Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri kassasiya şikayəti verdi

Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri kassasiya şikayəti verdi 

Dələduzluqda təqsirləndirilən, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış Ülviyyə Balayevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Ü.Balayeva vətəndaşları aldadaraq onlara qarşı dələduzluq edib. O, 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Həbs edildikdən sonra onun digər cinayəti də üzə çıxıb. Məlum olub ki, Ü.Balayeva "Şəhid ailələri, Əlilləri, Müharibə veteranlarının müdafiəsi" İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri İbrahim Əliyevlə birlikdə bir qrup gədəbəyliyə qarşı da dələduzluq edib. Hər iki şəxs barəsində cinayət işi başlanıb. İ.Əliyev istintaq dövründə dünyasını dəyişib.

Ü.Balayeva İ.Əliyevlə birlikdə vətəndaşlara Fövqəladə Hallar Nazirliyində işə düzəltmək, sosial evlərdən mənzil almaq, sosial yardım, pensiya düzəldəcəklərini söz verərək 32 nəfərə qarşı silsilə dələduzluq edib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası da birləşdirilməklə 4 il 6 ay azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi