“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz

“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz 

Jurnalistika çətin və şərəfli peşədir. Çətindir ona görə ki, dəqiq, qərəzsiz, vicdanlı olmalısan. Şərəflidir ona görə ki, bu üç keyfiyyət səndə var.

Ulu öndər Heydər Əliyevin jurnalistlərlə dəfələrlə görüşlərində dediyi cümləni xatırlayaq: “Jurnalistlər mənim dostumdur. Ona görə ki, bəzən ölkədə baş verən hadisələri onların dilindən eşidirəm”.

Azərbaycan jurnalsitikası “Əkinçi” qəzeti ilə öz bünövrəsini qoydu. Əlbəttə, bu həmin dövr üçün çox çətin məsələ idi. Amma bütün bu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq böyük ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşrə başlayır. Bu qəzetin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu oldu. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edirdilər. "Əkinçi" Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Qəzetin "Daxiliyyə", "Elm xəbərləri", "Mətbuat", "Əkin və ziraət xəbərləri" və "Əfhali-əhli-dehat" bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. "Əkinçi"yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri - qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və digər məsələlər əsas yerlərdən birini tuturdu. Bütün bu dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı. "Əkinçi" özündən sonra "İrşad", "Həyat", “Kaspi”, "Azərbaycan" və başqa qəzetlər, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizə Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin adları yazıldı.

Bu gün Azərbaycan mətbuatını təkcə qəzet və jurnallar bəzəmir. İndi biri-birindən maraqlı saytlar, ölkədən və dünyadan müntəzəm olaraq xəbərlər, verilişlər hazırlayan televiziyalar da Azərbaycan mətbuatının, mediasının müasir inkişafına xidmət edir. Bu gün bizim günümüzdür. Böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 146 il ərzində  öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü  kimi qeyd olunur.

Hazırda, ölkəmizdə 4500-ə yaxın mətbuat orqanı, onlarla televiziya və radio fəaliyyət göstərir. Milli mətbuata dövlətimiz zaman-zaman öz dəyərli töhfələrini verib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin  sürətli inkişafına  ciddi təkan verdi. Prezident İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident  yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Günün mübarək, Azərbaycan mətbuatı. Azad Qarabağımızdan, çiçəklənən respublikamızdan yazmaq, yaratmaq, verilişlər çəkmək eşqi ilə.

Kürçaylı Məmmədov,

ARB televiziyasının Salyan-Neftçala rayonları üzrə bölgə müxbiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi