırdı.

Savalan Dağının şərəfinə “SAVALAN”

Qədim rus xalqı ilə dostluq, ülfət bağlarını qanlı dişlə qıranları, qorbaçovları lənətlədik. Xirosima baharının yerində cəhənnəm, Naqasaki gülşənində kül təpəliyi yaradanlara qarşı Yapon ruhunun gücünü təqdir etdik. Könül sərvətimiz Bakının qədim memarlıq abidələrini deşik-deşik edənlər, dinc Bakı sakinlərinə divan tutdular. Qarşılarına keçən balaca Larisadan tutmuş, yaşlı Zərqələm arvada qədər güllələdilər. Polis əməkdaşı Yusif Əbülhəsənovu, alim qızımız Svetlana xanıma qıydılar.

A.Quliyev: “1990-cı il 20 yanvar faciəsindən sonra qəzetin kollektivi “Azərbaycan pioneri”nin adını dəyişdirməyi qərara aldı. SAVALAN Dağının şərəfinə “SAVALAN” ideyasını mən verdim. O vaxtkı baş redaktorumuz Əlirza Balayev təklifimi bəyəndi, qəzet “SAVALAN” adlandırıldı”.

“Zəfər qalası” qəzetində Akif Quliyevin təqdimatı

Akif Quliyevin 70 illik yubileyinin təbriki “SAVALAN” qəzetinin baş redaktoru Eldar müləlimi duyğulandırmışdı. Redaksiyamıza buyurub təşəkkür etmişdi.

QONŞU HAQQI – TANRI HAQQI

Akif Quliyev son dərəcə Eldar müəllimə sayğı ifadə edən fikir bildirdiyindən, biz də ruhlanıb həm “SAVALAN” qəzeti, həm də onun baş redaktoru Eldar (Əliyev) müəllim barəsində bir neçə dəfə yazı, məqalə çap etdik. Jurnalist Sürəyya Rəhimovanın sağlığında ən gözəl sənədli oçerki Natella Asena qələmə aldı.

Akif Quliyev Eynulla Ağayev, Əmrah Əmrahov, Əlirza Balayev, Valeh Mirzə və Eldar Əliyevin baş redaktorluğu dövrlərindən danışdıqca, biz qəzetin güzgüsü hesab olunan simaların mənəvi cizgilərini göz önündən keçirib, daxili aləmlərinə varırdıq.

Akif Quliyev: “Bu binaya 1978-ci ildən köçmüşük. İşimiz çox maraqlıdır. Çünki “SAVALAN” uşaq mətbuatıdır. Ömrün dadlı çağlarını, həyatlarının qaynar, odlu anlarını yaşayan uşaqlarla, elə uşaq dilində tariximizi, ədəbiyyatımızı öyrətmək missiyası daşıyırıq. Sevgi, məhəbbət uman uşaqlar SÖZdən qönçələnir, gül açır(lar). Hər bir uşaq bir ailənin novbaharıdır. “SAVALAN” ürəyini açır uşaqlara. Hər məktəbliyə ürəyində yer ayırır”.

“QALA” nə deməkdir?

Sualın müəllifi də, “qala” sözünün açmasının inikası da Akif Quliyevdir.

Akif Quliyev: “Qala – bizim türk dilində “şəhər”, “yurd” deməkdir. Daşnakların əsirliyində qalan qalalarımızın üstündə bayquşlar ulaşır. Nuşirəvan əyyamından qalan “hay” bayquşları. Gözü qanlı, o kipriksiz “hay” bayquşları. Qalalarımızın ətrafında bir Sərv kimi ucalan çinarların sağlam şüyü, qələmələrinin sulanacağı bahar yaxınlaşır!”

Baldan şirin arzuların qanadında LƏLƏTƏPƏ

Müharibə qəhrəmanları haqqında BAŞ MƏQALƏLƏRİN müəllifi Akif Quliyevin baldan şirin arzuları reallaşmaqdadır. APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANLARI səngərimizin coğrafiyasına qanla çiçək əkdilər. Bir nəfəsə 21 il qılınc vuran Babəkin üzül-kəsil döyüşləri “SAVALAN”da qabardılır.

Bu gün Onun arzuları addım-addım çiçək açır.

Qubanın “Sülh prospekti”nin uşaqları – Moskvada Arbat, Bakıda Torqovıy küçəsi, Sankt-Peterburqda Nevski prospektini gəzib, yenidən Qubaya – həmin küçəyə qayıdırlar. Buğum-buğum çiçəkləri Akif Quliyevin məzarı üstə düzürlər.

Allah rəhmət eləsin! AMİN!

Müəllif:Natella Asena

Faktinfo.az

İLAHİ İRADƏLİ İNSAN -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi