
"İnflyasiyaya qarşı effektiv mübarizə aparılmadan əhalinin real rifahının artmasından danışmaq mümkün deyil" -DEPUTAT
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli əhalinin ticarət xərcləri, inflyasiya və alıcılıq qabiliyyəti ilə bağlı rəsmi statistik məlumatları təhlil edərək ciddi narahatlığını ifadə edib.
Deputat bildirib ki, mövcud dinamika ölkədə real gəlirlər və yaşayış səviyyəsi arasında kəskin disbalansın olduğunu göstərir.
Əli Məsimli qeyd edib ki, 2024-cü ildə əhalinin pərakəndə ticarət şəbəkəsində mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarına, 4,4 faizi içkilər və tütün məmulatlarına, 14,5 faizi geyim və ayaqqabılara, 30,6 faizi isə digər qeyri-ərzaq mallarına yönəlib. O, əlavə edib ki, ötən il əhalinin bir nəfəri ayda orta hesabla 508 manatlıq alış-veriş edib ki, bunun da 278,8 manatı ərzaq və içkilərə, 229,2 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.
2025-ci ilin ilk dörd ayının göstəricilərinə toxunan deputat bildirib ki, əhali bu dövrdə orta hesabla ayda 449,8 manatlıq alış-veriş edib. Bu məbləğin 252,4 manatı ərzaq, içki və tütün məmulatlarına, 197,4 manatı isə qeyri-ərzaq məhsullarına sərf olunub. Onun sözlərinə görə, ötən illə müqayisədə bir nəfərin ay ərzində etdiyi alış-verişdə 58,2 manat və ya 13 faiz azalma müşahidə olunur. Ərzaq xərcləri 26,4 manat (11 faiz), qeyri-ərzaq xərcləri isə 31,8 manat (16 faiz) azalıb.
Əli Məsimli vurğulayıb ki, Azərbaycanda əhalinin xərclərində ərzağın payı uzun illərdir 50 faizə yaxındır və bu, inkişaf etmiş ölkələrlə müqayisədə çox yüksək göstəricidir. Onun fikrincə, inkişaf etmiş ölkələrdə bu göstərici 8–10 faiz civarındadır. Deputatın qənaətinə görə, ərzaq xərclərinin ümumi xərclərdə yüksək paya malik olması əhalinin həyat səviyyəsinin aşağı olmasının əsas göstəricilərindən biridir.
Əhalinin alıcılıq qabiliyyətindəki azalmaya toxunan Əli Məsimli dörd nəfərlik ailə nümunəsi üzərindən konkret rəqəmlərlə müqayisə aparıb. O qeyd edib ki, 2021-ci ilin əvvəlində belə bir ailənin aylıq ticarət xərcləri 1200 manat olubsa, bu məbləğ 2023-cü ilin əvvəlində 1622 manata, 2025-ci ilin ilk aylarında isə 1800 manata yüksəlib. Ərzaq xərcləri bu dövrdə 642 manatdan 1010 manata, qeyri-ərzaq xərcləri isə 566 manatdan 790 manata çatıb.
Əli Məsimli bildirib ki, xərclərin bu qədər artmasının səbəbi əhalinin gəlirlərinin yüksəlməsi deyil, yüksək inflyasiya səviyyəsidir. Onun fikrincə, 2025-ci ilin aprelində istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 6,3 faiz, ərzaq məhsulları üzrə isə 7,6 faiz artıb. Rəsmi statistikadan görünən inflyasiya göstəricilərindən əlavə, real qiymət artımı bəzi məhsullarda daha yüksəkdir.
Deputat əlavə edib ki, inflyasiya xüsusilə aztəminatlı təbəqəyə ciddi təsir göstərir, onların əlavə mal və məhsul almadan belə gündəlik xərclərinin artmasına səbəb olur. Bu vəziyyətin düzəlməsi üçün isə Əli Məsimli sistemli tədbirlərin vacibliyini vurğulayıb.
O qeyd edib ki, islahatlar dərinləşdirilməli, iqtisadi fəallıq artırılmalı, yeni iş yerləri açılmalı və əhalinin real gəlirləri yüksəldilməlidir. Bununla yanaşı, əməkhaqqı və sosial ödənişlər artırılarkən onların inflyasiyanın “yeminə” çevrilməsinin qarşısı alınmalıdır. Bunun üçün isə Rəqabət Məcəlləsinin effektiv tətbiqi və antiinflyasiya tədbirlərinin gücləndirilməsi vacibdir.
Əli Məsimli sonda vurğulayıb ki, inflyasiyaya qarşı effektiv mübarizə aparılmadan əhalinin real rifahının artmasından danışmaq mümkün deyil. Deputatın fikrincə, ölkədə iqtisadi siyasətin sosial yönümlü olması üçün bu məsələlərə prioritet yanaşılmalıdır.
Bu xəbər üçün şərh yazın