PREZİDENTİN KÖMƏKÇİSİNİN HÜQUQ MÜDAFİƏÇİLƏRİLƏ GÖRÜŞÜ...

PREZİDENTİN KÖMƏKÇİSİNİN HÜQUQ MÜDAFİƏÇİLƏRİLƏ GÖRÜŞÜ... - Hakimiyyət yeni açılıma gedir?

İyulun 30-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının durumu, qeyri-hökumət təşkilatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

N.Cəfəroğlu “Turan”a deyib ki, Prezidentin köməkçisi ilə görüşdə QHT sektorunda problemlər diqqət mərkəzində olub: “Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq”.

Hüquq müdafiəçiləri QHT-lərin hüquq-mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və narkotiklərlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məsələlərini də diqqətə çatdırıb.

Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını Prezidentin köməkçisinə təqdim ediblər. “O, bu istiqamətdə addımlar atılacağını dedi”,- deyə Cəfəroğlu qeyd edib.

Qeyd edək ki, görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədrinin müavini Vüsal Quliyev iştirak edib.

Ölkədə narazılıq yaradan iki mühüm məsələnin müzakirəsi onu deməyə əsas verir ki, hakimiyyət siyasi məhbus problemini birdəfəlik həll etmək istəyindədir. Həm də bu, Avropanın, Qərb təşkilatlarının təzyiqi altında deyil, özü həll etmək niyyətini göstərir. İkinci diqqət çəkən məqam QHT-lərin yenidən maliyyələşməsi və onların cəmiyyətdə rolunun artırılması ilə bağlı məsələdir ki, hakimiyyət bununla bağlı da ciddi addımlar atmaq istəyir.

Çünki postmüharibə dövründə də Azərbaycanın həm daxilində, həm xaricində QHT-lərin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. QHT-lərin xarici donorlardan maliyyələşməsi ilə bağlı qadağalar QHT-lərin vəziyyətini pisləşdirib, onların cəmiyyətdə rolunu xeyli arxa plana keçirib. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bir neçə ildir fəaliyyət göstərsə də, belə görünür ki, ya hamıya maliyyə çatmır, ya da hamı bu maliyyədən dövlətə lazımi sahədə yararlanmır. 

V.Quliyevin də görüşdə iştirakı QHT-lərin maliyyələşməsində çoxdan gözlənilən dəyişikliyin olacağından xəbər verir. Lakin ortaya yenə də suallar çıxır - siyasi məhbus siyahısı son hesab edilə bilərmi? Hər il müxtəlif beynəlxalq hesabatlarda bizim Afrika ölkələri ilə bir cərgəyə qoyulmağımızın qarşısı alınacaqmı? Ümumiyyətlə, siyahıda olanların azadlığa buraxılması siyasi məhbus problemini nöqtələyəcəkmi? Çünki bəzi hüquq-müdafiəçilərinin də başqa siyahıları var. Dövlət yetkililəri onlarla da görüşəcəkmi? QHT-lərlə bağlı maliyyə probleminin həlli nələri dəyişəcək?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda həm QHT-lərlə bağlı vəziyyət, həm siyasi məhbus problemində boşluqlar var. Onun fikrincə, QHT-lərə məhdudiyyətlər, siyasi məhbusların olması dövlətçiliyə xidmət etməyən adamların təsiri ilə reallaşdırılıb: “Ramiz Mehdiyev və komandası bu proseslərdə aparıcı rol oynayıb. Uzun müddət vətəndaş cəmiyyəti və siyasi fəallarla bağl atılan addımlar xoşagəlməz nəticələrə səbəb olub. Ona görə hakimiyyət açılıma getməlidir. Bu, müxalifətdən daha çox iqtidarın özünə lazımdır. Çünki müharibədən sonra Azərbaycan reallıqları, siyasi həqiqətləri dəyişib”.

T.Abbaslı bildirdi ki, ölkədə postmüharibə dönəmində milli barışığa, konsensusa ehtiyac var: “Siyasi məhbuslar məsələsi neqativ anlamda, hakimiyyətə basqı olan məsələ kimi qalır. O insanları həbsdə saxlamağın mənası yoxdur. Siyasi iqtidara təsiri olmayan adamlardır. Eyni zamanda QHT-lər haqda məhdudiyyət yaradan qanun dəyişməlidir. O demək deyil ki, ”Soros" Azərbaycanda “at oynatmalıdır”, sadəcə, müsbət addımlar atıla bilər".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” ictimai birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, artıq iki aydır həm QHT-lərə Dövlət Dəstək Agentliyindən, həm ayrı-ayrı qurumlardan qanunda dəyişikliklər edilməsi barədə təkliflər verilməsi istənilir. Onun sözlərinə görə, bu prosesin içindədir və beynəlxalq qurumlarla, fondlarla, səfirliklərlə görüşüblər. “Xüsusən 2014-cü ildə qanunda edilən dəyişiklik nəticəsində məhdudiyyət yaradan hissələrin indi aradan qaldırılması gözlənilir. Ona görə də hökumət yeni dəyişikliyə gedəcək. QHT Agentliyi olaraq bunun hazırlanması ilə məşğuluq, əslində təkliflər ortadadır, sadəcə, komplektləşdirib irəli sürəcəyik. Hesab edirəm ki, hökumətin bu istiqamətdə siyasi iradəsi var” , - deyə, o bildirib.

Onun fikrincə, Milli Məclisin payız sessiyasında QHT-lərlə bağlı müzakirələr olacaq və qanuna dəyişikliklə ən azı 2012-ci ilə qayıdılmalıdır: “Qanunda iki məqam var: beynəlxalq təşkilatların, fondların Azərbaycanda qeydiyyatdan keçməsi məcburiyyəti və onların ofislərinin olması tələbi aradan qalxacaq, eyni zamanda, QHT-lərin qeydiyyata alınması sadələşdiriləcək. Bildiriş sistemi isə qala bilər, burada problem yoxdur. Ən əsası QHT-lərə olan münasibət dəyişməlidir. Yəni qanun dəyişilib yanaşma dəyişməsə effekti olmayacaq”.

G.Səfərova siyasi məhbuslara gəldikdə, bildirdi ki, hakimiyyət bu problemlə bağlı da açılıma gedir: “Ona görə ki, siyasi dustaqların olması bir çox beynəlxalq hesabatlarda Azərbaycanın imicinə pis təsir edir. Halbuki ayrı-ayrı araşdıranda siyasi dustaqlar məsələsində yanaşmalar fərqlidir. Lakin istənilən halda hökumət açılıma getməlidir. Bizə lazım olmayan problemlər yaradır, asanlıqla bunu həll etmək olar”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər