Məmurlar Hesablama Palatasını saymır

Məmurlar Hesablama Palatasını saymır - HƏQİQƏTƏN DƏ...

Azərbaycan Hesablama Palatası 2023-cü ildəki fəaliyyətinin hesabatını Milli Məclisə təqdim edib. Hesabatdan aydın olur ki, Hesablama Palatası 2023-cü ildə iş planına əsasən 5 milyard 776,0 milyon manat vəsaiti əhatə edən 31 uyğunluq auditi keçirib.

Keçirilən bu uyğunluq auditlərinin 27-də büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Bu sahə üzrə daha çox rast gəlinən nöqsanlar kimi “Büdcə sistemi haqqında”, həmçinin “Dövlət qulluğu haqqında” qanunların, Əmək Məcəlləsinin tələblərinin pozulmasını, xərc normativlərinə və prosedurlara əməl olunmamasını göstərmək olar.

Qeyd edilir ki, uyğunluq auditlərinin nəticələri 23 auditdə büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyini göstərir. Nöqsanların əhəmiyyətli hissəsi qurumlar tərəfindən proqnozlaşdırma və planlaşdırma işinə lazımi diqqətin ayrılmadığını göstərir. Belə ki, dövlət vəsaitinə tələbat düzgün müəyyənləşdirilməyib, nəticədə vəsaitə tələbat il ərzində dəfələrlə dəyişdirilmiş, vəsait təyinatı üzrə istifadə edilməyib, büdcə vəsaiti bank hesablarında istifadəsiz qalıb, ilin sonunda vəsaitlər akkreditiv hesablara yönəldilib.

Sənədə görə, başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə ümumilikdə 562,5 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Uyğunluq predmetləri üzrə büdcəyə dəyən zərərin 103,2 milyon manat olduğu hesablanıb. Digər maliyyə pozuntularının həcmi 459,3 milyon manat təşkil edib. Büdcəyə 60,7 milyon manat məbləğində hesablanmış zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində təkliflər verilib. 28,8 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda HP tərəfindən bu məbləğin bərpası istiqamətində tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin bir qisminin dayandırılması barədə qərar verilib.

Büdcəyə zərərin 13,7 milyon manatı üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Digər maliyyə pozuntuları isə Vahid Büdcə Təsnifatına əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, bu prosedurlardan yayınmaq məqsədilə müqavilənin qisimlərə bölünməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, satınalmalar zamanı ehtimal olunan qiymətin ümumiyyətlə hesablanmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi, müşayiətedici sənədlərlə rəsmiləşdirilməyən elektron-qaimə fakturaların təqdim edilməsi və s. pozuntular olub. Bu pozuntulardan 34,9 milyon manat üzrə Palatanın kollegiyası birbaşa tədbir müəyyən edib, digər nöqsan və çatışmazlıqların da aradan qaldırılması məqsədilə kollegiya qərarı kənar dövlət maliyyə nəzarəti obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilib.

Kollegiyanın müəyyən etdiyi tədbirlər əvvəlki dövrdən qalan debitor borcların və məbləği artırılmış kreditor borcların bağlanılması, fiziki və hüquqi şəxslər üzrə artıq ödənişlərin gələcək hesablaşmalarda nəzərə alınması, akkreditiv hesabın bağlanması, müqavilə məbləğinin azaldılması, vəsaitin əsassız ödənilməsi hallarının araşdırılması, artıq ödənilmiş elektron qaimə-fakturanın ləğvi, qalığın büdcəyə qaytarılması və s. ilə bağlı olub.

2023-cü ildə aparılan uyğunluq auditləri üzrə nəticə formalaşdırmaq məqsədilə audit sübutları audit meyarları ilə müqayisə olunmuş, toplanmış sübutlar təhlil edilərkən peşəkar mühakimə tətbiq edilib, yetərli və müvafiq sübutların olub-olmadığı araşdırılıb, obyektiv təsəvvür yaratmaq üçün qiymətləndirmə prosesində bütün sübutlar, həmçinin audit obyektlərinin münasibəti nəzərdən keçirilib.

Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ı çərçivəsində hazırlanmış 2023-cü il üzrə Əməliyyat Planında ümumilikdə 327 tədbir müəyyən edilib, ilin sonunda yekun icra vəziyyəti 91,7 faiz təşkil edib. Belə ki, 327 tədbirdən 291-i tam, 18-i qismən icra olunub, 18-i icra olunmayıb: “Tədbirlərin icrasına müvafiq olaraq Əməliyyat Planının büdcəsinin icrası 83,3 faiz (9,6 milyon manatın 8 milyon manatı) olub”.

2023-cü ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 2022-ci illə müqayisədə 57 faiz çox - 1 milyard 252,6 milyon manatlıq təhrif aşkar edib. Hesabatda deyilir ki, maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsnifləşdirmək olar. 1-ci qrupa maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər, 2-ci qrupa isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid edilib.

Təhrif məbləği 1-ci qrup üzrə 661,5 milyon manat, 2-ci qrup üzrə isə 591,1 milyon manat təşkil edib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 17,2 faiz və 2,5 dəfə çoxdur.

Maliyyə hesabatlılığı və mühasibat uçotu üzrə yol verilmiş əhəmiyyətli təhriflərin əsas istiqamətlərinə aktivin uçot alınmaması və yaxud birbaşa xərcə silinməsi, öhdəliyin uçota alınmaması, gəlir və xərclərin tanınmaması, digər təhriflərə isə maliyyə hesabatlarının elementlərinin büdcə daxilində düzgün təsnifləşdirilməməsi, hesabatlar arasında fərqlər daxildir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sözlərinə görə, 2023-cü ildə aparılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanları və onların yayılma dərəcəsindən asılı olaraq auditorların verdiyi rəyləri 3 istiqamətdə qruplaşdırmaq olar: “4 qurum üzrə müsbət və bütün meyarlara uyğunluqla bağlı rəy verilib. 19 qurum üzrə şərti müsbət və bəzi məsələlər istisna olmaqla hüquqi aktların tələb olması barədə rəy verilib. 13 qurum üzrə mənfi və bütün əhəmiyyətli aspektlərdə qanunvericilik əsasında müəyyən edilmiş meyarlara uyğun olmamaqla bağlı rəy verilib”.

2023-cü ildə Hesablama Palatası 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib. Hesabatdan aydın olur ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin (1), Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin (2), Gənclər və İdman Nazirliyinin (3), ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (4), Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (5), Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin (6), TƏBİB-in Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (7), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (8) fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.

Qeyd edək ki, Hesablama Palatasının fəaliyyəti cəmiyyətdə birmənalı qiymətləndirilmir. Xüsusilə sahə üzrə mütəxəssislər onun fəaliyyətini qənaətbəxş hesab etmir, büdcə vəsaitlərindən qanunsuz istifadənin qarşısının alınmasında Palatanın öz sözünü deyə bilmədiyini, buna görə də onun fəaliyyətinin formal xarakter daşıdığını vurğulayırlar.

Aprelin 8-də Milli Məclisin komitə iclasında millət vəkili Əli Məsimli cəmiyyətdə olan bu rəyə toxunaraq qeyd edib ki, bütün dünyada vergi və ali audit orqanlarından çəkinirlər, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir: “Bizdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən çəkinirlər, amma Hesablama Palatasından çəkinmirlər. Cəmiyyətdə Palatanın fəaliyyəti, onun imicinin dəyərləndirilməsi istiqamətində iş aparılmalıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Ə.Məsimlinin dedikləri reallığı əks etdirir: “Hesablama Palatası dəfələrlə büdcə vəsaitlərinin oğurlanması, milyonlarla manat vəsaitin mənimsənilməsi faktlarını üzə çıxarıb. Amma hüquq-mühafizə orqanları o faktlar üzrə cinayət araşdırması həyata keçirib zəruri addımlar atmayıb, yaxud atıblarsa da, bu, ictimaiyyətə açıqlanmayıb. Amma vergidənyayınma aşkarlanan kimi vergi orqanı dərhal sanksiya tətbiq edir, hətta cinayət araşdırması başladır, məhkəmə yolu ilə həbsə nail olur. Bu baxımdan, mənə elə gəlir ki, Hesablama Palatasına aşkarladığı faktlar üzrə cinayət işinin başlanmasını məcburi edən səlahiyyət verilməlidir. Bu, Palatanın nəzarətinin effektivliyini qat-qat artırar”.

İqtisadçı-ekspert Rəşad Həsənova görə, sivil münasibətlərdə qorxu hissinin olmaması daha yaxşı olardı: “Daha yaxşı olardı ki, tamamilə şəffaf, dürüst və qarşılıqlı inama söykənən münasibətlər olsun. Həm vergi orqanlarına, həm də nəzarət orqanına münasibətdə. Amma bir tərəfdən də yanaşanda, Əli bəyin açıqladığı münasibətin arxasında müəyyən faktorların olduğu görünür. Vergi Xidməti sahibkarlarla işləyir. Sahibkarların arxasında dövlət yoxdur, uzun illər boyudur qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə bağlı böyük problemlər yaranır. Amma Hesablama Palatası daha çox dövlət qurumları ilə işləyir, ictimai vəsaitlərin hərəkətinə nəzarət edir. Bu baxımdan, hər iki tərəf bir növ eyni cəbhəni təmsil etdiyinə görə hansısa mərhələdə uzlaşma, razılaşmaların olması mümkündür. Bu baxımdan, daha az çəkinmə başadüşüləndir. Lakin mən güclü Hesablama Palatasının tərəfdarıyam, xüsusilə də korrupsiya hallarının daha geniş yayıldığı ictimai vəsaitlərin axını sahəsində. Bunun üçün Palatanın səlahiyyətlərinin genişləndirilməsini zəruri hesab edirəm”.

Ekspert qeyd edir ki, Azərbaycanda əksər hallarda irihəcmli ictimai vəsaitlərin mənimsənilməsi halları hansısa məmur vəzifədən kənarlaşdırılandan, yaxud həbs olunandan sonra üzə çıxır: “Çox təəssüfləndirici haldır ki, belə faktlar hansısa məmur vəzifədə olanda aşkarlanmır, qeydə alınmır. Bu isə Hesablama Palatasının da fəaliyyətinin effektivliyini şübhə altına alır. Düşünürəm ki, Palatanın tam müstəqil bir qurum olması təmin edilərsə, ictimai vəsaitlərin mənimsənilməsi faktları hər zaman aşkarlanar, yəni Palatanın işi daha effektiv olar. Bu isə elə Əli bəyin dediyi vəziyyətin yaranmasına imkan verər: ictimai vəsaitlərlə işləyən hər kəs Palatanın qanunsuzluğu aşkarlayacağını nəzərə alaraq qanun çərçivəsindən kənara çıxmaz”.
/Yeni Müsavat

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi