Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb 

Milli Kitabxanada professor Nizami Tağısoyun anadan olmasının 75 illiyinə həsr olunmuş “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb.

Faktinfo.az xəbər verir ki,sərgidə professorun əsərləri, tədqiqatları, ali məktəblər üçün dərs vəsa­itləri, tərcümələri, tərtibçisi, redaktoru, rəyçisi və məsləhətçisi olduğu, ön söz yazdığı kitablar,  elmi-bədii yaradıcılığı, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında ədəbiyyatlar, elmi məqalələri və dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, tanınmış alim, türkoloq, folklorşünas, ədəbiyyatşünas, tərcümə nəzəriyyəçisi, tərcüməçi, şair-tənqidçi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy (Nizami Tağı oğlu Məmmədov) 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmub. Orta təhsilini 1967- ci ildə doğma rayonda başa vurub.

1975-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildə “Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü” mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edib. 1990-1992-ci illərdə doktoranturada olmuş “XX əsr rus poeziyası Azərbaycan tərcümələrində” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş, 1992-ci ildə onu doktorantura müddəti başa çatmazdan öncə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, xəzər və d. türk qövmləri ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir.

Tanınmış tədqiqatçının “XX əsr rus poeziyası Azərbaycan tərcümələrində” (1992), “Qazax ədəbiyyatı” (1993), “Əslin milli özünəməxsusluğu və tərcümə” (1998), “Səməd Vurğun dramaturgiyası rus dilində” (1999), “Poetik tərcümə” (2001), “Qaraqalpaq ədəbiyyatı” (2007), “Nəsrin axarı: zaman və məkan konteksti” (2008), “Şilyan: özü, sözü – çeşmənin gözü” (2009); “Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər” (2009) kimi monoqrafiya və kitabları tənqidçilər, türkoloqlar tərəfindən yüksək dəyərləndirilir.

Professorun elmi yaradıcılığında tərcüməçilik və lüğətçilik fəaliyyətinin də xüsusi yeri var. O, Azərbaycan türkologiyasında ilk dəfə "Qaraqalpaq xalq nağılları"nı (2006) və qazax qəhrəmanlıq eposu "Koblandı-batır" (2010) Azərbaycan türkcəsinə uyğunlaşdırıb, bir neçə şeir, poema kitabını rus dilinə tərcümə edib.

Professor Nizami Tağısoy mütəmadi olaraq ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi