Palata: DSMF-nin Zaqatala rayon şöbəsi nöqsanlara yol verib-

Palata: DSMF-nin Zaqatala rayon şöbəsi nöqsanlara yol verib- Maliyyə Nazirliyinə və Baş Prokurorluğa sənəd göndərilib

Hesablama Palatasının kollegiyası 2017-ci il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələrini təsdiqləyib.

Palatadan “Report”a bildirilib ki, dövlət büdcəsinin vəsaitləri hesabına sosial müavinətlərin və təqaüdlərin ödənilməsinə 2017-ci ildə 4 829 633,2 manat, 2018-ci ilin I yarısında isə 2 716 298,96 manat olmaqla ümumilikdə 7 545 932,16 manat, ünvanlı dövlət sosial yardımının (ÜSY) ödənilməsi üzrə 2017-ci ildə 2274587,73 manat, 2018-ci ilin I yarısında isə 44 256,95 manat olmaqla cəmi 2318844,68 manat vəsait sərf edilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Zaqatala rayonu üzrə VEMTAS vasitəsilə təyinat aparılan 508 ailəyə ÜSY ödənilir.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilən monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara rast gəlinib.

Məcburi dövlət sosial sığorta haqları hesabına gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən müəyyən edilib ki, 2017-ci ildə Fond tərəfindən 4389300,0 manat həcmində təsdiq edilmiş proqnoz 89,5% icra edilərək 3926925,19 manat vəsait yığılmışdır. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7%-i büdcə, 1542462,07 manatı və ya 39,3%-i qeyri-büdcə sektorundan daxil olmuş, həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4% və 103,1% təşkil edib.

2018-ci ilin 6 ayı üzrə 2 081 800,0 manat məbləğində proqnoza qarşı 2 033 982,87 manat vəsait yığılıb, təsdiq olunmuş proqnoz 97,7% icra edilib. Həmin vəsaitin 1 242 603,96 manatını və ya 61,1%-ini büdcə sektorundan, 791 378,91 manatını və ya 38,9%-ini isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil edib, büdcə sektoru üzrə 1 226 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3%, qeyri-büdcə sektoru üzrə 854 900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6% icra edilib.

Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara rast gəlinib, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam istifadə edilməyib, qaldırılmış iddia məbləğinin təmin olunmasından sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməmiş, ödənilmiş vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar olub, sanatoriya-kurort yollayışlarının satılması fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməyib.

Audit olunan dövrdə yeni pensiya təyinatlarının 263 ədədi (29,2%-i) üzrə sığorta stajına dair hüquqi fakt Zaqatala rayon məhkəməsi tərəfindən müəyyən olunub, 23 pensiya işi üzrə (2,6%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunub.

Audit nəticəsində pensiya təyinatı və ödənişi sahəsində vətəndaşların sosial sığorta stajlarının düzgün nəzərə alınmaması, pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması, pensiyanın onu almaq hüququ olan ailə üzvlərinə düşən hissəsinin və pensiyaya əlavələrin düzgün hesablanmaması, işləyən əlil pensiyaçılara pensiyanın tam məbləğdə ödənilməsi kimi nöqsanlara yol verildiyi aşkar olunub.

Təqdim edilən sənədlərə əsasən şöbədə keçirilən satınalma prosedurları zamanı bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə əməl edilməyib, satınalma üzrə müvafiq mətbuat orqanlarında elan və məlumat yerləşdirilməsi işi zəruri qaydada aparılmayıb, işlərin sənədləşdirilmiş icra göstəriciləri ilə faktiki icra göstəriciləri arasında fərqlər olub.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirliyə və Şöbəyə kollegiya qərarının surəti, Maliyyə Nazirliyinə və Baş Prokurorluğuna müvafiq satınalma prosedurları üzrə auditin nəticələrinə dair aktdan çıxarış və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi