“Mənim şeirlərim övladlarımdır”-

“Mənim şeirlərim övladlarımdır”- RƏNA QURBANLININ POETİK YARADICILIĞI BARƏDƏ TƏƏSSÜRATLAR

Formalaşan insanda şəxsiyyət anlayışı bütün mənalarda özünü büruzə verir,formalaşan təfəkkür adamı adekvat olaraq xeyri-şərdən,mərdi-namərddən ayırmağı bacarır.

Ziyalı cəmiyyətin aparıcı qüvvəsi,şəxsiyyət isə bəzən mütləq əksəriyyətin cəmiyyət qanunları ilə emosional təsvirin yerini dəyişik salmamaq üçün istinad edə biləcəyi kamal,ağıl sahibidir. 

Şəxsiyyətə böyük məna verən hər bir xalqın da öz milli mənəvi dəyərləri, öz yaradıcı ruhu var. Əsrlərdir, bütün xalqlar insan həyatında dönüş yaradan adi, qeyri-adi proseslərin təfərrüatlarını öz ruhunun zirvələrində xarakterizə edir. Azərbaycan xalqının da ictimai təfəkküründə insana hörmət əsas prioritetlərdən sayılır. Nə xoş ki, çöhrəsi nurlu ziyalı, istedadlı şair Rəna Qurbanlı da xalqımızın layiqli övladıdır, şəxsiyyət-ziyalı aspektlərini həyatının ən mühüm komponentləri hesab edir.

İlk olaraq qeyd edək ki, Rəna Qurbanlı yaradıcı insandır. Onun solğun duyğulara vurduğu ilmələr könül dünyamıza sığal çəkir. O, öz kövrək və səmimi hisləri ilə ovqatımıza rəng qatmağı bacarır.  

Onun həyata baxışında cəmiyyət reallığı da var, ictimai çək-çevir də. Bütün hallarda o, nikbindir, oxucusuna da xoş təsir bağışlayır.

Rəna Qurbanlı öz «lirik mən»ini mətin, cəsur obraz kimi təqdim etməyi bacarır. Bu an biz onun bitkin vətəndaşlıq yanğısında bir yenilməzlik sezirik. Yaxud da ədəbi-sosial çətinliklər qarşısında canlı sədd kimi dayanmış bu obrazın (əslində, Rəna Qurbanlının  özünün) çətinliklərə mərdcəsinə sinə gərdiyi mütləqdir.

Maraqlıdır ki, Rəna Qurbanlının kövrək baxışlarında əslində, acı bir həyat, rəngsiz bir tale vulkanı da çırpınır. O, eşqin ləngərində təlatümə gələn vadiləri insan ömrünə sığa bilən sərhədlərlə əhatələyib, sanki sevgi və ürək yanğılarına su səpməyin fəlsəfəsini tapıb. Bunu onun kitablarında da aydın sezirik. Əbəs yerə deyil ki, istedadlı şair Rəna Qurbanlı yaradıcılığı haqqında xalqımızın görkəmli ədəbiyyat xadimləri  - Xalq şairləri Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Xalq yazıçısı İsmayıl Şıxlı, ictimai xadim, professor Vaqif Arzumanlı bir-birindən maraqlı fikirlər ifadə edib, onun şeirlərində həyat tapan duyğulara diqqət çəkiblər.


Məlumat üçün bildirək ki, Rəna Qurbanlının indiyədək “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Qəlbimdən qopan incilər”, “Yuxumda gördüyüm ev”, “Tənha çiçək”, “Zəhərli tikan”, “Sülh istəyirik”, “Ana ürəyi”, “Qırx dörd günün sədası” kitabları - ümumilikdə 9 kitabı işıq üzü görüb. Şeirlərinə mahnı bəstələnib. Biz bu yazıda Rəna Qurbanlının 2019-cu ildə «Elm və Təhsil» mətbəəsində çap olunmuş «Qəlbimdən qopan incilər», 2020-ci ildə «Ekoprint» mətbəəsi tərəfindən buraxılmış uşaq şeirlərindən ibarət «Sülh istəyirik» və 2021-ci ildə «Elm və Təhsil» mətbəəsində işıq üzü görmüş «Qırx dörd günün sədası» adlı kitablarından bəhs edəcəyik. Qısaca olaraq deyək ki, hər üç kitabda duyğu, hiss eyni ləngərdədir - yəni, müəllif hər üç kitabın ovqatını daha çox vətənpərvərlik ruhunda cilalayıb. Bu proses onun «Qırx dörd günün sədası» kitabında daha qabarıqdır. Kitabdakı şeirlərdə və həmçinin «Tovuz şəhidləri» və «Qırx dörd günün sədası» adlı poemalarda həyat yanğıları bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edir. Maraqlıdır ki, «Tovuz şəhidləri» əsərindəki ictimai səciyyə «Qırx dörd günün sədası» poemasında da qabarıq şəkildə diqqət çəkir. Oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır.


Nə qədər ağırdı həmin o gecə,

Tarixə adını yazdırdı necə?

On iki iyulda açılan səhər

Hamının yeməyi oldu lap zəhər...


«Tovuz şəhidləri» poeması bu sətirlərlə başlayır. Elə ilk misradan anlaşılır ki, Tovuz hadisələri tarixin ağır bir dəhşət anıdır. Bu an öz ehtişamını aşağıdakı misralarda qabarıq əks etdirir:

...Sərhəddən cürbəcür xəbər gəlirdi,

Xəbərlər ox olub ürək dəlirdi...


“Qırx dörd günün sədası” əsərində də fikir ürəkyaxıcıdır, lakin qələbə hissi dolmuş misralar oxucuda ovqat duruldur:


Qalxırdı göylərə atışma səsi,

Qorxuya salırdı eşidən kəsi...

...Düşməndən almışıq biz Qarabağı,

Azad eyləmişik tamam torpağı...


Bu poemada da Vətən məhəbbəti obrazların dili ilə ehtiram nümunəsi kimi qabardılır, zəfər gətirən oğulların şəninə xoş sözlər deyilir.

Azərbaycanın müzəffər ordusu Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında bu çətinlikləri dəf etdi, işğal altında olan torpaq­larımız ard-arda azad edildi, üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, nəhayət, Şuşada dalğa­landı və erməni birləşmələrinin əsas strateji gücü məhvə düçar oldu.

«Qırx dörd günün sədası» kitabında şeirlərin ümumi ruhu bu proseslərə işarə vurur. Rəna Qurbanlı ölkəmizin gələcək strategiyasının, mövcud reallıqların çox düzgün qurulduğunu poetik dillə əks etdirib, bu qənaətdədir ki, bütün bunlar xalqımızın həmrəy düşüncələrinin, yaşayış tərzinin vəhdət təşkil etməsində həlledici rol oynayır və bundan sonra da mühüm rol oynayacaq.

Rəna Qurbanlının «Qəlbimdən qopan incilər» kitabında insan davranışı, adi istəklə təmin olunan insan azadlığı, insan hərəkətlərinin idarəsi barədə sətiraltı ədəbi nüanslar ehtiva edib. Bu kitabda toplanan şeirlərdə əzablı qayğılar, insan və insan cəmiyyəti üçün maraq doğuran, lakin hərfən və mahiyyətcə fərqli ideyalar bərqərardır. Bu da oxucuda mənəvi, emosional qabiliyyətin artmasına zəmin yaradır. Burada insanın taleyi özünə tabe etmək və yaxud dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlardadır. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə var; insanı, insanlığı qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki xatirələr qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar...


Mənim şeirlərim övladlarımdır,

Hamısı dövlətim, həm də varımdır.

Şeirlər qəlbimdən qopan incidir,

Hər biri mənimçün lap birincidir.

***

Yaxşı ki rast gəldim dünyada sənə,

Yaradan yazıbdı yazını mənə.

Mələksən, sevgilim, gözəldir üzün,

Məni məftun etdi o qara gözün.


Bir bəndini nümunə gətirdiyimiz bu şeirlərdən də görünür ki, «Qəlbimdən qopan incilər» kitabında sevən, sevilən və həyata ayıq gözlə baxan insan obrazları var. Bu kitabda yer alan şeirləri oxuduqca, tam aydın olur, adi insanlar necə böyük bir zəhmət adamına, minlərin, milyonların sevimlisinə çevrilirlər. Məhz bu ümdə prinsip bəs edir ki, hər kəs öz həyat ovxarını tapa bilsin.

Səmimi deyək ki, «Qəlbimdən qopan incilər» kitabında maraqlı və mənalı həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir.

Çox az sayda qələm sahibi var ki, yaradıcılığında uşaq şeirləri ayrıca yer tutur. Rəna Qurbanlı da uşaqlara maraqlı şeirlər həsr edib və onları bir kitabda cəm edib.

Və təbii ki, hər birimiz gələcəyimizin sahibi olan uşaqlar barədə yazı yazmağı həmişə özümüzə borc bilmişik. Uşaqlarda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq da bizim ən ümdə vəzifələrimizdən olub. Bu missiya bir çox çətınliklərlə üzləşən uşaqların maneələrə mərd-mərdanə sinə gərməsi üçün böyük stimuldur. Elə istedadlı qələm sahibi Rəna Qurbanlının da lirik hədəfi bu ali duyğudur. Onun «Sülh istəyirik» kitabında da məhz bu real fakt özünü aşkar ifadə edir.

«Sülh istəyirik» kitabında müəllif uşaq arzularının mental xarakterlərini açıb. Əlbəttə, dünya uşaqları sülh istəyir, aydın səma altında böyümək arzusundadır. Bu anlamda, müəllif müxtəlif mənaları ifadə edən uşaq şeirlərinin hamısında məhz bu arzunun, bu nəvazişin qlobal şəkil aldığı ehtimalı yürüdür.

Sülh - bolluqdur, bərəkətdir,

Çox xoşrəftar hərəkətdir.

Sülh - xoşbəxtlik, səadətdir,

Gözəl haqdır, ədalətdir.

***

İndi də deyim sizə,

Su həyat verir bizə.

Bəxş eləyir su nicat,

Olmayır susuz həyat.

***

Nənənin bir bağı var,

Çoxdu orda ağaclar.

Ən hündürü çinardı,

Onlar sanki divardı...  

Heç şübhəsiz, bu şeir parçaları da sübut edir ki, Rəna Qurbanlı öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Biz dəfələrlə onun səmərəli fəaliyyətini özümüzə bələdçi etmişik, ömür salnaməsinin işıqlı səhifələrini aramla vərəqləmişik. «Sülh istəyirik» kitabında da biz bu səmtdən onun lirik uğurunu müşahidə edirik.

Annotasiyadan da göründüyü kimi, bu kitabda əsas hədəf fərqli təəssüratlarda olan uşaqların həyatı və duyğularıdır. Kitabın yaradıcılıq müstəvisi müəllifin özünün şüarı ilə işıqlanır: «Uşaqlar bizim gələcəyimizdir». Bu rakursda adıçəkilən kitab onu oxuyacaq bütün uşaqlar üçün parıltılı bir həyat tablosu kimi mənalanır...

«Sülh istəyirik» kitabındakı yığcam şeirləri oxuduqca tam əmin oluruq ki, istedadlı şair Rəna Qurbanlı obrazı da humanist, maarifpərvər obraz kimi təcəssüm edir, sözün əsl mənasında o, uşaq aləminə yaxşı bələd olan örnək qələm sahibi, uşaq həyatının yorulmaz «araşdırıcısıdır». Kitabdakı şeirlər bir daha anladır ki, hər uşaq gələcəyə bir qapıdır və bu qapı onun üzünə minbir əziyyətlə açılır. Əlbəttə, uğur əldə etmək də bir tale işidir... Ancaq bütün hallarda uşaqlar öz gələcəklərini təmin etmək üçün bəzən elə uşaq yaşlarından qarşılarına məqsəd qoyurlar...

Hər üç kitabda poetik zəmin budur ki, müəllif öz qəlbinin sevdasını vətən sanır. Oxucu elə bu səmimi hayqırtıdan hiss edir ki, müəllif hansı qəlbin, hansı poetik ruhun və hansı duyğusal ovqatın daşıyıcısıdır. Bu ovqatı biz özümüz də onun yazıda adlarını çəkdiyimiz kitablarında görürük. Bu kitablardakı ideoloji xətt müəllifin sanki «Vətən mənəm, Vətən məndən başlanır» deməsidir. Rəna Qurbanlı bu qənaətə gəlməklə bildirmək istəyir ki, insan həm də bir torpaq, bir səcdəgah yeridir.

Hər üç kitabda bir mübarizlik ruhu da var - misralar elə salxarlı, elə anlaşılandır ki, oxucu dərhal vətənpərvərlik hisləri ilə dolur və özünü bir Vətən sanır... 

Nəhayət, səmimi deyək ki, istedadlı şair Rəna Qurbanlının hər üç kitabında ədəbi hisslər əvvəlcə cizgi kimidir, sonra öz rənginə və ruhuna dolur. Şair cızdığı eskizləri ilk andan poetik rənglə cilalayıb, həm də onu şeirin bütün parametrlərində izləyib. Bu mənada Rəna Qurbanlının kitabları bir duyğu salnaməsi olaraq öz könül aynalarının işığında məna tapır, məzmun kəsb edir.

AZƏR RƏSUL /Kərimov/

prof.lng.DrSc Elm və Texnika Üzrə Laureat,

Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin Sədri



“Mənim şeirlərim övladlarımdır”-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi