Professordan bədbin proqnoz: ucuz neft dövrü...

Professordan bədbin proqnoz: ucuz neft dövrü... 

Biz bu gün Azərbaycanın hər bir bölgəsində ölkəmizə ciddi valyuta gətirən müəssisələr inşa edilməsi prosesini davam etdirməliyik. Əks halda iqtisadiyyatımızın, milli valyutamızın və bütövlükdə maliyyə sistemimizin təhlükəsizliyinə ciddi təhdidlər qalmaqda davam edəcək.

Bu sözləri professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, qeyri-neft sənayesində istehsalın həcminin ötən ilin birinci yarısı ilə müqayisədə 15,7 faiz artmasına baxmayaraq, bu sahəyə cari ilin birinci yarısında əsaslı vəsait yatırımlarının 20 faizə qədər azalması bütün hallarda pis dəyərləndirilməlidir:

“Cari ilin başa çatmasına 5 aydan az vaxt qalır. Biz növbəti ilə hansı iqtisadi göstərici ilə getməyi düşünürük? Rəsmi statistikada ilin altı ayının yekunlarına dair məlumatlar yerləşdirilib. Bu siyahıda əsas kapitala yönləndirilən vəsaitlərin həcmindən dolayı əksər göstəricilər üzrə müsbət tendensiya qeydə alınıb. Əsas kapitala yönəldilən vəsaitlərin həcmində isə ötən ilin 6 ayı ilə müqayisədə 5 faizdən çox azalma var. Bu göstərici üzrə qeyri-neft sənayesinə yatırımların həcmi 20 faizə qədər azalıb. Qeyri-neft sənayesi kimi mühüm bir sahəyə əsaslı vəsait qoyuluşunda baş verən belə kəskin azalmanı yaxşı hal hesab etmək olmaz”.

Professor qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün çox əhəmiyyətli olduğunu bildirib:

“Ötən il Sumqayıt polimer və karbamid zavodlarının tikintisinin başa çatdırılması bu iki müəssisəyə xeyli yatırımlar edilməsi ilə nəticələnmişdir. Lakin bu ənənənin bu ildə də davam etdirilməsi gərək idi. Gəlin bir anlığa da olsa təsəvvür edək ki, neftin qiymətləri kəskin azalıb və biz 11,5 milyard dollarlıq idxalımızın qarşılığında qeyri-neft sektorundan da cəmisi 1,7 milyard dollar – yəni dediyimiz kimi ümumi idxalımızın 15 faiz qədərində xarici valyuta əldə edirik. Bunun nə demək olduğunu bir neçə il öncə gördük. Buna görə də dəfələrlə dediyim kimi, bir daha təkrar edirəm, Azərbaycan iqtisadiyyatının əsas problemi ilkin mərhələdə qeyri-neft sektorundan ixracın həcmini ən azından idxalımızın 50-60 faizi səviyyəsinə qaldırmaqdır. Son bir neçə ildə görülən intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, hələlik bu baş vermir. Biz böhrandan sonra hələlik bu sahədə 2014-cü ilin səviyyəsinə belə çata bilməmişik. İxracı bu səviyyəyə çatdırmağın çox sadə və real yolları var. Bu yolları mütləq işə salmaq lazımdır. Vaxt gözləmir. Neftin qiymətlərinin kəskin azalacağı zaman çox da uzaqda deyil”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi