Milli Kitabxanada “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual və “Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual və “Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub - FOTO

Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Xəlil İsmayılovun 80 llik yubiyeyi mübasibətilə “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual sərgi və “Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə tarix elmləri doktoru, professor Xəlil İsmayılovun monoqrafiyaları, dərslik və dərs vəsaitləri, elmi redaktoru və rəyçisi olduğu kitablar, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyatlar, dövri mətbuatda və elmi məcmuələrdə nəşr olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xelil_Ismayilov/index.html linkindən istifadə edə bilərlər.

Xəlil İsmayıl oğlu İsmayılov 1945- ci il iyul ayının 1-də Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. 1952-1963-cü illərdə yeddiillik kənd məktəbdə, sonra isə Çay Rəsullu kənd onbirillik orta məktəbdə, 1967-1972-ci illərdə ADU-nun (indiki BDU) kitabxanaçılıq fakültəsində təhsil alıb.

1974-1976-cı illərdə Kitabxanaşünaslıq kafedrasının laborantı, 1976-1979-cu illərdə kafedranın əyani aspirantı olub. 1979-1983-cü illərdə həmin kafedrada müəllim, 1983-1986-cı illərdə baş müəllim, 1986-2004-cü illərdə kafedranın dosenti vəzifəsində çalışıb.

1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Партийные библиотеки Азербайджана в годы Советской власти (История, современное состояние и перспективы развития)” mövzusunda müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi, 2004-cü ildə isə “Azərbaycan Respublikasında kitabxanaların metodik təminat sistemi: 1918-2000-ci illər (Tarixi, müasir vəziyyəti və perspektivləri)” mövzusunda müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1990-1993-cü illərdə Kitabxanaçılıq kafedrasının müdiri, 1993-2012-ci illərdə kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı, 2007-ci ildən 2019-cu ilə kimi Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri vəzifəsində çalışıb.

Professor Xəlil İsmayılov şəxsi təşəbbüsü ilə 1997-ci ildən nəşr olunan ixtisas məcmuəsinin - “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktoru kimi mühüm bir fəaliyyətlə də məşğuldur. O, 1999-cu ildə Azərbaycanda təşkil olunmuş AKİİA-nın (Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası) təsisçilərindən biri və prezidentidir.

"Kitabxana işinin idarə edilməsinin təşkilati-metodik məsələləri", "Kitabxana menecmentinin əsasları", "Kitabxana informasiya texnologiyaları", "Kitabxana işinin təşkili və idarə olunması" adlı dərs vəsaitlərinin və "Azərbaycan Respublikasında Kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi: (1918-2000)" və s. monoqrafiyanın, dərsliklərin 150-dən çox elmi məqalənin müəllifidir.

Professor Xəlil İsmayılov 2009-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülub. Həmçinin "Tərəqqi” medalı, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı və Respublika Təhsil Nazirliyi tərəfindən iki dəfə "Qabaqcıl təhsil işçisi” adı ilə təltif edilib.

2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (akademiki) seçilib. Ali Attestasiya Komissiyasının AMEA-nın Tarix və Etnoqrafiya İnstitutu nəzdindəki Dissertasiya Şurasının üzvüdür.

Faktinfo.az

Milli Kitabxanada “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual və “Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi