"Rusiya sərhəddə gərginliyin artmasında maraqlıdır" - "Paşinyanın reytinqi xeyli azalacaq"

"Rusiya sərhəddə gərginliyin artmasında maraqlıdır" - "Paşinyanın reytinqi xeyli azalacaq" 

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.

Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb.

Qeyd edək ki, bu hadisə mayın 12-dən sonra dövlət sərhəddinə baş verən təxribatların davamıdır. Bundan əvvəl 60-dan artıq erməni silahlsının Azərbaycan hərbçilərinə hücum etdiyi, onları mühasirəyə alaraq fiziki təzyiq göstərdiyini əks etdirən görüntülər yayılmışdı. Hərbi mənbələr buna cavab olaraq Azərbaycan hərbçilərinin ermənilərin həmin ərazidə yerləşən postlarını ələ keçirib daha əlverişli yüksəkliklərdə möhkəmləndiyini açıqlamışdı.

Maraqlıdır, 20 iyunda keçiriləcək parlament seçkiləri rərəfəsində bu cür təxribatlar Paşinyan hökumətinin nəyinə lazımdır və onun seçki kampaniyasına necə təsir göstərəcək? Bu hadisədə üçüncü tərəfin marağı varmı?

Politoloq Şahin Cəfərli Rusiyanın bu hadisələrdə iştirakını istisna etməyib.

"10 noyabr razılaşmasından sonra Rusiyanın regionda əhəmiyyəti artıb. Moskva cari və strateji məqsədlər güdərək idarə olunan gərginlık siyasətinin olmasında maraqlıdır", - politoloq qeyd edib.

Onun fikrincə, cari məqsəd hazırkı mərhələyə aiddir: "Rusiya Ermənistanda seçkilərdə hazırkı Baş nazir Nikol Paşinyanın uduzmasında maraqlıdır. Rusiya göstərir ki, Nikol Paşinyan nəinki müharibədə, təhlükəsizliyin təminatında da acizdir. Korrupsiya məsələsində Paşinyan rəqiblərinə qarşı söz deyə bilirsə, təhlükəsizlik mövzusunda onun rəqiblərinə, Robert Koçaryana qarşı deyəcək sözü yoxdur. Rusiya seçkiqabağı prosesdə Nikol Paşinyanın reytinqini azaldır".

Ş.Cəfərli deyir ki, strateji məqsəd isə 10 noyabr 2020, 11 yanvar 2021-ci il bəyanatlarında yer alan yolların açılması və regionda iqtisadi əlaqələrin bərpa olunmasıdır. Onun fikrincə, Moskva sərhədlərin müəyyən edilməsində ona görə tələsir ki,  Azərbaycanı Rusiyanın yaratdığı bloklara cəlb etmək üçün maneə qalmasın. 

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Nikol Paşinyan bu vəziyyətdə yenə ətraf aləmdən kömək istəyəcək.

"Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib"- deyə, Şahinoğlu vurğulayıb.

Politoloq güman edir ki, Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək

kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin: "Ermənistan müxalifəti erməni həbrçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək tam əksinə bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlizmizdədir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi