RƏCƏB TAYYİB ƏRDOĞAN BİRİNCİ TURDA QƏLƏBƏYƏ DAHA YAXINDIR -

RƏCƏB TAYYİB ƏRDOĞAN BİRİNCİ TURDA QƏLƏBƏYƏ DAHA YAXINDIR - Səbəblər

Xəbər verdiyimiz kimi, dünya mətbuatı Ankaradakı prosesləri diqqətlə izləyir, Türkiyədə keçiriləcək seçkilərlə bağlı analizlər, təhlili yazılar dərc edilir.

Yəni, mayın 14-də baş tutacaq prezident və TBMM-nə seçkilərə dünya mətbuatı gündəm mövzulardan biri kimi diqqət ayırır. Eləcə də, qərb mediasında yer alan yazılarda "Millət İttifaqı"na yönəlik mövqe də sərgilənir, müxalif yönlü anket sorğularına əsaslanılır. Seçkilərin birinci turda yekunlaşmayacağını yazan dünyanın tanınmış media quruluşları da var. Bu mənada "Məmləkət" partiyasının sədri Məhərrəm İncə və "Ata İttifaqı"nın rəhbəri Sinan Oğanın səs faizləri üzərindən fikir yürüdülür, seçkilərin ikinci tura qalacağı təqdirdə, bu namizədlərin hansı ittifaqı dəstəkləyəcəyinə önəm verilir və yaxud Məhərrəm İncəyə səs verən seçicilərin "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib-dəstəkləməyəcəyi müzakirə edilir.

 Fərqli yanaşmalar, müqayisələr də var. Bu mənada bir müddət əvvəl Britaniyanın “İndependent” qəzeti “Metropoll” sorğu mərkəzinin açıqlamasına əsasən yazırdı ki, respondentlərin 42,6%-i Kılıçdaroğluna, 41,1%-i Ərdoğana, qalanları isə digər iki namizədə səs verəcəklərini bildirirlər, digəriləri isə qərarsızdırlar. Seçkilərin ikinci tura qalma ehtimalı çox böyükdür. “İndependent” onu da qeyd edirdi ki, seçki ikinci tura qalarsa, cənab Ərdoğanın şansı çox yüksəkdir.

 Bundan bir neçə gün sonra isə "Millət İttifaqı"na yaxınlığı ilə seçilən "Gezici" Araşdırma və İnkişaf Şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində 53,4 %-lə Kamal Kılıçdaroğlunun irəlidə olduğu vurğulandı. Eləcə də, sorğunun yekununa görə, seçicilərin digər namizədlər: 43,2 %-i Rəcəb Tayyib Ərdoğana, 2,1 %-i Muharrem İncəyə, 1,3 faizi isə Sinan Oğana səs verəcəyi bildirilib. Sorğuda iştirak edənlərin 55,2 %-i seçki növbəti tura qalacağı təqdirdə, Kılıçdaroğluna səs verəcəklərini vurğulayıblar. Yerdə qalan 44,8 % isə "Ərdoğan" deyib.

 Göründüyü kimi, Britaniyanın “İndependent” qəzeti seçkilərin ikinci tura qalacağını, ikinci turda isə "Cumhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanın qazana biləcəyini vurğulayarkən, aprel ayında və əvvəlki tarixlərdə "Gezici" Araşdırma və İnkişaf Şirkəti davamlı olaraq keçirdiyi rəy sorğusunda səslərin yüksək faizlə Kamal Kılıçdaroğlunun lehinə olduğunu bildirib. Eləcə də,seçkilərə 20 gün qalmış ORC-nin keçirdiyi sorğuda ikinci turun qaçılmaz olduğu, sorğu iştirakçılarının 49,3%-i Kılıçdaroğlunu, 42,4%-i Ərdoğanı, 6,1%-i Məhərrəm İncəni, 2,2%-i isə Sinan Oğanı dəstəklədiyi bildirilib.

Bu tarixlərə təsadüf edən digər bir şirkətin keçirdiyi rəy sorğusunda isə nəticələr fərqli olub. "Optimar" Araşdırma Şirkəti 1-7 aprel tarixində "seçim ilk turda bitərmi, seçimi kim qazanar? sualı ilə 4 mindən yuxarı seçici arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 53,4 %, K.Kılıçdaroğlu 42 %, Muharrem İncə 3,6 %, Sinan Oğan 0,9 % nisbətində dəyərləndirilib və seçkilərin də birinci turda bitəcəyi fikri irəli sürülüb. "Areda Survey” araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində isə "Cumhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan seçkinin birinci turunda qalib gələcəyi qeyd edilib.


Ümumiyyətlə, Türkiyədə elə də ciddi hesab edilməyən, sayları çox olan digər anket sorğuları həyata keçirən şirkətlərin açıqladığı rəqəmlərdən də belə anlaşılır ki, sorğular sadəcə seçici üzərində,cəmiyyətdə pisxoloji üstünlüyü əldə saxlamaq üçün nəzərdə tutulubmuş. Çünki, seçkilərin keçirilməsinə 10 gün qalmış son anket sorğularında "Millət İttifaqı"nın namizədi barədə açıqlanan real rəqəmlər 1 ay bundan qabaq açıqlanan hesabatla uyğunluq təşkil etmədi. Seçkinin birinci turda Kamal Kılıçdaroğlunun qələbəsi ilə nəticələnəcəyini əminliklə ifadə edən yaxın ətrafı, hazırda ikinci turun labüdlüyünü də inkar etmirlər. Son anket sorğularında isə Kamal Kılıçdaroğlunun toplayacağı səsin 44-45% aralığında olacağı fikri yekdildi. Son anket sorğularının nəticələrində artıq Rəcəb Tayyib Ərdoğanın irəlidə olduğuna dair fikir ortaya qoyulub. Amma"Cümhur İttifaqı"nın namizədinin irəlidə olması, "seçkinin birinci turda yekunlaşacağını təmin edə bilərmi?" buna da yüz faizli əminlik ifadə edilmir.Çünki, digər iki namizəd, Məhərrəm İncə və Sinan Oğanın səslərinin hansı həddə qədər yüksələcəyinə dair dəqiq təsbit yoxdur.


Beləliklə qeyd etməliyik ki, qarşıdakı seçkilər qardaş ölkədə iqtisadi sıxıntılara, inflyasiya faizinin yüksək olmasına görə hazırkı iqtidar üçün asan keçməyəcək. Amma bir sıra aşağıdakı önəmli faktorları diqqətə alsaq, 2023-cü il may ayının 14-də keçiriləcək prezident seçkilərində nəticə birinci turda "Cumhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lehinə olacağı kimi görünür.

               

                  BUNU AŞAĞIDAKI SƏBƏBLƏRDƏN İZAH ETMƏK OLAR:

1. Bildiyiniz kimi, "Altılı masa" ya CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İYİ Partiyası və Gələcək Partiyası daxildir, HDP də açıqdan-açığa Kılıçdaroğlunu dəstəklədiyindən masaya "yeddili masa" deyə bilərik.Ciddi fikir ayrılıqlarına rəğmən son anda "İYİ" partiyasının sədri Maral Akşənərin Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməkdən imtina etməsi, üç gün sonra təkrar masaya dönməsi müəyyən kəsim seçicidə ittifaqa qarşı ciddi inamsızlıq yaratdı. Üç gün boyunca CHP-lilərin Akşeneri sərt bir şəkildə tənqid etməsi, qarşılıqlı ittihamlar fonunda təzahür edən siyasi gündəmdə "daşlar yerinə oturmamış", HDP müstəqil namizədlə  seçkilərə qatılmayacağını elan etdi. Bununlada masanın altılı deyil, yeddili olduğu gündəmdə "bomba" effekti yaratdı. Son anda HDP-nin "Millət İttifaqı"nın vahid namizədini dəstəkləyəcəyini elan etməsi isə millətçi seçməndə, milli görüşdə, xüsusilə "altılı masanın" milliyyətçi nüvəsi hesab edilən "İYİ" partiyasında narazılıqlara səbəb oldu. Bu ilk əvvəl "İYİ" partiyasının sədr müavini, partiyada sağ millətçi kəsimi təmsil edən Yavuz Ağıralioğlunun və yüzlərlə sıravi partiya üzvlərinin istefası ilə nəticələndi. Dalğalanmalar özlərini milli görüşü təmsil edən "Səadət"çilərdən də yan keçmədi. Hər iki partiyanın tabanlarında, təşkilatlarında narazılıqlar baş qaldırdı.

 İrəliləyən həftələrdə isə Demokratik, Səadət, DEVA və Gələcək Partiyalarına millət vəkilliyi üçün 76 dairənin güzəşt edilməsi, ümumilikdə səsləri yüzdə üç faiz qiymətləndirilən (3/100) bu 4 partiyanın namizədlərinin CHP-nin vahid siyahısından TBMM-ə seçilmək üçün irəli sürülməsi, "İYİ" sədrinin də bu partiyaların 76 namizədinin irəli sürüldüyü dairələrdən ən azı 40 millət vəkili çıxartmaması, partiyada əsəbləri tarıma çəkdi. Hətta CHP-nin, İYİ-nin güzəştə getdiyi dairələrdən DEVA və Gələcək partiyalarından adı FETÖ, PKK ilə birgə çəkilən Sadullah Ergünün Çankayadan, İdris Naim Şahin və digərlərinin önəmli ərazilərdən namizəd göstərilməsi CHP-də narazılıqlarla, İYİ-də isə kütləvi istefalarla müşayiət olundu,"Səadət" partiyası qınanıldı.Yəni, Atatürkü aşağılayanlara məclisə girmə imkanları yaradılması, hər üç partiyanın tənqid edilməsinə şərait yaratdı. Bu şəkillənən siyasi tərz CHP və İYİ-ni FETÖ, PKK ilə iş birliyində suçlayanların nisbətini bir az da çoxaltdı, siyasiləri Kandildən, İmralıdakı həbsxanadan və Pensilvaniyadan idarə olunduğu iddiaları ilə üz-üzə qoydu, "Millət İttifaqı"na inamsızlıq artdı, iqtisadi çətinliklərə rəğmən "Cümhur İttifaqı"nın mövqeyi gücləndi, TBMM-də məclis çoxluğunun da AKP-nin tərəfində olacağı ehtimalını yüksəltdi.

2. Məlumdur ki, CHP rəsmiləri özlərini seçici qarşısında, telekanallarda təşkil olunan müzakirələrdə, seçki üçün nəzərdə tutulmuş videoroliklərdə və s. Mustafa Kamal Atatürkün qurucusu olduğu partiyanın siyasi-ideoloji xəttinə sadiq qalmaqda ifadə edirlər. Sözdə yekdil fikir, əməldə isə fərqlilik seçicinin gözündən yayınmır, millətçi şəxslərin, milli görüşçülərin, yazarların, təhlilçilərin yanaşmasında başqa münasibətin mövcudluğuna yol açır. Məsələn, Türkiyədə cərəyan edən seçki prosesinə nəzər yetirən bilər ki, müəyyən faiz millətçi seçmən sual edir: nəyə qarşılıq HDP "Millət İttifaqı"nın namizədini dəstəkləyir? Bu cür yanaşma Mustafa Kamal Atatürkün qurucusu olduğu CHP-nin, uşaq qatili PKK-nın siyasi xəttini yürüdən HDP ilə vahid mövqedən çıxış etməsində düzgündürmü?

Nədən, CHP Atatürk Düşüncə Dərnəyinin başqanı Hüsnü Bozkurtu ciddiyə almadı, dərnəyin ən sağlam millətçi şəxsindən bir neçə üzvünün CHP-dən TBMM-ə namizədliyinin irəli sürülməsini həyata keçirmədi, Qazi Mustafa Kamal Atatürkü aşağılayan fikirlər səsləndirən şəxslərin millət vəkilliyinə "yaşıl işıq" yandırdı. Müxalifət FETÖ və PKK-ya nə söz verdi ki, HDP seçməni, o cümlədən, Səlahəddin Dəmirtaş Kamal Kılıçdaroğlunun dəstəklənməsini istəyir. Təbii bu şəkillənmiş siyasi vəziyyət isə "Millət İttifaqı kənardan idarə olunur" fikirlərini gücləndirdi, prezidentliyə namizədin akorduna mənfilərlə yazıldı. Çünki fərqinə varılsa, burada inandırıcılıq faizi yüksəkdi. Belə ki, FETÖ-nün 2016-cı il 15-16 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişinə cəhdi baş tutmadıqdan sonra qərbdə müəyyən siyasi dairələr Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən aparmağın yolunu 2023-cü ilin prezident və TBMM-nə keçiriləcək seçkilərdə gördülər, bunu heç gizlətmədilər də, açıq söylədilər. Paytaxt Vaşinqtonda yerləşən Amerika Sahibkarlıq İnstitutunun (AEI) ekspertlərindən olan Maykl Rubin çevriliş cəhdindən dərhal sonra yazdığı "Türkiyədə çevriliş niyə ümid deməkdir" başlıqlı məqaləsində qanlı cəhdin Türkiyə üçün "yaxşı bir şey" olduğunu və "yalnız bu yolla qurtulmağın mümkün olduğunu" müdafiə etdi. Bir müddət sonra isə qərbdə 2023-cü ildə keçiriləcək seçkilərə ümid edildi. Bu önəmli faktor seçiciyə kimə səs verməli olduğu qənaətində,Ərdoğanı seçməyə üstünlük verir.

3. "Altılı masa" yaradıldığı və bu masaya CHP, Demokratik, Səadət, DEVA, İYİ və Gələcək Partiyaları daxil olduğu, 1 ildən çox müzakirələr aparıldığı müddətdə "Məmləkət" partiyasının sədri masaya dəvət edilmədi. Bəlkə də, 2018-ci il prezident seçkilərindən sonra Kamal Kılıçdaroğlu ilə Məhərrəm İncənin arasında yaşanmış hüsumət və ya "Məmləkət" partiyasının səslərinin 1/100 (yüzdə bir) olduğu qənaətindən İncə xəfifə alınmadı. Kılıçdaroğlu keçmiş CHP başqanı Dəniz Baykala, Türkiyə prezidentləri Sezər və Gülə gedərkən Məhərrəm İncəyə məsafəli davrandı, onu fokus məsafəsində saxladı. Əslində CHP-yə 40 ildən çox hizmət vermiş, 2018-ci ilin prezident seçkilərində Ərdoğana qarşı 30/100 (yüzdə otuz) faiz səs toplamış, bir sıra proqnozları ilə özünü təsdiqləmiş, sahədə kütləyə nüfuz etməkdə çətinliyi olmayan, kreativ fikirləri, siyasi təhlil imkanları ilə Kılıçdaroğlundan və komandasından fərqlənən Məhərrəm İncə diqqətdən kənarda qalmamalı idi. Kamal Kılıçdaroğlu səhvini düzəltmək istəyəndə isə artıq gec idi. "Məmləkət" rəhbərinin namizədliyini YSK təsdiqləmiş, İncə prezidentliyə namizəd kimi 100 mindən artıq imzanı toplamışdı. O,artıq üfüqdə yenicə parlayan ulduz kimi gənclərin sevimlisinə çevrilmişdi, fərqli siyasi dəsti-xətt yürüdüb, 3-cü qüvvə kimi siyasi meydana atılmışdı. Müxtəlif yaş qruplarından dəstək alan İncə üçün geriyə də yol buraxılmamışdı. Ona edilən istənilən təklif qarşılığında "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun dəstəklənməsi gələcək siyasi karyerasının sonu ola bilərdi.Məhərrəm İncənin geriyə addım atmayacağı anlaşıldığı təqdirdə isə o, CHP-lilər tərəfindən linc edilməyə başlanıldı. Hətta müxalifətə yaxınlığı ilə seçilən anket sorğularının nəticələrində "Məmləkət" rəhbərinin səslərinin 2/100 (yüzdə iki) civarında qərarlaşmasına qədər olan xəbərlər, onun "təslim" edilməsinə hesablanmışdı. O, isə "əgər Kılıçdaroğlu birinci turda 60 % nəticə ilə qələbə qazanacaqsa, 58/100-lə (yüzdə əlli səkkiz) də qazana bilər, mənim 2 %-lik səsimə nə ehtiyac var", -deyib yoluna davam etdi. Bununla da CHP-dən narazıları,müəyyən faiz qərarsızları, gəncləri öz tərəfinə çəkə bildi. Seçki nəticələrinin 4/100 (yüzdə dörd) səviyyəsində gözlənildiyi "Məmləkət" rəhbərinin "Millət İttifaqı"na daxil olan Demokratik, Səadət, DEVA və Gələcək Partiyalarının cəmindən 2 dəfə güclü olduğu anlaşılır. Yəni Kılıçdaroğlu vaxtında İncənin imkanlarını dəyərləndirə bilmədisə, onun CHP-lilər tərəfindən tənqid olunmasını da dayandırmadısa, qələbəni rəqibinin lehinə birinci tura tətiklədi, hətta seçkilərin ikinci tura qalacağı təqdirində, barışığa yer buraxmamış oldu. Bununla dərin siyasətçi olmadığı müəyyənləşdi, seçicinin gözündə etibarsızlaşmağa başladı.

4. Bildiyiniz kimi, Türkiyə seçkilər ərəfəsində olduğu bir zaman kəsiyində Kahramanmaraş, Qaziantep, Adıyamanla yanaşı, digər ərazilərində 7,5 bal gücündə zəlzələlər baş verdi. Əsrin bu fəlakətli hadisəsi zamanı kütləvi dağıntılar, insan tələfatı yaşandı. Sanki Tanrı bəndəsini, Rəcəb Tayyib Ərdoğanı imtahan edirmiş kimi davrandı. Zəlzələ nəticəsində 13 milyondan çox insan evini itirmiş vəziyyətə düşdü. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və komandası zəlzələ baş vermiş ərazilərdə insan tələfatının miqyasının artmaması, təxirəsalınmaz tədbirlərin görülməsi üçün kordinasiyalı işləməyin labüdlüyünü qaçılmaz bildiyi bu anlarda müxalifət təbiət hadisəsini kənardan müşahidə etməyə üstünlük verdi. Zəlzələnin baş verməsindən 24 saat keçməmiş CHP-lilər, HDP-lilər "altılı masa"ya daxil partiyalar iqtidarı zəlzələyə qarşı vaxtında tədbir görməməkdə günahlandırdılar. Rəcəb Tayyib Ərdoğanı hər vəchlə tənqid edən müxalifətin bu ərəfədə də reytinq üçün danışdığı sezilirdi. İqtidarın baş vermiş zəlzələ hadisəsinin öhdəsindən gələ bilməyəcəyi önə sürülürdü, hakimiyyətin nüfuzdan salınması istiqamətində kampaniya başladılırdı. Siyasi divident qazanmağın nəyə hesablandığı bəlli idi. Bu mənada müxalifət iqtidarı siyasi polemikaya çəkərkən, siyasətçiyə xas olan bir şəkildə Rəcəb Tayyib Ərdoğan və komandası danışmadı, nazirlərin üzlərini təraş etməməsindən belə görünürdü ki, onları baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasından başqa heç nə düşündürmür.

 Sakit tərz o saatlara qədər davam etdi ki, zəlzələ bölgəsində sürətli çalışmalar zamanı ortaya çıxan təlatümlü vəziyyət səngidi, Ərdoğan komandası ilə sahəyə endi, bununla hər şey nəzarət altına alındı. İlk andan Ərdoğanın faktlara əsaslanan fikirləri birbaşa müxalifəti hədəf aldı. Zəlzələdən siyasi məqsədlər üçün istifadə edənlərin vəziyyət əleyhinə işlədi. Bir neçə həftədən sonra zəlzələ bölgəsində minlərlə evin təməl atma törənlərində iştirakı, aprel ayında bir sıra həyət evlərinin açarlarının sahiblərinə təqdim edilmə mərasiminin təşkili müxalifəti şok etdi,vətəndaşlarda isə "etsə yenə də Ərdoğan edər" fikrini şüuraltı gücləndirdi. Hətta həmin ərəfədə əks cavab həmləsi kimi CHP-nın İstanbul Böyükşəhər Bələdiyə Başkanı Əkrəm İmamoğlunun 4 il bundan qabaq seçicilərinə vəd etdiyi 14 önəmli məsələnin hələ də həllini tapmaması, İBB-nin yüksək faizlə borclanması İstanbulluların yadına salındı, vəziyyət bu dəfə Kılıçdaroğlu üçün pis şəkil aldı. Yəni müxalifət zəlzələ baş verdiyi andan iqtidarı günahlandırmaqdansa, bölgələrə gedib əvvəlcədən əməli işlə məşğul olmalı idi. Çünki, AKP bütün seçkilərdə zəlzələ baş verən bölgələrdə ən yüksək faizlə səs topladığı bəllidi.Bu nəzərə alınmalı idi. "Millət İttifaqı"nın namizədi və partiyadaşlarının siyasi səhvi nəticəsində "Cümhur İttifaqı" zəlzələ baş verən bölgələrdə səs üstünlüyünü saxlamış oldu.

5. Türkiyədə 2023-cü il seçkiləri müxalifət üçün əgər önəm kəsb edəcəksə, onlar TBMM-də deputat sayında da çoxluq ilə təmsil olunmalıdırlar. Hazırkı vəziyyətə nəzər yetirdikdə, AKP məclisdə 285 millət vəkili ilə təmsil olunur. Bir sıra qanunların qəbulunda və təkmiləşdirilməsində AKP-li millət vəkillərinin mövqeyi MHP ilə uzlaşır, vahid mövqedən çıxış edilir. Nəzərə alsaq ki, "altılı masa+HDP" qələbə qazanacaqları təqdirdə, bəyənmədikləri bir sıra qanun və idarəetmə modelini dəyişmələri üçün onlara məclisdə də çoxluq lazımdı, bu da yüzdə-yüz mümkün görünmür. Belə ki, "Cümhur İttifaqı"na daxil partiyalar prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləsələr belə, TBMM-də seçilmək üçün bir çox dairələri uzlaşdırmaqla seçkilərə müstəqil qatılıb. Digər tərəfdən, AKP-nin TBMM-ə seçkilərə bir sıra dairələrdən ən nüfuzlu nazirləri, eləcə də həkim, hüquqşünas, mühəndis, pedaqoq və digər sahələri təmsil edən gəncləri irəli sürdüyünü görürük. Siyahıda iş adamları da var və bu namizədlərin əksəriyyətinin yaş qrupu 30-50 aralığındadır. Bu önəmli faktoru "Millət İttifaqı"na daxil partiyaların namizədlərinə bir o qədər şamil etmək olmur. Görünür ki, "altılı masa" ya daxil CHP və İYİ istisna olmaqla - Demokratik, Səadət, DEVA və Gələcək Partiyaları müstəqil şəkildə TBMM-də təmsil olunmaq üçün namizədlərini irəli sürsələrdi, barmaqla sayılacaq sayda şəxslə məclisdə təmsil oluna bilərdilər. Yəni 4 partiyanın hər birinin 0,5/100 (yüzdə sfır onda beş) və ya 1/100 (yüzdə bir) %-lik səs oranına malik olması, heç nəyi dəyişməyəcəkdi. Üstəlik bu partiyaların müəyyən faiz seçicisinin prezidentliyə namizədi Kılıçdaroğlunu da dəstəkləməyəcəyi uyğunsuzluğu görünürdü. Ona rəğmən 4 partiya CHP-nin siyahısından seçkilərə qatıldı.Bu yanaşma isə CHP və İYİ partiyalarında böyük narazılıqlara yol açıb, 76 və ya 77 dairə üzrə tanınmış simaların kənarda qalmasına səbəb olub.Bunun üstünə bu partiyaların TBMM-nə irəli sürdüyü bir neçə namizəd barədə də ziddiyyətli fikirləri gəlsək, hələ də müzakirə mövzusu olan bu məsələdə CHP və İYİ səhvə yol veriblərmiş kimi görünürlər. Yaranmış vəziyyət isə AKP-nin çoxluqda: TBMM-də azı 295-300 millət vəkili ilə təmsil olunması anlamına gəlir, partiya üçün müsbət avantaj hesab olunur. Hətta bu amillin digər psixoloji üstünlüyü də odur ki, seçkilər ikinci tura qalarsa, Rəcəb Tayyib Ərdoğan qalib görünür.

6. Türkiyədə 14 may 2023-cü il seçkilərində seçici üçün maraq kəsb edən tərcihlərdən biri də ittifaqlar mövzusudur. Yəni seçici hansı ittifaqda, hansı partiyanın yer almasına da önəm verir. Bu mənada bir paralel aparanda görünür ki, "Cümhur İttifaqı" bu anlamda da yaxşı mövqedədir. "Millət İttifaqı"nda aparıcı partiya olan CHP cümhuriyyət dövrünün siyasi təşkilatı hesab edilib, adı qurucusu olan qazi Mustafa Kamal Atatürklə bağlansa da, bir çox təhlilçilərin, yazarların qənaətinə görə, CHP-nin 1938-ci ildən bu yana yürütdüyü siyasi xətt Mustafa Kamal Atatürkün hədəfləri, prinsipləri ilə ziddiyyət təşkil edir. Xüsusilə, İsmət İnönünün Türkiyəyə rəhbərlik illəri CHP bucağından baxdıqda yaxşı xarakterizə olunmur. İttifaqda yer alan İYİ partiyasına gəlincə, bu siyasi təşkilatda millətçi kəsimi təmsil edən şəxslərin MHP-dən ayıran şəxslərdən təşkil olduğu qənaətindən qaynaqlanır. Ona görə də, "Millət İttifaqı"na daxil partiyaların içində "İYİ" partiyası milliyyətçi kəsimi təmsil edən, bir siyasi təşkilat hesab edilir. "Səadət" partiyası qismən istisna olmaqla, Demokratik, DEVA və Gələcək Partiyaları xüsusi siyasi çəkiyə malik hesab edilmir. 4 partiyadan 2-si DEVA və Gələcək Partiyalarının rəhbərlərinə nəzər yetirəndə Əhməd Davudoğlu, Əli Babacanın AKP-də təmsil olunduqları, zamanla nazir işlədikləri müəyyənləşir. Qaldı, "Millət İttifaqı"nı dəstəkləyən "7-ci"-yə, bu HDP və onun qəyyum partiyası Yaşıl Sol Partiyasıdır. Türkiyədə 2023-il keçiriləcək prezident seçkilərində HDP-nin vahid namizədlə seçkilərə qatılmaması, Kılıçdaroğlunu dəstəkləməsi "Səadət", "CHP" və "İYİ" partiyalarına heç də yaxşı siyasi atmosfer qazandırmır. Yəni ki, CHP və İYİ partiyaları HDP-nin "Millət İttifaqı"nın prezidentliyə namizədini dəstəkləməsinə yox desələrdi, "altılı masa" üçün mövcud siyasi situasiyanın daha cəlbedici olduğunu görmək olardı. Düzdür, HDP-nin 10 %-lik bir səsi var. Amma HDP-nin "İYİ" partiyasının da dəstəklədiyi bir namizədi dəstəkləməsi "İYİ"-nin səslərinin əriməsinə səbəb oldu, digər tərəfdən qalxmaqda olan bu partiyanın seçkilərdən sonrakı taleyini də sual altında qoydu. Müəyyən millətçi-mühafizəkar seçməni "İYİ" və "Səadət" partiyalarından küsdürdü, Maral Akşenərin millətçi dəyərlərə sahibliyində siyasi dartışmalara səbəb oldu.Mövzu HDP olarkən, Fransada səsvermə üçün növbələrdə gözləyən türk vətəndaşlarına kürdlər tərəfindən edilən basqın isə Türkiyədə yaxşı qarşılanmadı.

"Cümhur İttifaqı"na nəzər yetirdikdə, bu birlikdə təmsil olunan partiyaların zəngin tarixi keçmişinə varılır. Tarixi siyasi irsi yaşadan bu partiyalardan birincisi Milliyətçi Hərəkat Partiyasıdır (MHP). Bu partiyanın qurucusu Alparslan Türkeş olub. Millətçi Alparslan Türkeşdən sonra partiyanın lideri Dövlət Baxçalıdır. Dövlət Baxçalının kimliyi, vətənpərvərliyi, yürütdüyü siyasi xətt gün kimi Türkiyə ictimaiyyətinə bəllidir. İttifaqda təmsil olunan digər partiya qardaş ölkənin tarixində yeri və mövqeyi olan Rifah Partiyasıdır. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfi hesab edilir, rəhbəri Nəcməddin Ərbakan olub. Partiya siyasi məhrumiyyətlərə, çətinliklərə düçar olub və bağlanıb. 23 Noyabr 2018-ci ildən isə Türkiyədə milli görüşə uyğun siyasi fəaliyyət göstərir, sədri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakandır. 1994-cü ildə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul bələdiyyəsinə sədr seçilib.

 İttifaqda Demokratik Sol Partiyası (DSP) da var. Hal-hazırda Öndər Ağsakal partiyanın rəhbəridir. Qeyd edək ki, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən DSP-nin qurucusu Türkiyənin mərhum baş naziri Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit olub. Partiya 14 noyabr 1985-ci il tarixində qurulub. Eləcə də, Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici (BBP) "Cümhur İttifaqı"nın vahid namizədini dəstəkləyir. Həmçinin "Cümhur İttifaqı"na 2023-cü il seçkilərində dəstək verən Rifah, Demokratik Sol, Böyük Birlik partiyaları hazırkı seçkilərdə milli mövqedən çıxış edir, müdafiə sahəsində, xarici siyasətdə, təhsil, səhiyyə, sosial sahələrdə Rəcəb Tayyib Ərdoğan iqtidarının gördüyü işləri müsbət xarakterizə edirlər. "Millət İttifaqı"nda yer alan Demokratik, DEVA və Gələcəkdən təşkilati baxımından da oturuşmuş, daha güclü partiya hesab olunurlar. Türkiyədə seçicinin qəsd etdiyi önəmli faktorlardan biri də odur ki, "Cümhur İttifaqı"nda yer alan partiya sədrlərinin, "Millət İttifaqı"nda təmsil olan partiya rəhbərləri kimi başqan yardımçısı və s. olmaq fikirləri yoxdur, milli mövqeyi əsas götürüb ittifaqda təmsil olunurlar.

7. Və ən önəmlisi odur ki, seçici Türkiyədə 14 may 2023-cü il seçkilərində namizədlərin gördüyü işlərə, həyata keçirdiyi layihələrə, ölkənin gələcəyi ilə bağlı verilən vədlərə, mitinqlərdə çıxışçıların danışıq üslubuna, tərzinə və mühakiməsinə də diqqət yetirir. Yəni səs xatirinə edilən istənilən sünilik diqqətdən kənarda qalmır. Bu mənada bir tərəfdə mövcud iqtidarın gördüyü işləri küçümsəyən, həyata keçirilməsi reallıqdan uzaq görünən vədlərlə gündəm yaratmağa çalışan "Millət İttifaqı", digər tərəfdə gördüyü işlərlə, açılışını etdiyi layihələri ilə müxalifəti həm də tənqid edən "Cümhur İttifaqı" yarışır. Düzdür, dünyada baş alıb gedən iqtisadi sıxıntı, yüksək inflyasiya həddi Türkiyədə də var və hazırkı iqtidarın dövrünə təsadüf edir, amma "Millət İttifaqı" namizədi və komandasının verdiyi xəyali vədlərə baxdıqda iqtisadi sıxıntının onlar tərəfindən yaxın bir ildə həll ediləcəyi də uyğun görünmür.Yəni bu seçiciyə bir o qədər yansımır. Kamal Kılıçdaroğlunun "xaricdən 300 milyard dollar gətirəcəm, 418 milyard dolları beşli çetenin cibindən çıxarıb sizlərə qaytaracam, uyuşdurucu baronlarından milyardları alacam" və s. fikirləri seçicinin səsinə hesablanmış söz yığnağı kimi qiymətləndirilir. Kənd təsərrüfatı ilə məşğul olanlara, gənclərə, ailə qurmaq istəyənlərə, sosial təminata bağlı olan təbəqəyə verdiyi xəyali vədlər isə adama rəhmətlik Əbülfəz Elçibəyin 1992-ci il prezident seçkilərində rəqibi, Müstəqil Azərbaycan Partiyasının sədri, mərhum Nizami Süleymanovun sözlərini xatırladır. Bunları hansı iqtisadi mexanizm üzərindən həyata keçirəcəyinin formulası isə açıqlanmır. Məsələn, əməkli maaşı 21 minə qədər yüksələcəyi vədi heç də seçicilər tərəfindən birmənalı qarşılanmır. Eləcə də, Kamal Kılıçdaroğlunun "mən aleviyem" deməsi, mənsəb siyasəti yürütdüyü kimi anlaşılıb, səs xatirinə bunun yolverilməz olduğu pis bir şəkildə qınanılıb. Digər birinin onu "peyğəmbərin soyundanmış" şəkilində vurğulaması, səs xatirinə edilən hərəkət kimi qarşılanıb. Mitinqlərdə soğanın, patatesin üzərindən çıxış etməsi, rabitəsiz danışması, seçki marafonunda silahdaşı Əkrəm İmamoğlunun isə "az qaldı", "sizi qucaqlayıram", "hər şey gözəl olacaq", "sizi bağrıma basıram", "sizinlə görüşməyə gəldim", “sevimli dostlarım bu məmləkəti bir-birindən ayırmayacağıq" sözlərini bir mitinqdə, dəfələrlə təkrarlaması,bəsit danışıq üslubu, paralellər aparmaması Kılıçdaroğlu üçün insanlarda istənilən şüur altı zəminin yaradılmaması kimi görünür.

Kamal Kılıçdaroğlunun rəqibi "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan isə seçki mitinqlərini əsasən açılışlarını etdiyi layihələr üzərindən yürüdür. Örnəklər: O, son bir ayda Türkiyənin Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən yaradılmış “İMECE” peykinin kosmosa göndərilməsinin üstünlüklərindən, ilk yerli elektromobili - "Togg"un istehsalının iqtisadiyyata verəcəyi töhvələrdən, dünyanın ilk SİHA gəmisi "TCG Anadolu" nun ordunun immanterinə verilməsinin dəniz donanmasına qatacağı güc qatqısından, açılışlarında iştirak etdiyi "Altay tankı"nın, "Atak helekopter" nin quru qoşun növlərinə verəcəyi dəstəyin müsbət tərəflərindən danışdı.Onun bu fikirlərinin seçicidə müsbət təmayüllərə səbəb olacağını inkar etmək mümkünsüzdü. Eləcə də, onun Atatürk Hava Limanında Türkiyənin aerokosmik və texnologiya festivalı – "Teknofest -2023" açılışında İHA, SİHA, "Qızıl alma", Türkiyə istehsalı olan “Hürjet” səsdən sürətli reaktiv təyyarəsinin, ilk qırıcısı milli döyüş təyyarəsi - Kannın ordunun gücünə - güc qatacağından, hava məkanında üstünlüklərindən, bununla milli maraqların ən üst səviyyədə qoruna biləcəyini millətinə çatdırması,ordunun güclü olmasının labüdlüyünü tarixi baxımdan vəsiyyətlərin, prinsiplərin, istəklərin reallaşdığı kimi xarakterizə edib danışması seçicidə ümid dolu günlərin qarşıda olacağı qənaətini qətiləşdirdi. Mitinqlərdə paralellər apararkən tarixə ekskursiya etməsi, şairlərə, mütəfəkkürlərə xitabən danışması, Rəcəb Tayyib Ərdoğan rəqibi və komandasından daha fərqli siyasətçi olduğu anlamını bir daha təsdiqlədi. Bu mənada Rəcəb Tayyib Ərdoğanın İzmir mitinqindəki çıxışı namizədlərə xüsusi yanaşmanı ortaya qoydu.

Ərdoğan danışarkən on minlərlə türk vətəndaşları göz yaşlarını saxlaya bilmədi, qəhr onları boğdu. Qazi Mustafa Kamal Atatürkün, Nəciməddin Ərbakanın istəklərinə prinsiplərinə bərabər tutulan layihələrin həyata keçirilməsindən söz açarkən,onun əzmi və siyasi iradəsi mövqe üstünlüyünü qoruyub saxlayırmış kimi görünürdü.Onun Ankara, İstanbul, Adana, Rizə, Antalya, Konya, Ərzurum, Trabzon və bir neçə böyük şəhərlərdə keçirdiyi mitinqlər sanki gördüyü işlərin hesabatı kimi anlaşılıb, mitinqlərin də kütləviliyi diqqət çəkdi.O, İstanbulda yüzminlər  qarşısında çıxış edərkən yerlərdə kameralara tuş gələn seçicilərin üz ifadələrindən anlaşılırdı ki, tarixi yanaşmadan irəli gələn bu işlər barədə danışmaq bir misiya kimi bundan sonra da Ərdoğana həvalə edilib.

 Həmçinin, Cümhuriyyətin qurulmasının 100-cü ildönümündə "İstanbul Maliyyə mərkəzi", Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyası, Konya vilayətində Avropanın ən böyük Günəş Elektrik Stansiyasının (GES) açılışları, Türkiyənin Qara dənizdə aşkarladığı "Sakarya" yatağından gün ərzində 10 min kub metr mavi yanacağın qırağa çıxarılması,elektrik və mavi qaza olan təlabatın müəyyən faizinin daxili imkanlar hesabına ödəniləcəyini təsdiqlədi. Bu günlərdə Türkiyənin Cudi və Qabar dağlarında neft yataqlarının kəşf edildiyinin açıqlanması isə qarşıdakı illərdə iqtisadi nizamlamanın mümkünlüyünün Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə təsadüf edə biləcəyi ehtimalını bir az da gücləndirdi. Bununla da Mustafa Kamal Atatürkün prinsiplərinin, sənayeləşməyə üstünlük verən təsbitlərinin kimin tərəfindən təminata alındığı yanaşması seçicinin tərcihinə buraxıldı.

 Altaydakı Batareya zavodunun açılışı 68 min kvadrat metr, 218 yataqlı "KOCAELİ" Şəhər Xəstəxanasının istifadəyə verilməsi, Adanada " ŞƏHİDLƏR KÖRPÜSÜ", möhtəşəm Ziqana tunelinin istismara verilməsi, kilometrlərlə yeni yolların, körpülərin, tunellərin, su barajlarının və s. açılışlarının edilməsi Türkiyənin dörd bir tərəfində baş verdi.Yəni, mitinqlər qırmızı lentlərin kəsilməsi üzərindən yürüdüldü, təbii bunlar da seçiciyə bir ümid verdi. Burada: əsgəri zam və hücrətə edilən əlavələr, 2000 min TL bayram ikramiyyəsi, yaş senzi nəticəsində ilkin olaraq, 2500 milyondan çox vətəndaşa təqaüdün tətbiqi, kiçik biznes sahiblərinin vergidən azad ediləcəyi,gənc ailələrə 2 illik faizsiz kreditlərin veriləcəyinin elanı, mətbəxdə və isti su üçün istifadə olunan maye qazın 1 il ödənişsiz tətbiqi, uşaq sayının nəzərə alınması səbəbilə ev qadınlarına dövlət tərəfindən müəyyən faiz təqaüdlərin verilməsi və s. onlarla digər sosial sahəni əhatə edən güzəştlər də nəzərə alınsa, prezident seçkisinin birinci turda "Cümhur İttifaqı"nın namizədinin lehinə bitəcəyi kimi görünür.

Təbii burada yuxarıda qeyd etdiyimiz kimi, Mühərrəm İncə və Sinan Oğanın səs faizlərinin ümumilikdə 5/100(yüzdə beş) yüksək olmayacağı təqdidə, fikrimiz əsas götürülür. Bu halda seçkinin birinci turunda Rəcəb Tayyib Ərdoğanın 0,5-lə də olsa 50/100 (yüzdə əlli) %-i keçib, qələbəsini təmin edəcəyini təxmin etmək olar.

 FUAD İSGƏNDƏROV

 FAKTİNFO.AZ


















Birinci məlumatlanmaq üçün facebook səhifəmizi