Tağı Əhmədov keçidlərdə xaos yaratmışdı -

Tağı Əhmədov keçidlərdə xaos yaratmışdı - Bakı Metropolitenindən AÇIQLAMA

“Beynəlxalq təcrübə nəzərə alınaraq, metropolitendə yalnız arxitektur quruluşa və ümumi görünüşə xələl gətirməyən, sərnişinlərin sərbəst giriş-çıxışına mane olmayan xüsusi müəyyən olunmuş yerlərdə insanların sağlamlığının qorunması məqsədilə aptek, maarifləndirmə xarakterli və insanların ədəbiyyata olan marağının artırılması məqsədilə kitab evi, estetik baxımdan gözəl görünən gül dükanı şəbəkələrinin fəaliyyət göstərilməsi məqbul hesab edilib”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədovun sözlərinə görə, yerlər hüquqi-normativ aktlara əsasən müəyyən olunub:

“Həmin yerlərin dislokasiyası elə seçilib ki, hüquqi-normativ aktlarla müəyyənləşmiş normaların tələblərinə ciddi riayət edilməsi təmin olunur. Məhdud sayda olan obyektlər hərəkət axınından tam olaraq kənarda yerləşir. Ən başlıcası sərnişinlərin bu yerlərdə rahat və sərbəst hərəkətinə tam təminat verilir”.

Qurum rəsmisi qeyd edib ki, hər gün 600 mindən çox insanın istifadə etdiyi Bakı metropoliteni paytaxtın aparıcı ictimai sərnişindaşıma nəqliyyatı vasitəsidir:

“Bütun bunlarla yanaşı, metropoliten öz xarakteri və fəaliyyət spesifikası ilə dövlətin strateji əhəmiyyətə malik nəqliyyat infrastrukturudur. Bütün bunlar metropolitenə xüsusi həssaslıqla, diqqətlə yanaşmağı tələb edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2014-cü il tarixli 321 saylı qərarına əsasən “Bakı Metropoliteni” QSC ictimai əhəmiyyətli qurumlar siyahısına (sıra №-si 2.1), 31 mart 2014-cü il tarixli 91 saylı qərarına əsasən isə “Bakı Metropoliteni” QSC-nin bütün obyektləri “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na (sıra №-si 157) daxil edilib.

Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə mütərəqqi texniki vasitələrin, müasir sistem və üsulların tətbiqi paytaxtın aparıcı nəqliyyat infrastrukturu olan metropolitenin idarəedilməsində qarşıya qoyulan prioritet vəzifələrdəndir”.

Qurum rəsmisi Tağı Əhmədovun dövründə metro keçidlərində tüğyan edən “metro bazar”ını da xatırladıb:

“Çox da uzaq olmayan metropoliten tarixinə nəzər salsaq, əminliklə deyə bilərik ki, metropoliten stansiyalarının pilləkənlərindən tutmuş bütün keçidlərində tuğyan edən, sərnişinlərin metropolitenə daxil olmasına belə, ciddi maneələr törətməklə sərnişindaşımada ən adi təhlükəsizlik prinsiplərinə məhəl qoymayan ticarət xaosunun hökm sürdüyü həmin günlər hamının yadındadır

Ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilmiş metropoliten stansiyalarının, keçidlərinin ərazisində sağ və sol tərəflərdə bir-birinə bitişik şəkildə köşklərin quraşdırılması sərnişinlərin hərəkəti üçün nəzərdə tutulmuş sahələri daraltmaqla, onların sərbəst hərəkətinə, sərnişin təhlükəsizliyinin təmin olunmasına, fövqəladə vəziyyətdə insanların təxliyəsinə imkan verməməklə yanaşı, keçid və stansiyaların estetik görünüşünə, arxitektur quruluşuna ciddi xələl gətirirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamını verməklə təkcə paytaxtın bu mühüm ictimai nəqliyyat infrastrukturunun keçid və stansiyalarındakı ticarət hərc-mərcliyinə, baş alıb gedən anti-sanitariyaya, yaranmış xaosa son qoymadı, həmçinin keçidlərdə və stansiyalarda sərnişinlərin sərbəst, rahat və təhlükəsiz hərəkətinə şərait yaratdı. Bakı Metropoliteninə müasir dövrün texnoloji yeniliklərini, dünya standartlarının ən yüksək tələblərinə cavab verən və dünyanın inkişaf etmiş ölkələrinin metropolitenlərinə nümunə ola biləcək bir ictimai nəqliyyatın formalaşdırılmasına nail olundu.

Müxtəlif kütləvi informasiya vasitələrinin əhali arasında keçirdiyi sorğuya əsasən onların hamısı metropoliten ərazisindən ticarətin yığışdırılmasını müsbət addım kimi qiymətləndirib, hazırda metropolitendə havalandırmanın yüksək səviyyədə olduğunu, metro nəqliyyatından və keçidlərdən istifadənin çox rahat olduğunu və görünüşün xüsusi zövq verdiyini bildiriblər. Ona görə də birmənalı olaraq qeyd edilməlidir ki, metro ərazisində bu cür obyektlərin mövcudluğuna tamamilə son qoyulub”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər