"Azərbaycanın nəqliyyat dəhlizləri Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir”

"Azərbaycanın nəqliyyat dəhlizləri Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir” -Aqiyə Naxçıvanlı

Xəbər verildiyi kimi, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti işə başladı.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etdi. Sammitdə çıxış edən cənab Prezidentimiz Təşkilata üzv ölkələri maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etmişdir. İlk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Şimal-Cənub dəhlizi isə əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Aydındır ki, hər iki nəqliyyat dəhlizi birbaşa Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu isə, vacib tranzit mərkəzi olaraq ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın önəmini daha da artırır.”

Bu fikirləri sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində mülahizələrini bölüşən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı AZƏRTAC-a açıqlamasında  deyib.

Deputat qeyd edib ki, Azərbaycan tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını hər zaman fəal şəkildə dəstəkləyib. Eyni zamanda mövcud olan digər nəqliyyat dəhlizləri ilə müqayisədə Azərbaycan yüklərin məhz bizim ölkənin ərazisindən keçməklə daha əlverişli şərtlərlə qısa müddətdə və təhlükəsiz çatdırılmasını təmin edərək müxtəlif istiqamətlərdə tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub: “Bu gün biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir.

Heç şübhəsiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin də Səmərqənd Sammitində qeyd etdiyi kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrinin iştirakçı ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də şərait yaratmış olur. Beləliklə də, Azərbaycanın bir sıra hallarda təşəbbüskarı kimi çıxış etdiyi beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin inkişafına və ümumilikdə Avrasiya məkanında sülhün və təhlükəsizliyin bərqərar olması işinə xidmət edir”, - deyə A.Naxçıvanlı bildirib.


Daha sonra millət vəkili Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacağnı vurğulayaraq bunları deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar etməkdədir. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.Zəngəzur dəhlizi isə Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsidir. Əlbəttə, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin eyni zamanda da bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi