ƏƏSMN-dən Qüdrət Həsənquliyevə cavab:

ƏƏSMN-dən Qüdrət Həsənquliyevə cavab: Qeyri-qanuni “xahişlərini” və “arzularını” həyata keçirə bilməyən…

"Sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir".

Pravda.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov  millət vəkili Qüdrət Həsənquliyevin bugünkü çıxışına cavab olaraq şəxsi feysbuk hesabında yazıb.

 

Qurum rəsmisi bildirib ki, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb:

 

"Xüsusilə vurğulanmalıdır ki, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb.

 

İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib. Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub.

 

Son il yarımda ünvanlı yardım proqramı 2 dəfə genişlənərək 350 min üzvü olan 83 min ailəni əhatə edib, özünüməşğulluq proqramı da 2 dəfə artırılaraq 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib.

 

Digər tərəfdən, əlillik təyinatı sahəsində aparılan ciddi nəzarət tədbirləri və şəffaflıq nəticəsində 6000-dək saxta əlillik işləri ləğv edilib və illik 30 milyon manat dəyərində dövlət vəsaitinin saxta yollarla əlillik statusu əldə etmiş şəxslərə verilməsinin qarşısı alınıb".

 

F.Talıbov daha sonra əlavə edib: "Bunlar, sosial müdafiə sistemində qısa müddət ərzində əldə edilmiş uğurların kiçik bir hissəsidir və mütəmadi olaraq hesabatlar şəklində Milli Məclisə və ictimaiyyətə təqdim olunur. Bildirirəm ki, şəxsi maraqları naminə qeyri-qanuni “xahişlərini” və “arzularını” həyata keçirə bilməyən şəxslər böhtan xarakterli çıxışları və jurnalistikadan uzaq “reketçiliklə” ad qazanmış saytlara sifarişli yazıları ilə nazirliyin nüfuzuna və fəaliyyətinə kölgə sala bilməyəcəklər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi