“Təzkireyi - Nəvvab”ın nəşri ilə bağlı həqiqətlər...

“Təzkireyi - Nəvvab”ın nəşri ilə bağlı həqiqətlər... 

Nəsimişünas Səadət xanımın “Bakı-Xəbər”ə elmdə plagiat və ondan qurtulmaq yolları haqqında verdiyi müsahibəsinin bir çox məqamları ilə mən razıyam.

Bununla belə, onun “Təzkireyi Nəvvab”ın adını çəkməsi, bunu da dediyi fikirlərə əyani misal olaraq mənim adımı çəkmədən belə göstərməsi məni həm təəccübləndirdi, həm də narahat etdi. Bu misal mənə köhnə bir fars hekayətini xatırlatdı. Orada yaşayış məntəqəsindən keçib gedən və artıq uzaqlaşmış karvanın dalınca qəsəbədən gələn səslərin səngimədiyindən, davam etməsindən danışılırdı. Hər Şərq hekayətinin tərbiyəvi-didaktik mənası olduğu kimi, bu hekayətdən də çıxan nəticə odur ki, məsələ artıq müzakirə olunub və bitib. Və ya bir atalar sözü də var, mən onu nə özümə, nə də Səadət xanıma yaraşdırardım. İndi də keçək “Təzkireyi Nəvvab”la bağlı məsələyə. O təzkirəni biz işləyib hazırlayanda, bilmirəm, Səadət xanımın neçə yaşı vardı, ancaq bu məsələni ilk dəfə qaldıran “təzkirəşünas” Vüsalə Musalı ya hələ doğulmamışdı, ya da doğulsa belə, süddən ayrılmamışdı. O səbəbdən, yalnız əldə olan faktlarla danışmaq istəyirəm. 

Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmiş V.Musalı ədəbi təzkirələrin biblioqrafiyasını bir kitabxanaçı mütəxəssis kimi hazırladıqdan sonra Azərbaycan təzkirələri istiqamətində “tədqiqat”larını davam etdirmək fikrinə düşdü. Lakin bu təzkirələrin 95 faizinin fars dilində olduğunu və bu dili tədqiqat səviyyəsində bilmək üçün ona illər lazım olacağını nəzərə almadı, nəticədə hər bir təzkirə haqqında ondan əvvəl yazılan məqalədən “yararlandı”, daha açıq desək, onları plagiat etdi. Yürütmək istədiyi fikirlər isə hamıda olduğu kimi, məndə də gülüş doğurdu. Bir həmkar kimi bunlar onun nəzərinə çatdırıldıqda qarşıda karyerasına maneə hesab etdiyi şəxsdən qurtulmaq üçün çıxış yolları axtardı, nəticədə necə deyərlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. 2012-ci ildə başdan-ayağa plagiat olan “Azərbaycan təzkirəçilik tarixi” adlı kitab çap etdirdi və elmi ictimaiyyətin diqqətini bu kitabda olan plagiat faktlarından yayındırmaq məqsədilə mənim “Təzkireyi-Nəvvab”ın 1995-ci il çapının tərtibçisi olan Əkrəm Bağırovun mərhum həmkarımız Nəsrəddin Qarayevin hazırladığı “Təzkireyi-Nəvvab”ı öz adına çap etdirdiyini yazdı. Mənimlə birlikdə bu kitabı tərcümə etmiş alim həmkarlarım olan filologiya elmləri doktoru Kamil Allahyarov, fəlsəfə doktoru Nizami Məhərrəmov və mərhum Fərrux Fərmanovu yox, yalnız məni! Çünki rəqib tək mən idim. Mən mədəni surətdə ondan sübut tələb edəndə müvafiq qovluqları “etibarlı yerdə” saxladığını deyib göstərmədi. Bir ilə yaxın ondan təkidlə tələb edilsə də, bu qovluqlar arxivə qaytarılmadı, müxtəlif məqamlara şikayətlər yazıb institutda onun “sıxışdırıldığını”, belə bir faktı aşkarladığı üçün elmi karyerasına maneçilik törədildiyini dedi. 

Bəzi səhnəyə yeni çıxan xanəndələr kimi, sanki köhnə sənət adamlarına söz atıb şou göstərdi. Təəssüf ki, bir çox məqamlarda “uğur da qazandı”, hamı şər-böhtandan uzaq olmaq istədi, necə deyərlər, “arxalı köpək qurd basar”. Mən V.Musalının cavanlığına bəlkə də hər şeyi bağışlayardım, hamı da deyirdi ki, cavandır, qızınız yerindədir, bağışlayın getsin, lakin düz bir ildən sonra Nəsrəddin Qarayevin “XIX əsr ədəbi məclisləri” kitabını çapa hazırlayan V.Musalı ona yazdığı ön sözdə eyni şər və böhtan dolu fikirləri həmin kitabın ön sözündə də təkrar etdi. Bunun nə səbəbə baş verdiyini fikirləşdikdə məlum oldu ki, Qarayevin bu kitabda yazdığı oçerklərdən V.Musalı “yararlanıb”, yəni onları plagiat edib və olduğu kimi “Azərbaycan təzkirəçilik tarixi” kitabına salıb. Necə deyərlər, mərhum N.Qarayevdən gördüyü işin müqabilində “zəhmət haqqını” bu yolla alıb. Bütün bunlar mənim V.Musalının plagiat əməlləri ilə bağlı nəşr etdirdiyim məqalələrdə və “Elmin hamar yolu-plagiat” adlı kitabımda qeyd edilib. V.Musalının plagiat sahəsində olan “hünərlərini” araşdırarkən daha dəhşətli bir fakta rast gəldim, sən demə, onun BDU-da “ilin uğuru” kimi təqdim edilən “Mətnlərin nəşrə hazırlanması problemləri” kitabı da plagiat imiş, bu xanım Moskva Dövlət Universitetinin professoru S.Q.Antonovanın “Redaktorskaya podqotovka izdaniy” əsərini tərcümə etdirərək cüzi əlavələrlə öz adına çap etdirib, hətta fəsillərin adını belə dəyişməyə ərinib. Bu faktı Müəllif Hüquqları Agentliyi təsdiq etsə də, Akademiyanın o vaxtkı rəhbəri Akif Əlizadə məni təhdid edib, işdən qovulacağım haqda xəbərdarlıq göndərdi. Necə deyərlər, “arxalı köpək qurd basar” misalı hələ də aktuallığını saxlayırdı. 


Ən təəccüblüsü də bu idi ki, V.Musalı, necə deyərlər, qatı plagiatçı olduğu halda, Ali Attestasiya Komissiyasında uzun müddət ekspert şurasının üzvü – katibi oldu. Ora bu haqda yazdığım müraciətlər uzun zaman cavabsız qaldı və yalnız V.Musalı Türkiyəyə çıxıb gedəndən sonra oradan – Ali Attestasiya komissiyasından mənə zəng edib dedilər ki, problem bitdi. Stalin demişkən, insan yoxdur, problem də yoxdur. İndi o, Kastamnuda eşitdiyimə görə türk ləhcələrindən dərs deyir, bu sahə isə artıq mənə aid deyil. Bizim instituta elmlər doktorluğu müdafiəsi üçün yenə təzkirəçilik tarixindən dissertasiya təqdim etmişdi. Kollektivdə onu oxuyub dəhşətə gəldilər. Mən şəxsən o “dissertasiya”da 126 irad və plagiat faktı aşkarladım, elmi məsləhətçi professor Azadə Musayeva bu səbəbdən ondan  imtina etdi. Hansı yollasa müzakirəsini başqa institutda “uğurla” keçirə bildi. Necə deyərlər, “arxalı köpək qurd basar” misalı aktuallığını hələ də saxlayırdı. 


Məsələdən bir qədər uzaqlaşdım. “Təzkireyi Nəvvab”ın çapa hazırlanması, nəşri ilə bağlı danışım. Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” əsərini mərhum həmkarımız Nəsrəddin Qarayev 1975-1980-ci illərdə beşillik plan işi kimi çapa hazırlamalı idi. Məlum olduğu kimi, fars dilində olan bu əsərin, şeir nümunələrinin bir hissəsi fars, bir hissəsi də Azərbaycan dilindədir. Avtoqraf əlyazma nüsxəsi ərəb əlifbasında olan bu əsər Mir Möhsün Nəvvabın 150 illik yubileyi üçün 1983-cü ilə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə çap edilməli idi. Vaxt bitdikdə, yəni 1980-ci ildə Əlyazmalar Fondunun (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu)  mərhum direktoru, professor Cahangir Qəhrəmanov Nəsrəddin Qarayevdən əsəri çapa təqdim etməyi tələb etdikdə, əsərin hazır olmadığı məlum oldu. N.Qarayevin çapa təqdim edəcəyi iş yalnız əsərin ərəb əlifbasından o dövrün əlifbası olan kirilə çevrilmiş şeirləri idi. O haqda Nəsrəddin Qarayevin 25.11.1981-ci il tarixli hesabatında da məlumat var. N.Qarayev farsca şeir və mətnlər üzərində çalışdığını, lakin onların tərcüməsinin çətin olduğunu Cahangir Qəhrəmanova bildirdikdə mərhum direktor bu işi mənə tapşırdı. Bioqrafiyaları tərcümə edib N.Qarayevə verdim. Fikrim yalnız ona kömək etmək idi. Lakin farsca olan şeirlərin tərcüməsi də mənə tapşırılanda işin həcmini və vaxtın azlığını nəzərə alıb əlavə kömək istədim. C.Qəhrəmanov mənə kömək üçün bu gün tanınmış alimlər olan, fars dilinin gözəl biliciləri  Nizami Məhərrəmov, Kamil Allahyarov və mərhum Fərrux Fərmanovu da bu işə qoşdu. Onların hər üçünün, o cümlədən də mənim o dövr üçün artıq professional tərcüməçi təcrübəmiz var idi. Qeyd etməliyəm ki, tərcüməçilərdən N.Məhərrəmov Əlyazmalar İnstitutuna, o zaman fond adlanan bu müəssisəyə 1982-ci ilin yazında işə qəbul olunmuşdu. Tərcümənin böyük bir hissəsini onun icra etdiyini nəzərə alsaq, işimizin o tarixdən sonra icra olunduğunu deyə bilərik. Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, N.Qarayev 1982-ci ili yataqda keçirib və həmin ilin payızında rəhmətə gedib. Kitabda gedən tərcümələrin əsas redaktoru olmuş mərhum Məmmədağa Sultanovun da Əlyazmalar Fonduna 1982-ci ildə qayıtdığını nəzərə alsaq, (M.Sultanov 1976-1981-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda işləyib) “Təzkireyi-Nəvvab” əsərinin Qarayev tərəfindən tərcümə edilərək, M.Sultanov tərəfindən redaktə olunaraq 1980-ci ildə elmi arxivə təhvil verilməsi kimi bir iddia öz dəyərini itirir. Şər və böhtan dolu bir iddianı puç edən daha bir fakt da var.

 Kadrların arxivində 1985-ci ildə keçirilmiş elmi şuranın protokolu mühafizə edilir, orada “Təzkireyi-Nəvvab”ın tərcümə və çapa hazırlanmasının tezləşdirilməsi haqqında qərar var. Demək, təzkirə üzərində bizim işimiz ən azı 1985-ci ilə qədər davam edib. Həmin arxivdə qorunan daha bir sənəd var, makinaçı mərhumə Sona Əhmədlinin 1989-cu il hesabatı. Orada təzkirənin M.Sultanov tərəfindən redaktədən sonra təmiz variantının 1989-cu ildə yazıldığı qeyd olunur. Həmin təmiz variantın bir nüsxəsi elmi arxivdə 247 nömrəsi ilə mənim adımda mühafizə olunur. O nüsxənin üzərində N.Qarayevin və mənim adım əsəri tərtib edənlər kimi qeyd edilib. Tərcüməçilər isə Ə.Bağırov, N.Məhərrəmov, K.Allahyarov və F.Fərmanov yazılıb. Qarayevin gördüyü transfoneliterasiya işi ilə mənim gördüyüm çapa hazırlama işi fərqli olduğu üçün, bu variant kitabın 1995-ci il çapında C.Qəhrəmanov tərəfindən dəyişdirildi, mən çapa hazırlayan, N.Qarayev isə Azərbaycan mətnlərini transfoneliterasiya edən kimi qeyd edildi. N.Qarayevin ölümündən bir neçə ay əvvəl yazıb imza etdiyi və arxivdə saxlanan bir hesabatda da onun Nəvvab təzkirəsini transfoneliterasiya etdiyi yazılıb, bundan əlavə, bizim kadrlar arxivində adı çəkilən dörd tərcüməçiyə aid olan və 1983-1986-cı illəri əhatə edən hesabatlar tərcümələrin dörd nəfərə aid olduğunu bir daha təsdiq edir. 1983-cü ildə yaradılan elmi arxivdə saxlanan 175 və 176 nömrəli qovluqlar N.Qarayevin əlyazmalarıdır və onun şəxsi arxivinə məxsusdur. 152, 153, 154 və 155 nömrəli qovluqlar mənim üzərində işlədiyim makina yazıları və qismən də tərcüməçilərin əlyazmaları kollektiv əməyin məhsuludur və hamımıza məxsusdur. O qovluqların içində olan hər vərəqdə M.Sultanovla yanaşı, mənim də çoxsaylı yazı və qeydlərim aydın oxunur. Bunu Ədliyyə Nazirliyinin verdiyi ekspert rəyi də təsdiq edir. O qovluqların üstü arxiv mühafizəçisi, rusdilli Lora Əliyeva tərəfindən özünün də yazılı etiraf etdiyi kimi səhv yazılıb: Birində “hazırlayan”, o birində “tərtib edən” N.Qarayev. Bakı 1980-ci il. Əlyazmalar İnstitutu. Səhvdir. Arxiv dəftərində bu qovluqların elmi arxivə 1989-cu ildə qəbul edildiyi yazılıb. 1980-ci ildə Əlyazmalar İnstitutu da olmayıb. Əlyazmalar Fondu instituta 1986-cı ildə çevrilib. Məntiqlə fikirləşdikdə 1980-ci ildə hazır olan bir işi nəşriyyat planında ola-ola nəyə görə arxivə təhvil verirlər sualı yaranır. V.Musalının şər-böhtan atmaqda məqsədi var. Bu biri xanımın şər atmaqda məqsədi nədir, başa düşülmür. Artıq bütün elmi ictimaiyyətin onu da şər-böhtançı kimi tanıdığından görəsən xəbəri varmı? 175 və 176 nömrəli qovluqları və onun içində olan əlyazmaları mən 2013-cü ilə qədər görməmişəm, orada olan tərcümələrdən də nə mənim, nə də o biri tərcüməçilərin xəbəri olmayıb. V.Musalının yaratdığı şər-böhtan kampaniyası himayədarlarının köməyilə pik nöqtəsinə çatdıqdan sonra, yəni bir ildən sonra mən o qovluqlara, əlyazmalara ötəri də olsa baxmaq imkanı əldə etdim. İndi isə arzu edən o qovluqlara, əlyazmalara baxa bilər. Neçə-neçə vərəqdə Qarayevin belə bir qeydi var: “Farsca olduğuna görə tərcümə edilmədi”. Etdiyi yararsız tərcümələr də müdiriyyəti qane etmədiyindən, işi biz icra etdik. Bəzən bizim tərcümələrlə N.Qarayevin yarımçıq tərcümələri arasında oxşarlığa rast gəlmək olar. Şeirin sətri-filoloji tərcüməsində bu qaçılmazdır. Əgər bir cümlədə fars dilində yazılıbsa “Şuşada doğulub”, onu mən də, Qarayev də yazmalıyıq ki, Şuşada doğulub. Ümumiyyətlə, XIX əsr Qarabağ şairlərinin farsca yazdığı əsərlər, xüsusən Nəvvabın nəsr dili çox sadə olub. O, fikrini qısa və aydın cümlələrlə verdiyindən, ara-sıra oxşarlığın da yaranması qaçılmazdır. Qovluqlara baxarkən maraqlı bir mənzərə ilə də rastlaşdım, mənim tərtib, M.Sultanovun fars şeirlərini redaktə etdiyi qovluqlardakı kağız növləri də fərqlidir. N.Qarayevin makinadan çıxmış Azərbaycan şeirləri olan vərəqlər ağ, farsca şeirlərin biz tərəfdən icra olunmuş tərcüməsi isə sarı kağızlarda çap edilmişdir. Bu özü onların müxtəlif vaxtlarda yazıldığını göstərən məntiqi bir faktdır. “Təzkireyi Nəvvab”ın əlyazmasından əlavə, o təzkirənin Nəvvab tərəfindən ixtisarla tərtib edilmiş nəşr nüsxəsi də mövcuddur. O çapı diqqətlə tədqiq etdikdə mən Nəvvab əlyazmasında olmayan, Qarayevin də transfoneliterasiya və sözsüz ki, tərcümə də etmədiyi şairlərin adlarına və şeir nümunələrinə rast gəldim. O bioqrafiya və şeirləri şəxsən özüm tərcümə və transfoneliterasiya etdim. O zaman 1995-ci il çapında  transfoneliterasiya işini - bəzilərinin başa düşüb anlamadığı məsuliyyətli bir işi Qarayevin adına yazdım. Hər fars dilini bilən, əlifbanı bilən transfoneliterasiyanı dəqiq edə bilmir. Qarayev bu işin mahir ustası olduğundan, bütünlüklə onun adı ilə verdim, lakin bütün söz-söhbətdən sonra zəhmətə sahib durmaq üçün qərara gəldim ki, adımı o ağır və məsuliyyətli işin müəllifi kimi də təzkirənin yeni 2018-ci il çapında qeyd edim. Bütün bu dediklərimə sənəd-sübutların surəti mənim şəxsi arxivimdə, orijinalları isə institutumuzun kadrlar və elmi arxivində qorunur. İstənilən vaxt istənilən şəxs onları görə bilər. 


Mənim V.Musalını məhkəməyə vermək fikrim də yox idi, məsələni elmi müzakirə yolu ilə çözmək istəyirdim, bir il qovluqları özündə saxlayıb instituta qaytarmadığı və işə gəlmədiyi V.Musalıya Elmi şura xəbərdarlıq elan etdi, V.Musalı bu xəbərdarlığa görə institutu məhkəməyə verdi və qovluqları tədqiq etmək üçün özündə saxladığını deyərək, acı reallıq da olsa, hansı yollasa “qələbə” çaldı, məhkəmədə xəbərdarlığın ləğvi haqda qərar çıxarıldı. Mən bu haqsız qərardan əsəbləşərək onu plagiatçı olduğuna və mənə şər atdığına görə məhkəməyə verdim. Burada da “arxalı köpək qurd basar” məsəli öz işini gördü, Ədliyyə Nazirliyinin ekspertizası hər iki iddiada mənim haqlı olduğumu qeyd etsə də, məhkəmə çox absurd bir izahatla iddialarımı rədd etdi. Birinci məsələ üzrə “bu qədər plagiat faktının on gün ərzində ekspertlərin müəyyən etməsi qeyri-mümkündür” dedi, ikinci məsələ üzrə isə tərcüməçilərin və N.Qarayevin müvafiq illər üzrə hesabatlarını institut möhürü ilə hakimə təqdim etsəm də, bir söz deməyib, qərarda “qanunsuz yollarla əldə edilmiş sübutlar qəbul edilmir” yazıldı. Mən hüquq sistemindən əlimi üzüb elmi yollarla V.Musalını ifşa etmək qərarına gəldim, onun plagiatlığı haqda Müəllif Hüquqları Agentliyindən aldığım rəyi elmi şurada müzakirə etmək qərarına gəldim. Əsas məsələ kimi redaktor məsuliyyətini qoydum, V.Musalının plagiat kimi təsdiq edilən kitabına kim baxsa, onun rus dilindən tərcümə edildiyini hiss edərdi, lakin kitabın elmi redaktoru olan filologiya elmləri doktoru Nəsib Göyüşov bunu nədənsə görməmişdi. Bəlkə də o, kitabın üzünü belə çapdan çıxana qədər görməmişdi və adı bu kitaba nəşrin sanballı olması üçün yazılmışdı. Elmi şuranın gündəliyi elanlar lövhəsində asıldıqdan yarım saat sonra institutda özü olmadan bundan xəbər tutan V.Musalı öz kanallarını işə saldı. O zaman direktor əvəzi olan elmlər doktoru P.Kərimov ilə onun iş otağında mənbələrlə məşğul olduğumuz vaxt yuxarı instansiyalardan - AMEA humanitar bölməsi və Müəllif Hüquqları Agentliyindən zənglər gəldi, o məsələnin gündəlikdən çıxarılması, yumşaq desək, xahiş edildi. İş gününün qurtarmasına yarım saat qalmış, AMEA-nın o zamankı prezidenti akademik Akif Əlizadənin telefonda əsəbi və hədə dolu səsi eşidildi, o, məsələni Elmi şuradan çıxarmasaq, bizi işdən qovacağı ilə hədələdi. Beləcə, hacıxanım həmkarımın məsləhəti ilə işi Allaha tapşırıb, mübarizəmi saxladım. 

Əkrəm BağırovDosent, 

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri,filologiya üzrə fəlsəfə doktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər