TOKAYEV PETERBURQDAKI ÇIXIŞINA GÖRƏ HƏDƏLƏNDİ - "Bu, Putinə meydan oxumaq kimi görünürdü”

TOKAYEV PETERBURQDAKI ÇIXIŞINA GÖRƏ HƏDƏLƏNDİ - "Bu, Putinə meydan oxumaq kimi görünürdü” 

Tokayev Rusiyanın “Aleksandr Nevski” ordeni ilə təltif olunmaqdan da imtina edib.

Peterburq İqtisadi Forumunda “Donetsk və Luqansk Xalq Respublikalarını” açıq şəkildə tanımaqdan imtina edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hədəfə gəlib. Yada salaq ki, bir gün əvvəl Tokayev Vladimir Putinin çıxış etdiyi tədbirdə fəxri qonaq kürsüsündə olub və o da Rusiya prezidentindən sonra nitq söyləyib. Çıxışlar bitdikdən sonra moderatorluq edən Marqaretta Simonyan hər iki prezidentə ən aktual mövzularda suallar ünvanlayıb. 

Tokayev sualların birinə cavab olaraq, bəzi məsələlərdə Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib və buna misal olaraq Qazaxıstanın Ukraynadan “müstəqiliyini” elan etmiş “DXR və LXR”i tanımadıqlarını deyib, onları “kvazi-dövlət” adlandırıb: “Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.

Putin Tokayevin dediklərinə heç bir reaksiya verməyib. Amma sonradan “sinəsini irəli” verənlər tapılıb. Musavat.com-un məlumatına görə,onlardan biri də ermənipərəst mövqeyi ilə seçilən, Xankəndinə qanusuz səfərlər etmiş Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir.

“Danışır Moskva ” radiostansiyasına müsahibəsində Zatulin qeyd edib ki, Qazaxıstanın “DXR və LXR”i tanınmaması ilə bağlı mövqeyi heç kimə sirr deyil, lakin Tokayevin bunu açıq şəkildə səsləndirməsi onun tərəfində mesaj kimi qiymətləndirilir.

“Tokayevin prezident Putinin iştirakı ilə bu barədə dedikləri düzgün deyildi. Bu, onun yanındakı prezidentə meydan oxumaq kimi görünürdü” deyə, deputat bildirib.

Zatulin əlavə edib ki, Rusiyanın MDB, Avrasiya İttifaqı və KTMT-dəki tərəfdaşları öz öhdəliklərini “çox özünəməxsus” başa düşürlər və inteqrasiya proseslərinə “bufet” kimi yanaşırlar, siyasətdə yalnız öz xoşlarına gələni seçirlər: “Heç kim onlardan heç nə gözləmədikdə, heç olmasa susmaq olardı”.

Zatulin onu da xatırladıb ki, Qazaxıstanda “əhalisinin əksəriyyəti rusların olduğu” regionlar var ki, parlamentariyə görə, “Qazaxıstan” adlandırılan ərazi ilə “zəif əlaqəsi var”.

"Biz hər yerdəyik, o cümlədən Ukraynaya münasibətdə deyirik: əgər bizim dostluğumuz, əməkdaşlığımız və tərəfdaşlığımız varsa, heç bir ərazi məsələsi gündəmə gəlmir. Əgər yoxsa, onda hər şey mümkündür. Ukraynada olduğu kimi...”  - deyə, Zatulin eyham vurub.

Qeyd edək ki, Tokayevin Rusiyanın “Aleksandr Nevski” ordeni ilə təltif olunmaqdan imtina etdiyi barədə də məlumatlar var idi. Qazaxıstanda bunu onunla izah ediblər ki, guya respublika rəhbəri vəzifədə olarkən heç bir mükafat (yerli və xarici) almamaq qərarına gəlib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Tokayevin Rusiyaya səfəri zamanı mükafatın nəzərdə tutulmadığını bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi