Jurnalist olmasaydım...

Jurnalist olmasaydım... 

Kimdir jurnalist? O, hadisəni görür, öz baxış nöqtəsindən oxucuya təqdim edir. Jurnalist cəmiyyətin güzgüsü olmalı, ətrafda baş verənləri öz gördüyü kimi deyil olduğu kimi təqdim etməyi bacaran bir carçı olmalıdır.

Jurnalistika təcrübə əsasında formalaşan və hər dəqiqəsinin bir hökmü olan peşədir. Jurnalist əsil Vətənpərvər insan olmalıdır. "Dördüncü hakimiyyət” adlandırılan jurnalistin vətənpərvərlik borcu mövcud olan nöqsanları, çatışmazlıqları ictimaiyyətə çatdırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etməkdən ibarətdir. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirir və bu hadisələrin içində olur.

Jurnalist əməyinin dolğun izahı ulu öndər Heydər Əliyevin Jurnalistlər barəsində bildirdiyi fikirdə öz əksini tapmışdır. "Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Onun üçün də mənim kimi həvəskar jurnalistlər bu peşənin sirlərini uzun illərin təcrübəsinə əsaslanan peşəkarlardan öyrənməliyik. Biz peşəkar jurnalistlərin yazılarını oxuduqca onların yazı mədəniyyətini, yazı üslubunu mənimsəməli və bu biliklərə öz yeniliklərimizi qoşmaqla inkişaf etməliyik. Bu baxımdan hər zaman peşəkarların köməyinə ehtiyacımız var. Yaradıcılığından yararlandığımız, sənətinə, yaradıcılığına və şəxsiyyətinə dərin hörmət bəslədiyim Şair-jurnalistlərdən biri də İldırım Dəmirlidir.

İldırım Dəmirli imzası mətbuatda kifayət qədər tanınan imzalardandır. Bu da təsadüfi deyil. İldırım müəllim bu imzanı zəhməti ilə tanıdıb. Tanrı ona istedad və savadla yanaşı hadisələrə özünəməxsus baxış bucağından yanaşmaq, təhlil etmək, analiz etmək kimi bacarıqları da bəxş edib. Məhz buna görə də onun imzası mətbuatda seçilib, fərqlənib.

Dəmirov İldırım Gülalı oğlu 1942-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub. Orta məktəbi İsmayıllı şəhərində bitirdikdən sonra, 1959-cu ildən Sumqayıt şəhərində İstehsalat təcrübəsi qazanıb, 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetinə qəbul olunub. İldırım müəllimin mətbuata gəlişi 1968-ci ilə təsadüf edir. Onun ilk məqalələri məhz o zaman işıq üzü görüb. 1969-cu ildə Universitetin jurnalistika fakültəsini bitirərək mətbuat aləminə qədəm qoyub. 1968-ci ildən Sumqayıtda nəşr olunan çoxtirajlı "Kauçuk", "Kimyaçı" qəzetlərində ədəbi işçi kimi çalışdığı müddətdə artıq öz imzasını təsdiq etmişdi. 1984-cü ildən "Sosialist Sumqayıtı" qəzetinin sənaye şöbəsində çalışdı. 1992-ci ildən "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru, 2004-cü ildən müstəqil ictimai-siyasi qəzet olan "Əsrin sədası" qəzetinin baş redaktoru, 2013-cü ildən hazırkı dövrədək "İnsan və təbiət" müstəqil ictimai-siyasi qəzetinin baş redaktorunun birinci müavini vəzifəsində çalışır. Mətbuat sahəsindəki 50 illik xidmətləri dövründə bir sıra yaradıcılıq müsabiqələrində nümunəvi yerlər tutmuşdur. Jurnalist üçün 50 illik təcrübə kifayət qədər böyük bir zaman kəsiyidir, həmçinin də peşəkarlığın göstəricisidir. O bu illər ərzində müxtəlif mövzularda araşdırmalar edib, Azərbaycan jurnalistikasında bir jurnalist kimi özünü təsdiqləyib, sözünü deyə bilib. İldırım Dəmirli sözün həqiqi mənasında vətəndaş, Vətənə layiqli övlad olmağı bacarıb. Elə bu bacarığının sayəsində də Dövlətimiz tərəfindən qiymətləndirilərək müxtəlif mükafatlar qazanıb.

Hələ 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə daxil edilmiş, "Qızıl qələm" mükafatı laureatı, "Xalqın nüfuzlu ziyalısı" diplomçusu adına layiq görülmüş, "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları və bir sıra Fəxri fərmanlarla təltif edilmişdir. Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvüdür. 5 kitab müəllifi İldırım Dəmirli həmkarları arasında xüsusi təvazökarlığı və səmimiyyəti ilə seçilir. Dəyərli jurnalistimiz barəsində yazı işləməyim də təsadüfən deyil. Bu il İldırım Dəmirlinin jurnalistika sahəsində çalışmasının 50 ili tamam olur. Cəmiyyətin görən gözü, informasiya güzgüsü olan jurnalistika barəsində, jurnalistikada öz imzası ilə yüksək nüfuz qazanmış, ömrünü bu peşəyə həsr etmiş bir ziyalımız barəsində yazmaq olduqca məsuliyyətli və şərəfli bir işdir. İldırım Dəmirli və onun timsalında ömrünü bu peşəyə həsr etmiş peşəkar jurnalistlərimizə olan sayğılarımı ifadə etməyə çalışdım. Buna nə dərəcədə nail ola bildim... bunu zaman göstərər.

Son olaraq İldırım müəllim, sizə möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları, səsinizin hər zaman yüksəkliklərdən eşidilməsini arzu edirəm. Siz bu sənət üçün yaranmısınız, ürəyindəki yaradıcılığın odu Heç zaman sönməsin!

İldırım müəllimin şeirlərindən birində dediyi kimi...

Jurnalist olmasaydım

Dünyanın gərdişin yaza bilməzdim,

Qəlbimdən keçəni yoza bilməzdim.

Mətbuat selində... üzə bilməzdim,

Jurnalist olmasaydım.

Bağlandım hər zaman dəftər-qələmə,

Gah sevincə batdım, gah da ələmə.

Bələd olammazdım belə aləmə,

Jurnalist olmasaydım.

Ulu dahilərdən bilik almazdım,

Ürəkdən-ürəyə körpü salmazdım.

Əlli il bu yolda qələm çalmazdım,

Jurnalist olmasaydım.

İllərlə eşqində yazdığım qızın,

Yaşatdım qəlbimdə o, gülər üzün.

Bu qədər müqəddəs sanmadım özün,

Jurnalist olmasaydım.

Torpağa bu qədər bağlı olmazdım,

Ürəyi yaralı... dağlı olmazdım.

Vətənin qeyrətli oğlu olmazdım,

Jurnalist olmasaydım.

Elnarə Günəş,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi