
"Süni intellekt texnologiyaları və aerokosmik problemlər" III beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO
Milli Aviasiya Akademiyasında (MAA) “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” III beynəlxalq elmi-praktik konfrans keçirilib.
Faktinfo.az xəbər verir ki,tədbirin keçirilməsində əsas məqsəd müvafiq sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin, eləcə də gənc tədqiqatçıların bir araya gəlməsini təmin edərək yeni elmi yanaşmalar, tədqiqat nəticələri və innovativ texnologiyaları müzakirə etmək üçün akademik platforma yaratmaq idi.
Hibrid formatda keçirilən konfransın açılış mərasimində MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov çıxış edərək toplantı iştirakçılarını MAA-nın rektoru, akademik Arif Paşayevin adından salamlayıb. Tədbirin süni intellekt texnologiyalarının aerokosmik sahədə tətbiqi ilə bağlı müasir çağırışlara, eləcə də bu problemlərin həllində gənc tədqiqatçıların yaradıcı potensialının üzə çıxarılması məsələlərinə həsr olunduğunu diqqətə çatdırıb. O, ölkəmizin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzlərində süni intellektin tətbiqi və inkişafı üzrə kompleks tədbirlərin həyata keçirildiyini, Milli Aviasiya Akademiyasının da bu prosesdə fəal iştirak etdiyini vurğulayıb.
Professor Ədalət Səmədov süni intellekt texnologiyalarının aerokosmik texnikanın layihələndirilməsi, idarəetmə sistemlərinin intellektuallaşdırılması, pilotsuz uçuş aparatlarının səmərəli idarə olunması, eləcə də kosmik texnologiyaların inkişafı baxımından strateji əhəmiyyət kəsb etdiyini, MAA-da bu istiqamətdə kompleks layihələrin həyata keçirildiyini söyləyib.
O, konfransın səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin işlənilməsi baxımından yeni imkanlar yaradacağına, eyni zamanda süni intellektin aerokosmik sahədə tətbiqi istiqamətində tədqiqatların genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev süni intellekt texnologiyalarının aerokosmik sahədə tətbiqi problemlərinə həsr olunmuş beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Alim MAA-nın elmi potensialını, burada elm və sənaye arasında dayanıqlı əlaqələrin təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “Bu ali məktəbdə alim və mütəxəssislərin mühüm nəticələrinin kommersiyalaşdırılması və innovativ istiqamətdə tətbiqi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi diqqətəlayiqdir”.
Akademik Rasim Əliquliyev çıxışında AR Prezidenti cənab İlham Əliyevin ölkəmizdə süni intellektin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətindən bəhs edərək, ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Alim cari ilin martın 19-da imzalanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın əhəmiyyətinə toxunub, bu sənəddən irəli gələn vəzifələrin icrasının strateji əhəmiyyət kəsb etdiyini, ölkəmizdə süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və mövcud problemlərin həlli baxımından son dərəcə vacib olduğunu qeyd edib. Sənədin müvafiq dövlət qurumları, eyni zamanda ölkənin alim və mütəxəssislərinin qarşısında ciddi vəzifələr müəyyən etdiyini diqqətə çatdırıb.
Ölkəmizdə süni intellektin meydana gəlməsi və inkişafı məsələsinə toxunan akademik R.Əliquliyev hələ ötən əsrin 60-cı illərindən başlayaraq süni intellektin müxtəlif aspektləri ilə bağlı fundamental tədqiqatların aparıldığını, mühüm nailiyyətlərin əldə edildiyini söyləyib.
Alim süni intellektin tərkib hissələri olan data analitika, data mühəndisliyi, tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və s. kimi mühüm sahələrə xüsusi diqqət yetirilməsinin, bu istiqamətlərdə yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyini də diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib. Müasir dövrdə milli təhlükəsizliyin təmin olunması və yüksək texnologiyaların inkişafının hər bir ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Y.Salman bu baxımdan MAA-nın müasir çağırışlara cavab verən innovativ fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda həmçinin Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Yaponiyanın “Global Optical Solutions” (Beynəlxalq Optik Həllər) şirkətinin baş tədqiqatçısı, LCD texnologiyasının əsas yaradıcılarından biri olan, professor Xəlil Kələntərin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş etdirilib. Professor X.Kələntər konfrans iştirakçılarına səmimi təbriklərini çatdıraraq, bu kimi tədbirlərin beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sonra tədbir plenar məruzələrlə davam edib. Ukraynanın Xarkov Aviasiya İnstitutunun Aerokosmik mühəndislik fakültəsinin dekanı, professor Dmitri Kritski “Aviasiyada süni intellekt texnologiyaları”, Qazaxıstan Mülki Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru Kayrat Koşekov “Təyyarələrin idarə olunmasında süni intellekt və robot sistemlərinin tətbiqi konsepsiyası”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova “Qərarların qəbulu prosesində süni intellekt və informasiya prosesləri”, “Smart Solutions Group” şirkətinin eksperti Oqtay İbrahimov “Süni intellektin aerokosmik və hava nəqliyyatı sahəsinə təsirləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib. İclaslarda “Aviasiya sistemlərində süni intellekt”, “Aerokosmik monitorinq problemlərinin həllində süni intellekt texnologiyaları”, “Süni intellekt simulyatorları və öyrənmə prosesi”, “Aviasiya təhlükəsizliyində süni intellekt texnologiyaları”, “Süni intellektin tətbiqinin sosial və hüquqi problemləri”, “İqtisadiyyat və menecmentdə süni intellektin innovativ tətbiqləri” mövzusunda məruzələr dinlənilib, çoxsaylı suallar cavablandırılıb.







Bu xəbər üçün şərh yazın