Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır -DEPUTAT

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir.

İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərzində dominantlıq etmiş münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərlə müşayiət olunur. Hətta ənənəvi müttəfiqlik formatlarında etimadsızlıq və inamsızlıq çalarları ön plana çıxır. Münaqişə və müharibə ocaqlarının alovlanması, daha geniş coğrafiyaya yayılması ona dəlalət edir ki, yeni dünya nizamına keçid dövrü asan və rəvan olmayacaq. Bu cür mürəkkəb şəraitdə, sözün həqiqi mənasında, müstəqil siyasət yürüdən ölkələrin uğur əmsalı  Qlobal Cənub və Qlobal Şimalda təmsil olunan dövlətlərlə ikitərəfli əlaqələri dərinləşdirməkdən, onları strateji səviyyəyə yüksəltməkdən əhəmiyyətli dərəcədə asılıdır.

Ərazi bütövlüyü və suverenliyini, beynəlxalq hüquqla tanınan təbii haqqını savaş meydanında bərpa etmiş müasir və müstəqil Azərbaycan məhz bu siyasəti yürüdür. Prezident İlham Əliyevin aprelin 23-də Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın ardınca Vyetnam Sosialist Respublikası ilə mayın 7-də Bakıda imzalanan “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” mövcud geosiyasi və geoiqtisadi reallıqları nəzərə alan praqmatik dövlət siyasətinin tərkib hissəsidir. Bu addımlar həm də onun göstəricisidir ki, Azərbaycan dövlət maraqlarından çıxış edərək, əlaqələrini yalnız bir Qütblə məhdudlaşdırmır. Əksinə, Avropa və Asiya arasında etibarlı siyasi körpülərin, səmərəli iqtisadi bağlantıların qurulması naminə siyasi iradə nümayiş etdirir. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın iki həftə əvvəl- aprelin 25-də Azərbaycan Prezidenti ilə Bakıda keçirilən görüşündə səsləndirdiyi bu bəyanat da ölkəmizin beynəlxalq müstəvidə artmaqda olan siyasi nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı etimadın etirafıdır: “Avropa İttifaqı Azərbaycanla əlaqələri yüksək dəyərləndirir və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır”.  Prezident İlham Əliyev elə həmin görüşdə ölkəmizin iki qitə arasında faydalı əməkdaşlığın qurulmasına töhfə vermək seçiminə sadiq olduğunu bəyan etdi: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər enerji dəhlizinin inkişaf etdirilməsində də mühüm rol oynayır”.

Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb dövrdə Qlobal Cənub ilə Qlobal Şimal, o cümlədən Asiya və Avropa arasında iqtisadi dəhlizlərdə iştirak və onlara təsir imkanları uğrunda ciddi rəqabət gedir. Cənub-Şərqi Asiyanın şərqində yerləşən, şimaldan Çin ilə qonşu olan, habelə Siam körfəzinə və Cənubi Çin dənizinə birbaşa çıxışı olan Vyetnam Qlobal Cənubda coğrafi üstünlüyü ilə seçilən ölkələrdən biridir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlər həm də bu baxımdan əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev mayın 7-də mətbuata bəyanatında həmin sənədlərin ikitərəfli münasibətlərin inkişafına zəmin yaratdığını xüsusi qeyd etdi: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir... Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.

Energetika, neft sənayesi, ticarət, elm, təhsil, mədəniyyət, turizm, texnologiya, innovasiya və rəqəmsal inkişaf, habelə ədliyyə və müdafiə sahələri ilə bağlı Anlaşma Memorandumlarının imzalanması  deməyə əsas verir ki, ölkələrimiz arasında faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş fəaliyyət istiqamətləri mövcuddur. Baş katib To Lamın mətbuata bəyanatında səsləndirdiyi fikir öz növbəsində Vyetnamın Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyini nümayiş etdirir: “Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir”.

Prezident İlham Əliyev Baş katib To Lamın ölkəmizə səfərindən bir gün əvvəl “Vietnam News Agency” yə verdiyi müsahibədə olduqca maraqlı faktları açıqladı. Bir çoxumuz üçün həmin faktlar yenilik idi. Prezidentin müsahibəsindən öyrəndik ki, görkəmli bəstəkarımız Qara Qarayev 1955-ci ildə ilk sovet-Vyetnam sənədli filmi üçün, Vyetnam müharibəsi haqqında “Vyetnam süitası”nı bəstələyib. Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında digər görkəmli həmvətənimiz rejissor Əjdər İbrahimov 1959-1962-ci illərdə Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib və üç film çəkib, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin müsahibədə ictimailəşdirdiyi maraqlı faktlardan biri də onunla bağlıdır ki, Azərbaycan mütəxəssisləri hələ o dövrdə Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. 1981-ci ildə Sovet İttifaqının dəstəyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinə ilk baş direktor kimi azərbaycanlı Cəlal Məmmədov rəhbərlik edib. Ümummilli Lider Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini statusunda Vyetnama səfər edərək dövlətlərarası, o cümlədən Azərbaycan SSR ilə Vyetnam arasında münasibətlərin dərinləşməsində tarixi rol oynayıb.

Bütün bu faktlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin ciddi tarixi kökləri mövcuddur. Müasir dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin cəlbediciliyi həm də ondadır ki, hətta mürəkkəb geosiyasi şəraitdə belə, hər iki ölkənin beynəlxalq hüquqa və aparıcı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətlərinə münasibəti tam üst-üstə düşür və dövlətlərimizin maraqlarına xidmət edir. Prezident İlham Əliyev bu gerçəkliyi nəzərə alaraq, Baş katib To Lamın iştirakı ilə mətbuata bəyanatında həmin məqamı xüsusi olaraq qeyd etdi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında-beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır... Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik”.

Azərbaycan Prezidenti bu bəyanatı ilə bir daha o mesajı verdi ki, yeni dünya nizamına keçid dövrünün doğurduğu şəraitin mürəkkəbliyinə baxmayaraq, yeni çağırışları qarşılıqlı şəkildə faydalı əməkdaşlıq fürsətinə çevirmək, fərqli coğrafiya və sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmaq  mümkündür və bu qaçılmazdır. Əsas olan müstəqil siyasi iradənin nümayişidir.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi