Tələbə narazılıqları artıb -

Tələbə narazılıqları artıb - Qış semestr imtahanlarından kifayət qədər tələbə kəsilib

Tələbə narazılıqları artıb. Bunun başlıca səbəbi 2022 -ci ilin qış semestr imtahanlarından kifayət qədər tələbənin kəsilməsidir.

Faktinfo.az saytı xəbər verir ki, qış semestr imtahanlarından kəsilən tələbələrin sayı Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində daha çox olub. Minlərlə tələbənin qiymətinin aşağı yazılması onları əlaçılıq təqaüdündən də məhrum edib. Məsələn, BUS-da kifayət qədər tələbə var ki, onlar imtahan verdikləri 7 fənnin heç birindən qiymət ala bilməyiblər. Bu kimi hallar isə narazılıqsız ötüşməyib. Semestr imtahanlarından tələbələrin kəsilməsi, artıq onların valideynlərini də narahat etməyə başlayıb. Aldığı məvacibin ay ərzində ərzağa yetmədiyini bildirən valideynlər övladlarının akademik borcuna görə, universitetlərə ödənilməli məbləğin qarşısında aciz vəziyyətə düşüblər.

Artıq cəmiyyətdə belə fikir var ki, tələbənin  akademik borcu qarşılöğında universitetlərə ödənilən kredit bir çox rektorların gəlir mənbəyinə çevrilir. Bu günlərdə saytlardan biri bir neçə universitetin mətbuat katibi ilə əlaqə saxlayıb. Unversitetlərdən verilən cavablar artıq hardasa dövlət hesabına təhsilin aradan qalxdığına, valideynlərin haqlı narazılığına və bu kimi halların kütləvi tələbə narazılıqlarına əsas olduğundan xəbər verir.

Məsələn, Yenisabah.az saytına UNEC-in mətbuat katibi Elnarə Məmmədova bildirib ki, tələbələrin akademik borcuna görə ödədiyi məbləğ universitetlərin büdcəsinə daxil olur. “Universitetin əldə etdiyi istənilən gəlir xərclərə sərf olunur. Universitet müəllimlərə öz büdcəsi ilə məvacib verir. O pul büdcəyə yığılır və universitet üçün istifadə olunur. İstər müəllimlərin əmək haqqı, istərsə də universitetin təmiri, istərsə də digər xərclər büdcədəki vəsait hesabına qarşılanır. Deyə bilmərik ki, akademik borcdan əldə olunan gəlir əmək haqqı kimi müəllimlərə verilir”.

AZMİU-nin mətbuat katibi Nəcibə Mirzəyeva isə 25 faiz ödəniş mexanizminin tələbələr üçün əlavə şans olduğunu söyləyib:

“Bizdə Boloniya sistemidir. Kredit proqramı var. Ona uyğun həyata keçirilir. Tələbə kredit sayına görə, 25 faizin məbləğini ödəyir. Təbii ki, pul universitetin ümumi büdcəsinə daxil olur. Dövlət universiteti olsa da, biz özümüzü maliyyələşdiririk. Təhsil haqqı, kreditlər də büdcəyə daxil olur. Bu vəsaitlə kommunal xərclər ödənilir, digər ehtiyaclar qarşılanır. Bu doğru deyil ki, tələbənin akademik borca görə ödədiyi bütün vəsait müəllimin cibinə daxil olur”.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, tələbənin kəsrinin çox olması müəllimin məvacibinə heç bir təsiri yoxdur:

“Ödənilən məbləğ universitetin büdcəsinə daxil olur. Tələbə imtahandan kəsiləndə 2 gün ərzində müraciət edərək ödəniş edir. Daha sonra yenidən imtahanda iştirak edir. Bu bütün universitetlərə şamil olunub”.

Göründüyü kimi, bu və digər oxşar ifadələrdən belə anlaşılır ki, akademik borca görə tələbələrin ödədiyi kreditdən yığılan vəsait rektorlar tərəfindən müxtəlif təmir-tikinti, alqı-satqı, şişirdilmiş məvacib və s. işlər adı altında silinib mənimsənilə də bilər. Və universitet rektorları növbəti semestr imtahanlarında da tələbələrin kütləvi şəkildə akademik borclarının yaranmasında maraqlı ola biləcəklər. Bu isə bir müddət əvvəl universitetlərdə yığılan rüşvətin hazırkı “modern” versiyasıdır.

Firuddin Oruc

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi