“COVID-19 immunitet sertifikatı”nın verilməsinə məhdudiyyət qoyulmalı idimi?

“COVID-19 immunitet sertifikatı”nın verilməsinə məhdudiyyət qoyulmalı idimi? - Elmi-tədqiqatlar nələrin üzərində dayanır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “COVID-19 immunitet sertifikatı” nın son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslərə şamil olunacağına dair qərarına hardasa,düzəlişlər edilməlidir.

 “COVID-19 immunitet sertifikatı” rəsmi olaraq, koronavirusa yoluxub sağalmış bütün şəxslərə şamil olunmaması narazılıqlarla müşayət olunmaqdadır.

Azərbaycanda narazılığa səbəb olan bu qərarla bağlı yekun nəticə çıxarılanda, ölkəmizdə virusa yoluxub sağalmış xəstələrlə bağlı uzunmüddətli müşahidələrə istinad edilməli, dünya alimlərinin elmi-tədqiqatları nəzərə alınmalı, yekdil kollegial qərar çıxarılmalı idi. Yəni, son 1 il 3 ay ərzində koronavirusa yoluxub sağalan şəxslərdən 2-ci dəfə virusa yoluxanları oldumu ki, “COVID-19 immunitet sertifikatı”nı son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslərə şamil edirik, digərilərinə yox? - sualı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəsmilərinə hakim kəsilməli idi.


                 MÜŞAHİDƏLƏR NƏ DEYİR?

Azərbaycanda pandemiya dövrünü əhatə edən 1 il 3 ay ərzində koronavirusa yoluxub sağalan şəxslərin ikinci dəfə virusa yoluxması müşahidə edilməyib. Bu barədə 1 %-li yekdil fikir yoxdu. Təbii ki, burada rəsmi qaydada qeydiyyata alınan xəstələrdən söhbət gedir. Həmçinin, bu şəxslərin koronavirusun müxtəlif mutasiyasına qarşı müqavimətini də nəzərə aldıqda, bu mərhələlərdə ikinci dəfə yoluxma qeydə alınmayıb.

                  

    ELMİ-TƏDQİQAT KORONAVİRUSA YOLUXANLARDA ANTİCİSİM BARƏDƏ NƏLƏRİN ÜZƏRİNDƏ DAYANIR?


Dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, Almaniyada alimlər tərəfindən aparılan elmi-tədqiqat işləri təkrar-təkrar bir qənaətin üzərində dayanır. Koronavirusa yoluxan və bu xəstəlikdən sağalan şəxslərdə antitellər yaranır. Koronavirusa təkrar yoluxmaya qarşı sədd rolunu oynayan antitellər verilən analiz zamanı qanda görünməyə bilər. Və yaxud verilən analizlərdə antitellər çox aşağı faizlə aşkarlana bilər. Bu isə xəstənin təkrar koronavirusa yoluxacağına dəlalət etmir. Koronavirusa təkrar yoluxma (peyvənd olunmuş şəxslər də nəzərdə tutulur) virusun mutasiyaları ilə bağlı ola bilər.


İnternet üzərindən axtarış verəndə bu fikirləri gücləndirən onlarla elmi-tədqiqatın nəticəsinə dayanan arqumentlərlə tanış olmaq olar. Məsələn qeyd edilir ki, vacib immunitet hüceyrələri virusa yoluxanların, yaxud ona qarşı peyvənd olunanların sümük iliyində yaşayır. Bunu 2 yeni araşdırma üzə çıxarıb. Bu barədə “Naturel” jurnalında dərc olunmuş araşdırmaya görə, yaddaş hüceyrələri sümük iliyində qalır. Bioloji tədqiqat saytı olan “BioRxiv” isə yazır ki, tədqiqata görə, B hüceyrələri ilkin yoluxmadan azı 12 ay (1 il) sonra yetişir və möhkəmlənir. Hər iki tədqiqat koronavirusa yoluxan şəxslər üzərində aparılıb. O da qeyd edilir ki, immunitet azı 1 il, hətta ömürlük də qala bilər. Tədqiqatın nəticəsində bildirilir ki, koronavirusdan sağalan şəxslərə əgər vaksin vurulsa belə, əlavə gücləndirici doza vurmağa ehtiyac yoxdu. Pensilivaniya Universitetinin immunoloqu Skot Hensli tədqiqatların yekunu olaraq, açıqlama ilə çıxış da edib. “Həyatımız boyunca koronavirusa təkrar yoluxma immunitetə görə yox, virusun mutasiyaları ilə bağlı olacaq”.

Nyu York Rokfeller Universitetindən Mişel Nussenzveqin fikrinə görə isə, SARS-COV-2-yə qarşı yaranan B yaddaş hüceyrələri o qədər güclüdür ki, virusun mutasiyasının qarşısını belə ala bilirlər. “Yoluxanlar və vaksinasiya olunanlarda həqiqətən qeyri-adi reaksiya yaranır, dəhşətli dərəcədə anticisim seriyası formalaşır və formalaşmaqda davam edir. Bu anticisimlərin uzun müddət qalacağını gözləyirəm”.

Göründüyü kimi, Azərbaycanda rəsmən koronavirusa yoluxub sağalmış şəxslərin narahatçılıqlarına və narazılıqlarına haqq qazandırmaq mümkündür. Bunu dünya alimlərinin tədqiqatları da təsdiqləyir. Bir də ki, “görünən dağa nə bələdçi”...

Ölkəmizdə 1 il 3 ay bundan əvvəl koronavirusa yoluxanlardan biri də təkrar yoluxmadı. Bu barədə rəsmi məlumat varsa, bu absurd qərarı çıxaranlar bir nümunə göstərsinlər. Buna və dünya alimlərinin tədqiqatlara söykənən araşdırmalarına, məntiqə, ölkəmizdəki müşahidələrə əsaslanaraq, “COVID-19 immunitet sertifikatı” təkcə son 6 ayda koronavirus analiz nəticəsi pozitiv olan vətəndaşlara deyil, rəsmən bu virusdan sağalan bütün insanlara şamil edilməli idi.

İnanırıq ki, Azərbaycanın istisnalıq təşkil etdiyi bu qərara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yenidən baxmaqla yaranmış narazılıqların qarşısını alacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

FUAD İSGƏNDƏROV

JURNALİST

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi