
Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
3 iyul tarixində Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Faktinfo.az xəbər verir ki,tədbiri açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov Naxçıvanın Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutduğunu, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığını qeyd edib. Elmə, mədəniyyətə, ədəbiyyata görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri bəxş edən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında nəşr olunmuş biblioqrafiya kitabının ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya olduğunu, Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Naxçıvan Muxtar Respublikasına aid biblioqrafiya kitabının tərtib olunmasını tarixi hadisə olduğunu söyləyib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Müasir dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi ənənələrə sadiq qalaraq Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarını davam etdirdiyini, hörmətli Cənab Prezident İlham Əliyevin Ulu Öndərin Naxçıvanla bağlı siyasətinin uğurla həyata keçirdiyi yerlərdən biri olduğunu bildirib. 100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən biblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını söyləyərək bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Naxçıvana aid bu biblioqrafik səlnamənin Mədəniyyət nazirliyinin və Milli Kitabxananın Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamının icrası istiqamətində ərsəyə gətirilən çox sanballı bir töhfə olduğunu söyləyib. Dünya üzrə beynəlxalq standartlara tam cavab verən bu biblioqrafiyanın sanballı, mükəmməl və profesional şəkildə hazırlandığını vurğulayan natiq bu biblioqrafiyanın Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirərək Milli Kitabxananın bugünədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğunu xüsusi vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Milli Məclisin üzvü Fazil Mustafa, Milli Məclisin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Milli Məclisin üzvü Asif Əsgərov, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Nadir İsmayılov və başqaları çıxış edərək Naxçıvan Muxtar Respublikasının Azərbaycanın qədim dövlətçilik tarixində, milli kimliyimizin qorunmasında oynadığı mühüm rolundan ətraflı bəhs edərək respublikada ilk olan “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən söhbət açıblar. Biblioqrafiya kitabının elmi-mədəni ictimai fikir tariximizdə unudulmaz, müstəsna tarixi hadisə olduğunu söyləyiblər
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası” adlı elektron məlumat bazasının təqdimatı olub. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Naxçıvan MR-nın yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental biblioqrafiyada Muxtar Respublikanın tarixi, iqtisadiyyatı, kənd təssərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.
Faktinfo.az











Bu xəbər üçün şərh yazın