Cənubi Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə dünyaya sürətlə inteqrasiya edir

Cənubi Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə dünyaya sürətlə inteqrasiya edir 

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır.

İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi
üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada
xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik
olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin
reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü
rolunu daha da möhkəmləndirir.

Özünün inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycan xarici
ölkə və təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, Mərkəzi və Şərqi
Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı
Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.  İkitərəfli münasibətlər
dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Hazırda Türk
Dövlətləri Təşkilatının müşahidəçi statuslu üzvü olan Macarıstan Azərbaycanın strateji
tərəfdaşıdır. Macarıstan həmçinin, Azərbaycanın Avropa İttifaqında ən etibarlı
tərəfdaşlarından biridir. İki ölkənin dövlət və hökumət başçılarının gerçəkləşdirdikləri
qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir.
Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin
Novakın dəvəti əsasında bu ölkəyə rəsmi səfəri deyilənlər baxımından mühüm
əhəmiyyət kəsb edir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanıb. Sənədlər
içərisində dövlətimizin başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan
Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə
Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın
bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam
etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı
(TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur və
TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək
ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq
əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin
Nümayəndəlik Ofisi fəaliyyət göstərir.

Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir
və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim
təqdir edir. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının
Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan
2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Həmçinin, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və
Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq
Saziş imzalanıb. Saziş bu ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə
Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi
layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Siyasi təmaslarla yanaşı, iqtisadi sferada da münasibətlərin yüksələn xətlə inkişaf
edən həm Macarıstan, həm də Azərbaycanın geniş iqtisadi potensialı var. Strateji
tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, digər qarşılıqlı sənədlər
Azərbaycanla Macarıstan arasında idxal-ixrac əməliyyatlarının artacağına səbəb
olacaq. Macarıstan şirkətləri ölkəmizin kənd təsərrüfatı, nəqliyyat və digər sektorlarına
böyük həcmdə sərmayələr qoyub. Azərbaycan şirkətləri də Macarıstana investisiya
yatırıb.

Əminliklə demək olar ki, bu səfərdən sonra hər iki ölkəni təmsil edən şirkətlər
qarşılıqlı sərmayə yatırımlarını daha da artıracaqlar. Macarıstan “Cənub Qaz Dəhlizi”
layihəsinə önəm verir və dəstəkləyir. Yaşıl enerji layihələrinin reallaşdırılmasında
Macarıstan-Azərbaycan əməkdaşlığını xüsusilə vurğulamaq lazımdır. Bu gün Cənubi
Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə dünyaya sürətlə
inteqrasiya edir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti ilə
Azərbaycan-Macarıstan əməkdaşlığı bu baxımdan böyük dividendlər gətirəcək. Strateji
tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və
Azərbaycan dost ölkələrdir.

 Təranə Səmədova,
Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi