Qərbdən İsrailə qarşı ard-arda qərarlar – Qəzzadakı soyqırım beynəlxalq reaksiyalara səbəb olur

Qərbdən İsrailə qarşı ard-arda qərarlar – Qəzzadakı soyqırım beynəlxalq reaksiyalara səbəb olur 

Qəzza zolağında davam edən soyqırım və işğalçı İsrailin Fələstin ərazilərindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmaqdadır.

Qərb ölkələri arasında artan narahatlıq fonunda İsrailə qarşı həm diplomatik, həm də iqtisadi təzyiqlər güclənir. Bu təzyiqlər yalnız humanitar narahatlıqlarla deyil, beynəlxalq hüququn pozulması riski ilə də əsaslandırılır.

İlk ciddi addım Böyük Britaniyadan gəldi. Rəsmi London, İsraillə ticarət danışıqlarını dayandırmaqla yanaşı, 350 silah ixrac lisenziyasından 30-nun qüvvəsini müvəqqəti olaraq dondurdu. Bu addım İsrailin fəaliyyətlərinin beynəlxalq humanitar hüquqa zidd ola biləcəyi ilə əlaqələndirilib. Eyni zamanda, bəzi israilli məskunlaşmaçılara və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib.

Avropa İttifaqı isə daha genişmiqyaslı addım ataraq, İsraillə Assosiasiya Sazişinin yenidən qiymətləndirilməsinə başlayıb. Estoniyanın xarici işlər naziri Kaja Kallas bu prosesi rəsmən təsdiqləyib. Aİ daxilində 17 ölkə bu təşəbbüsü dəstəkləsə də, 9 ölkə buna qarşı çıxır. Bu da İttifaq daxilindəki siyasi parçalanmanı göstərir.

Fransa, Kanada və Böyük Britaniya birgə bəyanatla İsrailin Qəzzadakı əməliyyatlarını, xüsusilə humanitar yardımın qarşısının alınmasını kəskin tənqid edib. Bəyanatda “konkret tədbirlər”, o cümlədən hədəfli sanksiyalarla bağlı xəbərdarlıq yer alıb. Fransa isə Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib.

İspaniya parlamenti İsraillə silah ticarətinin qadağan olunması məsələsini müzakirəyə çıxarıb. İsveç isə israilli rəsmilərə qarşı sanksiyaların vacibliyini gündəmə gətirib.

Artan beynəlxalq təzyiqlər fonunda Qəzzada insanlıq əleyhinə cinayətlər törədən  İsrail hökuməti müəyyən güzəştlərə getməyə məcbur olub. 20 may tarixində Kərəm Şalom keçid məntəqəsi vasitəsilə Qəzzaya 93 yük maşını ilə humanitar yardım çatdırılıb. Bu, 11 həftədən sonra həyata keçirilən ilk böyük yardım partiyasıdır.

Eyni zamanda,  işğalçı İsrail rejiminin rəhbəri Benyamin Netanyahu, Qətərdə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin bir hissəsinin geri çağırılmasına göstəriş verib. Bu qərar münaqişənin diplomatik həlli cəhdlərinin zəiflədiyini göstərir.

İsrail daxilində də siyasi gərginlik artır. Knesset üzvü Yair Qolan hökuməti “İsraili təcrid olunmuş bir dövlətə çevirməkdə” ittiham edib. Bu bəyanat həm hakim koalisiyada, həm də müxalifət dairələrində rezonans doğurub.

Beynəlxalq arenada isə İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq səyləri dayanıb. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Vaşinqton bu istiqamətdə işini davam etdirir. Lakin Ər-Riyad açıq şəkildə bildirib ki, Qəzzadakı müharibə dayandırılmadan bu istiqamətdə irəliləyiş mümkün deyil.

Qeyd olunmalıdır ki, Qəzzada baş verənlər fonunda formalaşan beynəlxalq konsensus İsrailin xarici siyasətinə və regional mövqeyinə ciddi təsir göstərir. Qərbin artan təzyiqləri və Avropa İttifaqı daxilindəki diplomatik təşəbbüslər İsrailin gələcək addımlarını daha ehtiyatla atmasına səbəb ola bilər. Eyni zamanda, bu təzyiqlərin humanitar sahədə müsbət nəticələr verməsi də mümkündür.

Rasim Əliyev
AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi