Jurnalist aptekdəki biabırçılıqdan yazdı - Qəbz verilmir,vergidən yayınılır,səhər-səhər pul ...

Jurnalist aptekdəki biabırçılıqdan yazdı - Qəbz verilmir,vergidən yayınılır,səhər-səhər pul ... 

Şikayətçilər Səhiyyə Nazirliyinin Qaynar Xətti tərəfindən ələ salınır.

Hər şeyi necə varsa, elə də yazıram. Srağagün, yəni  6 fevral 2018-ci il tarixində Xətai metrosunun çıxışında, hündürmərtəbəli bir binanın birinci mərtəbəsində yerləşən "Xətai” adlı aptekdən 85 manatlıq (ünvanını dəqiq yazıram: Xətai metrosunun çıxışı, Y.Vəzirov küçəsi) dərman aldım.Həkim dərmanlara baxdıqdan sonra 17 manat 15 qəpik qiyməti olan "Preduktal MR" dərmanının lazım olmadığını bildirdi və aptekə qaytarmağı məsləhət gördü.

 8 fevral 2018-ci il tarixdə həmin dərmanı götürüb "Xətai” aptekinə gəldim. Pəncərəyə yaxınlaşıb bir gün əvvəl aldığım dərmanı qaytarmaq istədiyimi bildirdim. Xanım dərmanı əlinə alıb qutunun arxasına, üstünə, nömrəsinə, tarixinə, qutusuna və s. baxıb, "hə, bizdən almısınız, ancaq pulunu indi qaytara bilmərəm,”- dedi. Səbəbini soruşduqda, bildirdi ki, onlara səhər-səhər pul qaytarmaq  düşmür.

Dedim, "ay xanım, bura aptekdir, necə yəni səhər pul vermək sizə düşmür”. Mənim təkid etdiyimi görəndə dedi ki, müdir o biri qızdır, ona deyin. O biri qıza yaxınlaşıb vəziyyəti izah etdim, başa saldım ki, başqa pulum yoxdur, mümkünsə, indi qaytarın, mən çıxıb gedim, nə iş yerim, nə də ki, evim bura yaxındır, ikinci dəfə aptekə qayıtmaq mənim üçün çətin olacaq,dedim. Xanım mənim təkidimdən lap əsəbləşdi, " bilirsiniz, mən istədim sizə yaxşılıq edim”,- dedi. " Belədirsə qaytarmıram, gedin dərdinizi kimə deyirsiniz deyin”.

Bu, əslində mənə yox, Azərbaycan qanunlarına münasibət idi!

Nə isə... Dərdimi danışmaq üçün əvvəlcə  Səhiyyə Nazirliyinin 9103 Qaynar xəttinə zəng etdim. Telefonu  götürən şəxs çox hörmət və izzətlə dedi ki, siz başqa nömrəyə zəng etməlisiniz, apteklərə həmin idarə baxır. Həmin şəxsin dediyi kimi  bu dəfə Səhiyyə Nazirliyinin Dərman preparatları ilə bağlı şikayət və ya təkliflər adlı Qaynar Xəttinə zəng etdim. Oradan bir xanım mənimlə əlaqəyə girərək adımı, ünvanımı, telefon nömrəmi qeyd etdikdən sonra dedi ki, narahat olmayın, biraz sonra müfəttişimiz sizə zəng edəcək.

Çox keçməmiş 050 246 93 60 nömrəli telefondan mənə zəng gəldi və xanım qeyd etdi ki,sizin şikayətinizə mən baxıram. Dedim, adınız nədir? Mütəxəssis olduğunu bildirdi və adını deməkdən imtina etdi. Amma elə birinci cümləsindən başa düşdüm ki,bu xanım həmin aptekin nümayəndəsidir. Və ya, ən azı onun "vəkili" rolunda çıxış edir. O, əvvəl qeyd etdi  ki, külli-ixtiyar aptekdədir, istəsə dərmanı qaytarar, istəməsə qaytarmaz. Soruşdum ki, ümumiyyətlə, bu məsələ qanuni şəkildə necə həllini tapır. Xanım xeyli nala, mıxa vurduqdan sonra  Nazirlər Kabinetinin belə bir qərarı olduğunu bildirdi. Amma ardından daha  bir neçə şərt irəli sürdü:.. 

Çox keçmədən bir daha əmin oldum ki, Səhiyyə Nazirliyinin Qaynar xətti məni müfəttiş əvəzinə,aptekin işçisi ilə calaşdırıb. Bu da Səhiyyə Nazirliyinin vətəndaşların şikayət və ərizələrinə münasibəti. Yəni,səndən -sənə şikayət! 

Məni isə önəmli olan bir məsələ düşündürdü: Görəsən, Prezident Seçkiləri ərəfəsində insanları hər xırda məsələdə narazı salmaq, vətandaşlarla dövlət arasında uçurum yaratmaq kimə və nəyə lazımdır?  

... Bir məqamı da vurğulamaq istəyirəm. "Xətai” aptekində alıcılara çox halda qəbz verilmir. Dərman piştaxtaya qoyulduqdan sonra balaca bir kağız parçası yazılıb qapının yanındakı cavan oğlana ünvanlanır. Həmin oğlan da pulu aldıqdan sonra o kağızın üstünə nəsə vurub təzədən aptə işləyən xanıma qaytarır. Və beləliklə, dərmanlar üşün ödənilən vəsait Vergilər  Nazirliyinin gözündən uzaq şəkildə əllərdə dövr edir,vergidən yayındırılır. 

 İbrahim Quliyev

Azərbaycan Yazıçılar və 

Jurnalistlər Birliyinin üzvü


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi