Könül Nurullayeva: “Beynəlxalq ekspertlər Qarabağda mədəni irsin bərpasını müqəddəs sayırlar”
İşğaldan azad olunmuş ərazilərdə erməni vandallığına məruz qalan abidələrin, mədəni irsin bərpası olduqca vacibdir.
Dövlət bu işdə kompleks tədbirlər həyata keçirir, Heydər Əliyev Fondu isə bu prosesə əlavə töhfə verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə prosesə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunub. Prezidentin köməkçisi Anar Ələkbərovun da söylədiyi kimi, Fondun dünyanın müxtəlif ölkələrində tarixi-dini abidələrin bərpası ilə bağlı zəngin təcrübəsi bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq olunur.
"İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" adlı dəyirmi masada iştirak edən beynəlxalq ekspertlərin də səsləndirdiyi fikirlərdən aydın oldu ki, bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. Ən vacib məqam isə budur ki, bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Yəni, Azərbaycan bu məsələyə həssas yanaşır və ölkəmizdə hər zaman olduğu kimi bütün dinlərə bərabər münasibət sərgilənir. Yenidənqurma zamanı isə bütün abidələrin ilkin simasının pozulmaması prinsipi əsas götürülür.
Bu fikirləri mətbuata açıqlamasında deputat Könül Nurullayeva açıqlayıb.
Deputat qeyd edib ki, bu gün Qarabağda mədəni irs abidələrinin bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər öz təcrübələrini bölüşürlər. Bu, həm də erməni vandallığının dünyaya təqdimatıdır. Əcnəbi mütəxəssislər ermənilərin abidələrə münasibətindən dəhşətə gəlir və mədəni irs abidələrindən qisas almağı yolverilməz hesab edirlər. Eyni zamanda əcnəbi mütəxəssislər buradakı abidələri Qarabağın tarixi baxımından önəmli hesab edirlər. Ermənilər hər nə qədər mədəni irsə qarşı saxtakarlıq aktları həyata keçirsələr də nəticə əldə edə bilmədilər.
Azərbaycan qələbə qazanmaqla həm də böyük mədəni irsi məhvolma təhlükəsindən xilas etdi. Bu səbəbdən əcnəbi mütəxəssislər Qarabağın abadlaşdırılmasının həm də müqəddəs mahiyyət daşıdığını düşünürlər. Heydər Əliyev Fondu hər zaman olduğu kimi müqəddəs fəaliyyətə əlavə töhfələr verir.
Bu xəbər üçün şərh yazın