Əkrəm Əylisli: “Nə Anarın, nə də atası Rəsul Rzanın qarşısında günahım var”

Əkrəm Əylisli: “Nə Anarın, nə də atası Rəsul Rzanın qarşısında günahım var” - MÜSAHİBƏ

Yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “BBC Azərbaycanca”ya verdiyi müsahibəsində onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Əkərm Əylislinin müsahibəsini təqdim edirik.

 

- Anar müəllim sizinlə küsülü olması barədə danışarkən həmişə deyir ki, “Komsomolskaya pravda” qəzetində vaxtilə rus dilində yazdığı məqaləni tərcümə edib, bir müddət əvvəl “Azərbaycan” jurnalında çap edib. Amma siz qarşılığında təşəkkür belə etməmisiniz. Bu barədə nə demək istərdiniz?

 

- ““Azərbaycan” jurnalının xeyli müddət baş redaktoru olmuşam. İndi o jurnalla heç bir əlaqəm yoxdur. Artıq bu mövzudan uzaqlaşmışam. Başqa fikirlərim, qayğılarım, yazılarım var. Məsələni saqqız kimi çeynəməyin mənası yoxdur. Anar mənim haqqımda məqalə yazıb, düzdür, indi mən nə deyim?

 

- Bəs vaxtilə “Komsomolskaya pravda”da da yazdığını oxumamışdınız?

 

- “Komsomolskaya pravda” Anara müraciət edib ki, mənim haqqımda məqalə yazsın. Anar da bu məqaləni yazıb. O vaxtlar “Komsomolskaya pravda”da çap olunmaq böyük şərəf idi. Mənə də desəydilər ki, Anar haqqında yaz, bəlkə də, yazardım. (gülür) Bir də burası var ki, o vaxtlar SSRİ miqyasında xeyli məşhur yazıçılardan biri idim, yəni “Komsomolskaya pravda” mənə sifariş verə bilərdi. Ona qalsa, Moskvada “Teatr” jurnalı çıxırdı. Həmin jurnalda məşhur jurnalist Valentin Zorin mənim “Quşu uçan budaqlar” adlı pyesimi tərcümə etmişdi. Sifariş etmişdilər, Anar onun haqqında da məqalə yazmışdı. İndi Anarla münasibətlərimiz yaxşı vəziyyətdə deyil. Ona görə də bilmirsən, nəyi deyəsən, nəyi deməyəsən. Anar haqqımda çox deyir, çox yazır, amma bir şeyi heç vaxt demir. Anarın, Elçinin də iştirak etdikləri SSRİ Yazıçılar İttifaqının son tədbirində erməni millətçisi Silva Kaputikyanın haqqında kəskin çıxışı mən etmişdim. Anar nədənsə bu barədə heç yerdə demir. Məsələ burasındadır ki, münasiblətlər yaxşı olmayanda yaxşı şeylər də yaddan çıxır, pis şeylər yada düşür. Anar haqqımda məqalə yazdığı vaxt çox yaxın dost idik. Hər halda o vaxtlar mənim üçün çox işıqlı dövr idi. Güman edirəm ki, Anarın özü üçün də belə idi. Bir-birimizə səmimi, mehriban idik, bir-birimizin uğuruna sevinirdik. Zaman dəyişdi, hərə öz aləminə çəkildi. Nəticədə indiki mühit yarandı. Gərək, yaranmayaydı. Yarandı… Biz indi nə edək? Gərək yaratmayaydıq, qoymayaydıq yaransın. Düzü, belə şeylərə dözmürəm. Mən ömrümü ədəbiyyata həsr etmiş adamam. Ədəbiyyat məsələləri ortaya çıxanda, ədəbiyyatın tale yüklü məsələrindən söhbət gedəndə mən çox kəskin oluram, sərt fikirlər deyirəm. Bu, mənim xarakterimdir və bundan sonra dəyişən deyil. 85 yaşımın tamam olmağına artıq 1 aydan da az vaxt qalır. Bu yaşda, əlbəttə, istəyərdim ki, hamımız öz yaradıcılığımızla məşğul olaq. Gələcəyimizi fikirləşək. Fikirləşək ki, bu dünyada özümüzlə nə qoyub gedirik? İndi bunları düşünməyin vaxtıdır. Yoxsa bu didişmək məsələsini, düşünürəm, bütün hallarda bitirmək lazımdır. Çalışmaq lazımdır ki, nə bacarırıqsa, ədəbiyyatımız üçün bundan sonra da onu edək. Başqa nə soruşmaq istəyirsən? (gülür)

 

- Sizin də dediyiniz kimi, düşünməliyik ki, barışıq olsun. Anar müəllim deyir ki, Əkrəm müəllim nə vaxt günahlarını yuyar, mən onu alqışlayaram. Hansı günahlarınızı nəzərdə tutur?

 

- Sizə açıq deyirəm, bizim münasibətlərimizi mən korlamamışam, qızım. Hər kəs ürəyinin istəyincə, əqidəsinə, əxlaqına görə əsər yaza bilər. Mənə qarşı olan o münasibətdə umduğum adamlar ki var, hər halda məni müdafiə etməli idilər. Mən buna ümid edirdim. Amma nəticədə nə oldu? Elə şeylər etdilər ki, mən qəbullana bilmədim. İndi Anar tez-tez deyir ki, mən Əkrəmlə barışaram, amma günahlarını boynuna alsın. Vallah, mənim nə onun, nə atasının qarşısında günahım var. Atasının adını tez-tez hallandırır ki, guya mən Rəsul Rzaya qarşı getmişəm. Anar bir fakt gətirsin ki, hansısa formada, nə vaxtsa Rəsul Rzanın əleyhinə nəsə demişəm. Ola bilər, Rəsul Rzanın əleyhinə bir dəfə demişəm ki, o, “Lenin” poemasının müəllifidir, bunu çox şişirtməyin. Yəqin, əhvalımın elə bir vaxtı olub ki, bu sözü demişəm. Amma kim günahsız, kim günahkardır, bunu zaman göstərə bilər. Anar mənim “Daş yuxular” əsərim haqqında deyir ki, “bədii dəyəri sıfır səviyyəsindədir”. Bədii dəyəri sıfır səviyyəsində olan əsəri “Drujba narodov” jurnalı heç vaxt çap etməzdi. Söhbət bundan gedir ki, bir tərəfi ilə razı deyilsənsə, onu de. Bu “sıfır” söhbəti heç bir əxlaqa, məntiqə sığışmır. Ona görə də açığı deyim ki, günahlarımı boynuna almaq söhbətini etməsə, desə ki, biz dost, qardaş olmuşuq, indi də münasibətlərimizi normal bir vəziyyətə sala bilərik. Onda, ola bilər, mən də fikirləşərəm ki, bəlkə görüşüb, söhbət edək. Amma “günahlarını boynuna alsın” deyir. Mən heç kimin qabağında heç bir günah sahibi deyiləm. Millətimi heç vaxt bir zərrə alçaltmamışam. Buna qəlbən inana-inana hansı günahımı boynuna almalıyam? Əsər yazmaq heç vaxt günah deyil. Günah olsaydı, sizi inandırıram ki, yazıçıların 90%-ni günahkar hesab etmək olardı. Guya vətənimi aşağılamışam. Mən Vətənimi aşağılaya bilmərəm. Bu, mənim işim deyil, bunu heç vaxt edə bilmərəm. Vətənimi ancaq qaldıra bilərəm. Əgər belə fikirləşmişəmsə ki, Vətəni qaldırmaq üçün nəsə etməliyəm, onu etməyə çalışmışam. Amma Vətənimi aşağılamaq mənim ağlıma hardan gələ bilərdi? Bu, çox uzun söhbətdir. Amma elə olur ki, məcbur qalırsan, söhbəti açırsan. Bədii ədəbiyyatda günahkar axtarmaq, bədii əsər yazdığına görə yazıçını günahlandırmaq mümkündürsə, onda gərək bütün klassikləri, rus ədəbiyyatının dahilərini, dünya ədəbiyyatının böyük fiqurlarının hamısını tənqid etmək olar. Bu fikir yazıçının dilindən çıxmamalıdır. Mənim əqidəmə görə, bu, yazıçının əxlaqına yaraşmayan bir şeydir. Madam ki söhbət uzandı, mən bunları da dedim. Son olaraq deyirəm ki, münasibətlərdə işıqlı məqamlar axtarmaq lazımdır. Bu işıqlı məqamlar bizim həyatımızda olub. Anarla və başqaları ilə bir yerdə, əlbir olub ədəbi irticaya qarşı savaşmışıq, illər boyu bir yerdə düşünmüşük. Mən “Azərbaycan” jurnalının baş redaktoru olanda Anar da mənim yanımda olub, bir çoxları da. Bizə qarşı olan ideoloji hücumları bir yerdə dəf etməyə çalışmışıq. Əgər indi də elə bir mühit yaratmaq istəyirlərsə, çalışsınlar, biz o mühiti yaradaq. Belə bir mühit yaratmağa meyilli olsalar, mən həmişə öz xidmətimi göstərməyə hazıram.

 

- Anar müəllim müsahibəsində bir ifadə işlətdi ki, Əkrəm Əylisli başqalarının məşhur olmasına paxıllıq edir. Bu paxıllığı da nəticədə “Daş yuxular”ı yazmağa gətirib çıxartdı. Kimin paxıllığını çəkmisiniz?

 

- Bu, tamamilə məntiqsiz fikirdir. Mən Azərbaycan ədəbiyyatında irəli getsin deyə o qədər adamlar üçün çalışmışam ki… Açıb deyə bilərəm. İndiki Xalq yazıçılarının, şairlərinin şan-şöhrətinin yaranmasının bazasını mən qoymuşam. Mövlud Süleymanlının “Dəyirman” əsəri var idi. Onu çap etdiyim üçün bir neçə ay Mərkəzi Komitəyə, “KQB”yə ayaq döymüşəm. Eynilə Afaq Məsud, Ramiz Rövşən və bir çoxlarını çap etdiyimə görə uzun müddət mənə təzyiqlər olub. Həmin vaxt bu cür təzyiqlərin qarşısını almaq üçün onların heç biri ayağını irəli qoymayıb. Mən bunların yolunda tək başıma o qədər zəhmət çəkmişəm. Afaq Məsudun, Mövludun, onlarla insanın ədəbiyyata gəlməsində mənim rolumu danmaq Allahı danmaq kimi bir şeydir. İndi o adamların bir qismi artıq ədəbi irticanın tərəfini saxlayır, müdafiə edir. Biz ədəbiyyatda tərəqqini müdafiə edirdik. Neçə müddət o vaxtkı Yazıçılar İttifaqının rəhbərli Mirzə İbrahimovla daban-dabana dalaşmışam, münaqişədə olmuşam ki, cavanların əsərləri çap olunsun. Buna minlərlə misal gətirmək olar. Çəkdiyim əzab-əziyyətə görə heç nə ummamışam, heç nə! Nə bir maddi mənfəət, nə bir şey… Amma başıma nələr gətirdilər, partiya biletimi oğurladılar, çalışdılar ki, məni “yox” etsinlər. Mən yenə də o fikirdən dönmürəm. Ədəbiyyatımızın inkişafı üçün gördüyüm işləri danmaq istəmirəm, kimsə dananda da əsəbləşirəm. Ona görə dedikləri sözü fikirləşsinlər ki, əsası nədir. Nəyə görə mən kiminsə uğuruna qısqanclıq etməliyəm? Hansı mənada? Öz uğurlarım kifayət qədərdir. Nə olsun ki Azərbaycanda məni bu qədər sıxışdırmağa çalışırlar? Siz heç təsəvvür belə etmirsiniz ki, xaricdə bu saatın özündə mənim haqqımda nə qədər məqalələr çap olunur. Siyasi mənada yox, bədii əsərlərimə görə. Bu saat ABŞ-da “Adamlar və ağaclar” tərcümə olunur. “Adamlar və ağaclar”ı 60-cı illərin axırlarında yazmışam. İndi bu trilogiya ABŞ-da diqqət çəkə bilirsə, mənim hansı uğursuzluğumdan söhbət gedə bilər? Son illərdə əsərlərim dünyanın 12 dilində, 12 ölkəsində çap olunub. bu əsərlərim haqqında onlarla məqalələr yazılıb. Bu da bədii mahiyyəti açan məqalələrdir. Bədii mahiyyəti sıfır olan əsərimin taleyi bundan ibarətdir. Yaponiyadan cavan bir xanım bu yaxınlarda gəlmişdi. Məndən mövzu götürüb, dissertasiya yazıb, əsərlərimi tərcümə edib. Mən hansı uğursuzluğa düçar olmuşam? Anar deyirsə ki, mən kiməsə paxıllıq edirəm, bu, heç bir məntiqə sığmır, şər-böhtandır. Heç vaxt heç kimi qısqanmamışam. Əksinə, öz yaradıcılığımdan keçib, başqalarının əsərini çap etmişəm. Bunu da sizə deyim ki, başqasının yaxşı əsərini görəndə özüm yadımdan çıxmışam. Sonra başa düşdüm ki, özümü də yadıma salmalıyam və “Azərbaycan” jurnalından çıxıb getdim. Ordan gedən kimi iki həftə içində “Kür qırağının meşələri”ni yazdım. Haqqımda deyilənlərin ədalətli olanlarını qəbul edərəm, qoy desinlər. Amma mən yalanı necə qəbul edə bilərəm? Nə isə… Uzun işdir…

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər