Sabiq dövlət müşaviri:“Türkiyə Rusiyanın regional dövlət statusundan çıxmasına kömək edir”

Sabiq dövlət müşaviri:“Türkiyə Rusiyanın regional dövlət statusundan çıxmasına kömək edir” 

“Son 3-4 il ərzində Kremlin səyləri ona yönəlib ki, əvvəla, postsovet məkanında nüfuzunu bərpa etsin, postsovet məkanından kənarda vaxtı ilə SSRİ-nin at oynatdığı yerlərdə yenidən təsir qüvvəsini bərpa etsin”.

Bu sözləri musavat.com-a açıqlamasında Putinin Ankara səfərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bunu bərpa edərkən bir sıra ölkələrlə qarşı-qarşıya durmalı olur: “Rusiya ətrafında nə qədər çox qüvvələr toplaya bilərsə, o zaman onun həm Yaxın Şərqə təsir qüvvəsi artır, həm də Amerika tərəfindən təklənmiş Rusiya nəfəsini dərir, yeni güc əldə edir. Bu nöqteyi-nəzərdən Türkiyə Rusiya üçün göydəndüşmə bir dövlətdir”.

Q.Hüseynlinin sözlərinə görə, qardaş ölkənin hesabına Kreml Suriyada demək olar çox uğurlu hərbi siyasət apara bildi, Bəşər Əsədi də hakimiyyətdə saxladı. Üstəgəl Rusiyanın İraq, Liviya və Misirə təsir gücü xeyli artdı, onlarla ticarət əlaqələri genişləndi: “Bu ölkələr Rusiyadan xeyli miqdarda silah almaq qərarı verdilər. Oktyabrın əvvəllərində Rusiya tarixində ilk dəfə olaraq, Səudiyyə Ərəbistanı kralı bu ölkəyə səfər edəcək. Bu səfər sözsüz ki, hərbi müqavilələr və ikitərəfli ticarət əlaqələrinin genişlənməsi ilə bağlıdır. Türkiyənin arxasında durduğu, dəstək verdiyi Rusiya Yaxın Şərqdə, ərəb dünyasında demək olar hökmranlığını, yaxud ən azından bərabərtərəfli münasibətlərini bərpa etmək vəziyyətindədir. Bu bərpa edilmiş vəziyyət ona xeyli üstünlüklər gətirəcək”.

Politoloq Rusiya-Türkiyə münasibətlərinin hələ ki Kremlin xeyrinə işlədiyini də qeyd etdi: “Rusiya Türkiyəyə təxminən beş milyard dollarlıq silah satma ilə bağlı razılaşma əldə edib. Doğrudur, Türkiyə tərəfi daxili turizmini genişləndirib, bunu daha çox Rusiyadan gələn turistlərin hesabına edib. Amma hələ də hər iki ölkə arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə tam razılıq əldə olunmayıb. Bu sahədə ciddi kəsirlər qalmaqdadır. Bunların hamısını ümumiləşdirərək deyə bilərik ki, Türkiyə-Rusiya münasibətləri hələ ki ikincinin xeyrinə işləməkdədir. Kremlə bu əlaqələr geosiyasi üstünlüklər qazandırır.

Bir növ, Rusiyanın regional dövlət statusundan çıxmağa kömək edir. Türkiyəyə gəldikdə bunları söyləmək çətindir. Çünki qardaş ölkə NATO, Avropa Birliyi və Amerika ilə münasibətlərini xeyli dərəcədə gərginləşdirib. Rəsmi Ankara ilə Avropa Birliyi arasında danışıqlar dayandırılıb, Türkiyənin NATO-dan çıxarılması barədə səslər eşidilməyə başlayıb, nəticə etibarı ilə adını çəkdiyim qüvvələr Türkiyənin qonşuluğunda “Kürdüstan” dövlətinin yaradılması ideyasını bu və ya digər şəkildə dəstəkləyirlər. Qardaş ölkənin qonşu ölkələri ilə də münasibətləri xeyli gərginləşib. Bu münasibətlərin gərginləşməsi Türkiyə ətrafında qorxulu bir pərdənin yaranmasına gətirib çıxara bilər. Doğrudur, Türkiyə sıradan bir dövlət deyil. Kifayət qədər gücə malikdir. Hər halda bunu söyləmək mümkündür ki, Türkiyə-Rusiya münasibətlərinin bu səviyyəyə qədər yaxşılaşması rəsmi Ankaranın bir sıra maraqlarının təmin olunmamasına gətirib çıxara bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər